Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:56

Kəlbəcər köçkünü məskunlaşdığı rayonun icra başçısından şikayət edir


Arxiv fotosu
Arxiv fotosu

-

"Ağsu rayonunda məskunlaşan şəhid və məcburi köçkün ailəsi illərdir ki, uçuq bağçada yaşamağa məcburdur. Nə Ağsu, nə də ailənin qeydiyyatda olduğu Kəlbəcər icra hakimiyyəti şəhid ailəsini evlə təmin etmir. Ailə qanunsuzluqla bağlı bir çox instansiyalara müraciət etsə də, nəticəsizdir".

Bunu AzadlıqRadiosunun "Qaynar xətt"inə Ağsuda məskunlaşmış köçkün ailələri deyir.

"İLLƏRDİR RÜTUBƏTDƏ YAŞAYIRIQ"

Kəlbəcər köçkünü Gözəl Məmmədovanın sözlərinə görə, həyat yoldaşı Əli Məmmədov 1992-ci ildə Qarabağ döyüşlərində həlak olub. 1993-cü ildə qadın dörd uşağı ilə Ağsu şəhərindəki “Qərənfil” uşaq bağçasında məskunlaşıb. Həmin bağçada isə vəziyyət olduqca acınacaqlıdır, bina uçuq və təmirsiz vəziyyətdədir. G.Məmmədovanın sözlərinə görə, aidiyyatı qurumlar bu illər ərzində ailə ilə maraqlanmayıb. İndiyədək onlara nə şəhid ailəsi, nə də məcburi köçkün kimi diqqət yetirilməyib. İllərlə yaşadıqları otaqlar rütubətli və su içində olub. Ailənin Ağsu və Kəlbəcər icra hakimiyyətlərinə etdikləri müraciətlər də cavabsız qalıb. Ailənin ev siyahısındakı növbəsi isə illərdir ki, gəlib çatmır. Hər dəfə siyahıda onlardan əvvəl onlarla insanın olduğu məlum olur.

HƏR YAĞIŞ YAĞANDA...

“Hər yağış yağanda otaq su içində olur. Bir dəfə Ağsunun icra başçısı Ənvər Seyidəliyev də gəlib vəziyyətimizi gördü. Ancaq heç bir xeyri olmadı. Biz otaqları bu yaxınlarda bir az təmir etdik ki, heç olmasa, yaşamaq mümkün olsun”.

Yaxınları isə bildirirlər ki, icra başçısı bu ailəni qəsdən evlə təmin etməyəcəyini deyib:

“Eşitmişik ki, o, ailəni burada, bu bağçada çürüdəcəyini, evlə təmin etməyəcəyini bildirib. Səbəb kimi isə ailənin müxalif mövqeli olmasını göstərib. Ailəyə heç Kəlbəcər icra hakimiyyəti də yaxın durmur. Bu, onun, o da digərinin boynuna atır məsələni”.

Həmin bağçada şəhid ailəsi ilə birgə iki ailə də yaşayır. Ailələrdən birinin başçısı Asəf Quliyev də illərdir ki, mənzillə təmin olunacaqlarını gözlədiyini vurğulayıb.

BAŞÇI KÖÇKÜNƏ QARŞI NİYƏ QƏRƏZLİ OLSUN Kİ?..

Ağsu rayon icra Hakimiyyətindən "Qaynar xətt"ə bildiriblər ki, köçkünün mənzillə təmin olunması məsələsini "Qaçqınkom" həll etməlidir.

"Biz mənzil paylamırıq. Bu işə "Qaçqınkom" baxır. Gözəl Məmmədova əvvəlcə məsələni Komitə ilə aydınlaşdırsın. O ki qaldı, deyildiyi kimi, guya icra hakimiyyətinin başçısı köçkün ailəsinə qarşı qərəzli mövqe tutub, bunun üçün heç bir səbəb yoxdur".

Bir müddət əvvəl Qarabağ Azadlıq Təşkilatı da həmin şəhid ailəsinin problemini mətbuata çıxararaq dövlət başçısına müraciət etmişdi.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə Kəlbəcər köçkünün probleminin araşdırılacağı bildirilib.

XS
SM
MD
LG