Keçid linkləri

Təcili xəbərlər

«Böhran sovuşdu!» demək olar?


Manat
Manat

-

MANAT BİR AZ DA DƏYƏR İTİRƏCƏK?

Bəlkə də böyük narahatlıq artıq geridə qalıb. Amma ölkədə neftin kəskin ucuzlaşması ilə başlanan iqtisadi böhranın dinamikası indi də ən çox maraq doğuran məsələlərdən biridir. İnsanlar rahatlıq tapmır və hələ də prosesləri diqqətlə izləyirlər. Onlar hər gün və bəlkə gündə bir neçə dəfə manatın məzənnəsiylə maraqlanır, maliyyə qurumlarının hansı bəyanatla çıxış edəcəyini gözləyirlər...

İnsanlar onu da düşünürlər ki, hər şey Birinci Avropa Oyunlarından və yaxud Bakıda deyilən kimi, «Birinci Avropiada»dan sonra baş verəcək. Doğrusu, belə ehtimalların nədən qaynaqlandığı, haradan başlanğıc götürdüyü çox da aydın deyil...

Amma bir gerçək də var: Hökumət əvvəllər manatın kursunu saxlamaq üçün hər gün pul xərcləyirdi. Manat ucuzlaşandan sonra bu məsrəflər qismən azaldı. İndi əsas məqam odur ki, bu «qismən azalma» hökuməti qane edir, yoxsa o, manatı bir az da ucuzlaşdırmaq niyyətindədir?..

Bu baxımdan cəmiyyət arasında dolaşan ehtimallara haqq qazandırmaq da olar. Ola bilsin, ilk Avropa Oyunları başa çatanadək bazara pul emissiyası davam edəcək, ancaq sonra dayandırılacaq. Ola bilər, məhz bu səbəbdən manatın tam sərbəst buraxılacağı haqda anonslar elə indidən səslənməkdədir...

UZUN ENİŞDƏN SONRA YÜKSƏLİŞ GƏLİR, AMMA...

Neftə gəlincə, stabilləşmə mərhələsi, prinsipcə, çox da uzaqda deyildi. Üstəlik, bu vaxtadək neftin bahalaşmasına təkan verən amillər əks amillərdən daha çox idi - ən azı, böyük qiymət dalğalanmalarından sonra adətən, nisbi sabitləşmə mərhələsi başlanır...

Düzdür, Səudiyyə Ərəbistanı neft hələ təzə-təzə ucuzlaşarkən bildirmişdi ki, onun qiyməti lap 15 dollara düşsə də, neft ixracı bu ölkəyə sərf edir və hasilat həcmi azaldılmayacaq...

Ola bilsin, ilk Avropa Oyunları başa çatanadək bazara pul emissiyası davam edəcək, ancaq sonra dayandırılacaq. Ola bilər, məhz bu səbəbdən manatın tam sərbəst buraxılacağı haqda anonslar elə indidən səslənməkdədir...

Bundan sonra, istər-istəməz, Azərbaycan neftinin maya dəyəri maraq doğurdu. Məlum oldu ki, ölkədə çıxarılan bir barel neft təxminən 12-15 dollara başa gəlir.

Deməli, neft, əslində, Azərbaycan üçün də fəlakətli həddə ucuzlaşmayıb. Düzdür, hasilat həcmini də gözardı etmək olmaz, axı Azərbaycan, təbii ki, Səudiyyə Ərəbistanı qədər neft hasil etmir...

Yazının əvvəllərində diqqətə yetirdik ki, neftin bahalaşmasına ümid oyadan amillər daha çox idi, nəinki əks amillər. Çox güman, qiymət yay aylarında sabitləşəcək və daha sonra hamı «kəmərini nə qədər sıxacağını» biləcəkdi...

Amma durum dəyişdi, axı güclü bir neft oyunçusu olan İran yenidən səhnəyə qayıda bilər. Bu ölkə ilə ABŞ arasında əldə olunmuş razılıq indiyədək ona qarşı tətbiq edilən iqtisadi sanksiyaların qaldırılmasını nəzərdə tutur. Başqa sözlə, o halda İran daha çox neft ixrac edə biləcək...

Belə olarsa, ABŞ-İran razılaşması baş tutarsa, deməli, İran dünya neft və qaz bazarına daxil olacaq. Bu isə həcmlərin artması, qiymətin bir az da düşməsi deməkdir. Amma bu, bütün hallarda, iyunun 30-dan tez baş verməyəcək. Hətta böyük ehtimalla bir az da artıq vaxt tələb edəcək, çünki iyunun son günü iki ölkə arasındakı sazişin, sadəcə, imzalanma günüdür...

«DOLLAR YAĞIŞI» BİTDİ?

Di gəl, bir məsələni burada qeyd etməmək olmur. Bütün hallarda böyük neft pulları dövrü Azərbaycan üçün arxada qalıb. Bu, heç neft ucuzlaşmasa da baş verəcəkdi... Axı neft ucuzlaşmazdan öncə də bildirilirdi ki, təxminən elə bu illərdə hasilatın həcmi və neft gəlirləri kəskin azalacaq. Elə bu səbəbdən indi daha çox qazdan gələcək gəlirlərə ümid bağlanır...

Hazırda vaxt tamam başqa vaxtdır - indi problemli ölkəni idarə etmək və problemli ölkədə yaşamaq vaxtıdır...

Necə deyərlər, artıq saatlar hamı üçün geriyə işləyir - hakimiyyət üçün də, cəmiyyət üçün də... Hazırda vaxt tamam başqa vaxtdır - indi problemli ölkəni idarə etmək və problemli ölkədə yaşamaq vaxtıdır...

Görünür, buna da alışmaq lazım gələcək. Düşünürük ki, mümkün iqtisadi böhrandan uzaqgedən siyasi nəticələr çıxarmaq hələ tezdir. Böyük ehtimalla, ən azı, yaxın dövrdə «Azərbaycan baharı» olmayacaq, çünki bu ölkənin insanları müxalifətin etiraz aksiyalarını, hələ ki, internetdən izləməyə üstünlük verirlər. Ölkədə normal və ədalətli seçkilər keçirilsəydi, prinsipcə, bu, kifayət edərdi - seçkidə vətəndaş üçün əsas şey məlumatlı olmaqdır, bunun öhdəsindənsə internet layiqincə gəlir. Amma Azərbaycandakı seçkilər, fikrimcə, hətta ümid və xəyallara qapılmaq üçün də yer qoymur...

MAAŞLAR AZALIR, İXTİSARLAR ARTIR...

O üzdən yazın, hətta yayın da nisbi sakitlik və qismən iqtisadi sabitlik şəraitində keçəçəyinə ümid etmək olar. Bir daha qeyd edirik ki, qarşıdan gələn Avropa Oyunları da bu ümidə öz payını qatır...

...Payıza gəlincə, fikrimizcə, situasiya qismən durulacaq. O vaxt həm neft bazarı, həm İranla bağlı və həm də ölkənin maliyyə siyasətiylə bağlı aydınlıq yaranacaq...

... Ciddi bir amili də gözdən qaçırmaq olmaz: Büdcədən ayırmalar kəskin məhdudlaşdırıldığı üçün maaşlar azalır, işsizlərin sayı get-gedə artır... Demək, bunları nəzərə almadan ölkədəki siyasi iqlimi müəyyənləşdirməyə çalışmaq doğru deyil. Amma tələsmək, irəli qaçmaq da düz deyil. Gözləyək görək, ölkə və onun siyasi isteblişmenti bu dolanbacdan necə çıxacaq? Axı onlar da nəsə düşünürlər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG