Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:07

«Google» dünyanı çalxalayır


«Google»nin indi təkcə nağd pulu 10 milyard dollardır
«Google»nin indi təkcə nağd pulu 10 milyard dollardır
Düz bir ay bundan qabaq Kaliforniyada köhnə bir qaraj 1 milyon dollara satıldı. Bu pulu verən «Google» şirkəti idi. Bu qədər pulu ona görə verirdi ki, dünyanın bir nömrəli internet axtarış şirkəti «Google» məhz bu qarajda yaradılıb. Cəmi bir neçə il qabaq 25 yaşlı iki gəncin təsis etdiyi «Google»nin indi təkcə nağd pulu 10 milyard dollardır...

«Bu, Azərbaycanın təhlükəsizliyinə, müdafiə sisteminə zərbədir, orda məsələn, Tağıyev qəsəbəsinin, Nasosnının şəkli var, orda sovet dövründən qalma ən böyük hərbi hava limanı, Azərbaycanın hərbi hava qüvvələrinin və hava hücumundan müdafiə sisteminin radarları yerləşir»- bunu isə polkovnik-leytenant Uzeyir Cəfərov deyir. Söhbət «Google»nin yaratdığı «Earth», yəni «Yer Kürəsi» proqramından gedir.


Həmin proqramla Yer kürəsində demək olar ki, hər bir yerin üstündə dayanıb, şəkli böyütmək olar, o həddəcən ki, ordakı dağ, dərə, bina əlin içi kimi görünsün.


Mən Müdafiə Nazirliyinin bu proqramla əlaqədar mövqeyi ilə maraqlandım, ad çəkmədən deyim ki, nazirliyinin məsulu, «Google»nin «Yer Kürəsi» proqramı ilə, Azərbaycanın hərbi obyektlərinin şəkilləri ilə bağlı məlumatı birinci dəfə eşitdiyini, söhbətin nədən getdiyini anlamadığını dedi.
Bu proqramı yaratmağına «Google» beş izah verib, ünvan tapmaq, sürücüyə yolu göstərmək, biznes, virtual dünya səyahəti və s. Məsələn, tutaq ki, biri Bakıda bina tikmək istəyir və ya mağaza yeri axtarır- o, proqramla evindəcə oturub, yaxşı boş yer tapmaq olar. Və ya biri məsələn, Bakıdan İstanbula getmək istəyir, orda hotel sifariş verib – «Earth» proqramı ilə hotelin necə rayonda yerləşdiyini, yanında nələrin olduğunu görmək olar və yaxud da bütün dünya boyu səyahətə çıxıb, məsələn, Everestə baxmaq olar.


Proqramla maraqlananlar onu www.earth.google.com saytından tapa və öz kompyuterlərinə yükləyə bilərlər. Pulsuz.


Bəs, belə maraqlı və faydalı proqram niyə bəzi adamlarda, hətta hökumətlərdə narazılıq doğurur? Hərbçilərin narahatlığına əsas varmı? Kəşfiyyat, təhlükəsizlik, sülhü mühafizə əməliyyatları üçün məhsullar hazırlayan Fransa şirkəti «EADS» «Google»nin «Yer Kürəsi» proqramını təhlil edib və yazır ki, kosmosdan çəkilən iki metr dəqiqliyi ilə olan şəkil yerdəki hərbi obyektin nə ilə məşğul olduğunu 50 faiz ehtimalı ilə deməyə imkan verir, bir metr dəqiqliyi ilə olan şəkillə artıq 100 faiz demək olar ki, bu hərbi obyekt nədir. 15 sm dəqiqliklə çəkilən şəkil isə artıq yerdə qadınla kişini fərqləndirməyə imkan verir. «Google»nin şəkillərinin dəqiqliyi 15 sm-dən 15 metrə kimidir.


Bəs belə olan halda Azərbaycanın Müdafıə Nazirliyi niyə susur? Ya bəlkə «Yer Kürəsi» proqramı Azərbaycana daha sərfəlidir, çünki Bakı Dağlıq Qarabağdakı hərbi obyektləri öyrənə, separatçı qurumda narkotiklər barədə ittihamlarını əsaslandıra bilər. Çünki məsələn, bu yaxınlarda Amerika polisi ucqar bir yerdə marixuana əkildiyini məhz bu proqramla tapıb.


Mən Müdafiə Nazirliyinin bu proqramla əlaqədar mövqeyi ilə maraqlandım, ad çəkmədən deyim ki, nazirliyinin məsulu, «Google»nin «Yer Kürəsi» proqramı ilə, Azərbaycanın hərbi obyektlərinin şəkilləri ilə bağlı məlumatı birinci dəfə eşitdiyini, söhbətin nədən getdiyini anlamadığını dedi.


Ya bəlkə azərbaycanlı hərbi ekspertlər məsələni şişirdirlər? Onda niyə Hindistan «Yer Kürəsi» proqramından prezident səviyyəsində narazlıq bildirib? Hindistanın səbr kasasını daşdıran isə ağacların altında gizlədilmiş məşhur «Suxoy» təyyarəsinin aydınca görünməsi olub. Narazılıq bildirilən ölkələr Cənubi Koreya, Avstraliya, Britaniya və başqalarıdır. Cənubi Koreyanın narazılığı Azərbaycanınkına oxşardır, Cənubi Koreya deyir ki, o, Şimali Koreya ilə müharibə vəziyyətindədir, belə bir vəziyyətdə Cənubi Koreyanın müttəfiqi olan Amerikanın öz şirkəti götürüb, Cənubi Koreyanın Şimali Koreya ilə sərhəddində olan hərbi obyektlərinin şəkillərini dərc edir.


Azərbaycanın Xarici İşlər Nazirliyinin əməkdaşı Tahir Tağızadə deyir ki, «Yer Kürəsi» proqramında Azərbaycanın hərbi obyektlərinin aydın görünməsinə hökumətin münasibəti barədə bir şey deyə bilməz.


Bəlkə şikayət etməyin mənası yoxdur? Çünki indiyə kimi nə bir ölkə «Google»ni məhkəməyə verib, nə də rəsmi şikayət edib. Ümumiyyətlə, beynəlxalq qanunlar nə deyir? «Google»nin ixtiyarı varmı, ölkələrin belə böyük şəkillərini verməyə?


Şirkətin «Yer Kürəsi» proqramı İsrailin böyük şəklini vermir, şəkilləri, çəkiləndən 48 saat sonra yayır. Ancaq bunu yoxlayanda o da məlum olur ki, Azərbaycanın indi verilən şəkilləri İsrailin şəkilləri ilə eyni miqyaslıdır
«Hüquq və iqtisadiyyat ensiklopediyası»nın redaksiya heyətinin üzvü, Belçikanın Gent Universitetinin beynəlxalq hüquq professoru, Brüsseldəki hərbi məktəbdə mühazirələr oxuyan Marc Cogen deyir ki, «Google»nin bunları çap etməyə tam haqqı var. Beynəlxalq hüquqa görə, kosmos azaddır, hər bir ölkənin öz hava hüdudlarında suverenlik haqqı var, ancaq peyklər bundan yuxarıda, kosmosda uçurlar, beynəlxalq hüquqa görəsə, kosmosda yalnız hərbi fəaliyyyət olmaz, kosmosda şəkil çəkmək və bunu yaymaq hərbi fəaliyyət deyil.


Beynəlxalq qanunla yox, bəs Amerika qanunları ilə Azərbaycan nəsə əldə edə bilərmi? Çünki «Google» Amerikada qeydə alınmış şirkətdir.


«Nyu-York Times» Amerika qanunlarını araşdırıb.


Qəzet yazır ki, «Google»dən əvvəl də bu işi görən Amerika şirkətləri olub, yeri gəlmişkən, eyni arqumenti «Google» də gətirir ki, ondan əvvəl də görülən işi sadəcə, olaraq daha yaxşı təşkil edib.


«Nyu-York Times» yazır ki, hazırda Amerikada kosmosdan şəkil çəkib yaymağa Birləşmiş Ştatlar qanunlarında üç növ məhdudiyyət var - Amerikadan lisenziya alan kommersiya şirkəti, birincisi, İsrailin böyük şəklini verə bilməz, ikincisi, Amerika hökuməti qərara alsa ki, bu, ölkənin təhlükəsizlik marağındadır, onda istənilən yerin şəklin böyüdülməsinə hökumət məhdudiyyəti götürə bilər, üçüncüsü, şəklin böyüdülməsi qərarı veriləndən sonra yayılması 24 saatdan sonra ola bilər.


Mən «Google»nin bu qaydaları pozub-pozmaması ilə maraqlandım. Şirkətin «Yer Kürəsi» proqramı İsrailin böyük şəklini vermir, şəkilləri, çəkiləndən 48 saat sonra yayır. Ancaq bunu yoxlayanda o da məlum olur ki, Azərbaycanın indi verilən şəkilləri İsrailin şəkilləri ilə eyni miqyaslıdır.


Təfərrüatı məlum olmasa da, mətbuat məlumatlarına görə, Cənubi Koreya hökuməti Amerika hökumətinə müraciət edib. Halbuki Amerika hökuməti bu məsələdə tərəf deyil, qanunla özəl şirkətə də nüfuz edə bilməz. Cənubi Koreyanın şikayətlərindən biri də bu olub ki, niyə prezident sarayı açıq-aydın görünür. Amerika hökumətinin buna nə cavab verdiyi məlum deyil. Ancaq bundan sonra «Google»nin «Yer Kürəsi» proqramına Ağ Evin böyük şəkli qoyuldu, ondan əvvəl yalnız vitse-prezidentin iqamətgahı görünürdü.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG