Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:02

-

Qərbdə bədəni sıradan çıxmış adamın başına başqa bədən birləşdirmək barədə düşünürlər, Şərqdə isə qadın ətinin halal, yoxsa haram olduğunu müzakirə edirlər...

Günel Mövlud

İLANÖPƏN

Bu günlərdə bir video gördüm. Deyəsən, Hindistanda çəkilmişdi. Oğlan illərlə məşq edib, zəhərli kobra ilə öpüşməyi öyrənib.

İlanı necə hipnoz edirsə, ilan oğlanın gözlərinin içinə baxaraq, dilini çıxarıb, onun dodaqlarını yalayır.

Dəhşətli mənzərədir. Həmin anda ilanla öpüşən adamın nə hiss etdiyini təsəvvür eləmək belə olmur. Bunu necə təsəvür edəsən axı. Sadəcə dəhşətdir. (Ardı aşağıda)

Əlbəttə, deyəcəklər, uzaq yerin halvası şirin olar, bizim elə özümüzdə belə istedadlar azdırmı? Dişi ilə qatar dartan, bığı ilə yük maşınını sürütləyən, saçları ilə təyyarəni yerindən tərpədən, nə bilim, stəkan yeyən, lezva dişləyən, belinin üstünə şüşə qırıntısı töküb, belinə adam çıxaran, alov udan, ilan ovsunlayan, gecə kərtənkələ ilə yatan, belində qaynar samovarla nazik kəndirin üstündə yeriyən və daha nə bilim, necə qəribə, heyrətamiz istedadlara sahib insanlarımız var.

Razıyam, var. Sual başqadır. Bu istedadların xeyri nədir? Deyək ki, adam illər boyu məşq elədi, alovu uddu. Sonra? Nə olsun? Bunun kimə nə xeyir var? Stəkan yeməyin, lezva dişləməyin, belində qaynar samovar kəndirbazlıq eləməyin insanlara faydası nədir?

Məsələn, biri təyyarəni bığı ilə dartır. Bəs sonra? Təyyarə uçmalı, insanları başqa, uzaq, xoşbəxt ölkələrə aparmalıdır. Tayyarənin işi budur, təyyarə bunun üçündür. Təyyarə bığla harasa dartmaq üçün deyil. Təyyarəni bığla harasa dartmaq fizikanı, kimyanı, riyaziyyatı, həndəsəni, atmosfer təzyiqini, nə bilim, qravitasiyanı, daha nə qədər qəliz şeyləri bir-birinə vurub, bu nəqliyyat vasitəsini kəşf etmiş insanları ələ salmaqdır. Yox, sən təyyarəni bığınla başqa ölkəyə uçurdacaqsansa, buyur, uçur. Ekologiyaya dəstək olar, yanacaq havanı korlamaz, milyonlara qənaət olar. Amma sən bığınla təyyarəni ancaq iki metr o yan-bu yana sürütləyəcəksənsə, onda, gəl, nə milləti ələ salma, nə də özünü gülməli vəziyyətə qoyma.

Deyəcəksiz ki, sirk var, belə qeyri-adi bacarıqlar həmişə əyləncəli olub-zad. Gəlin, malı mala qatmayaq. Sirkin pis-yaxşı fəlsəfəsi var. Sirkdə çıxış edən aktyordur. Onun öz proqramı var, işinin nizamı var. Onun missiyası insanlara müsbət enerji bəxş etməkdir. O, durmadan öz üzərində işləyir və işini, özünü təkmilləşdirir. Sığortası, müqaviləsi, işinin adı var. Heyvan öyrədirsə, həmin heyvanlar barədə cild-cild kitablar oxuyur. Sirk aktyorlarında bəzən bir peşə bir neçə nəsil atadan övlada ötürülür. Bu, bir növ ailənin ənənəsi olur. Sirk aktyoru hoqqa çıxarmır, işləyir.

Ümumiyyətlə, o ölkələrdə ki, hər addımda ilan oynadırlar, alov udur, kəndirbazlıq edir, güləşir, şüşə yeyirlər, orda ciddi nəsə ola bilməz. Normal ölkə elmi yenilikləri, kəşfləri, texniki tərəqqisi, zəkaları, istedadları ilə heyrətləndirməli, təəccübləndirməlidir. Daha ilan oynadanı, kəndirbazı, alov udanı ilə yox. Alov udmağa, kəndirbazlığa, ilan ovsunlamağa sərf olunan vaxtı insanlıq üçün xeyri olan o qədər işlərə sərf etmək, elə lazımlı, ciddi qabiliyyətlər əldə etmək olar ki...

Yoxsa, Qərb bədəni sıradan çıxmış adamın başına başqa bədən birləşdirmək barədə düşünəndə, Şərq qadın ətinin halal, yoxsa haram olduğunu müzakirə edəcək...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG