Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:39

15 icra başçısı «qara siyahıda»


Prezident Administrasiyası
Prezident Administrasiyası

-

Hesablama Palatası bir sıra rayonların icra hakimiyyətlərinin fəaliyyətində ciddi nöqsanlar aşkarlayıb.

Qurumun hesabatında deyilir ki, Şəki, Göyçay, Ağdaş, Ağsu, Hacıqabul, Neftçala və Cəlilabad icra hakimiyyətlərində dövlət büdcəsinin «Mənzil və kommunal təsərrüfatı» bölməsindən ayrılan vəsaitlərin istifadəsinə dair audit tədbirləri keçirilib. Tədbirlər zamanı müəyyən edilib ki, proqnoz layihələri hazırlanarkən bəzi xərc maddələri üzrə əsaslandırılmış hesablamalar aparılmayıb.

Bu haqda «Azadlıq» qəzeti yazır.

Qəzet yazır ki, hesabata görə, bəzi hallarda mənzil fondu, yolların əsaslı təmiri və abadlıq işləri üzrə bağlanan müqavilələr satınalma müqaviləsinin nümunəsinə uyğun tərtib edilməyib: «Müvafiq icra hakimiyyəti orqanının razılığı alınmadan satınalma prosedurları tətbiq edilməyərək birbaşa müqavilələr bağlanılıb. Satınalma müqavilələrinin yerinə yetirilməsinə dair bank təminatı alınmayıb. İşlərin tender təklifi qiymətindən baha qiymətlərlə yerinə yetirilib. Cəmi məbləğdə nəzərdə tutulmadığı halda üstəlik xərc hesablanması səbəbindən icraçıya artıq büdcə vəsaiti ödənilib».

İSMAYILLI SAKİNLƏRİNDƏN ÖZBAŞINALIQLA BAĞLI İTTİHAMLAR

İsmayıllıda prezidentin açdığı iş yerlərini bağlayıblar.

Bunu «Yeni Müsavat» qəzetinə İsmayıllı sakinləri bildirib.

Rayonda tikilən yeni avtovağzal da hələ istifadəsizdir.
Rayonda tikilən yeni avtovağzal da hələ istifadəsizdir.

Qəzet yazır ki, İsmayıllıda hələ də içməli su problemdir. Evlərə qədər borular çəkilib, ancaq su verilmir. Qaz yerinə camaat odundan istifadə edir, meşələri qırırlar:

«Sakinlər deyir ki, rayon rəhbərliyinin gördüyü iş ancaq icra hakimiyyətinin qarşısını abadlaşdırmaqdan ibarətdir.Rayonda tikilən yeni avtovağzal da hələ istifadəsizdir. Prezident 2013-cü ildə gəlib onun lentini də kəsib. Ancaq bu gün də işləmir. Ötən il rayonda tikilən uşaq bağçası da işləmir: «Ötən il sentyabrda dövlət başçısı gəlib uşaq bağçası açdı. Təmirli, yüksək standartlara malik bağça idi. O gedən kimi bağçanın qapısını bağladılar. İcra başçısı prezidentin açdığı müəssisləri də işləməyə qoymur».

MERİYANIN İŞÇİLƏRİ BAKIDA AĞACLARI QIRIR

Yasamal rayonu, General Akim Abbasov küçəsi, 12 ünvanında yerləşən yaşayış binasının həyətində olan yaşıl ağaclar kəsilir. Ağacları kəsən isə Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşlarıdır.

Bu haqda «Bizim Yol» qəzeti yazır.

«Amma icra hakimiyyətinin əməkdaşları ağacların kəsilməsinin səbəbinə aydınlıq gətirməyiblər: «Biz fəhləyik, bizə deyiblər gedin kəsin, biz də kəsirik. Şikayətiniz varsa, buyurub müvafiq quruma müraciət edin». Fəhlələr ağacları kəsib, doğrayaraq 10-JC-259 dövlət nömrə nişanlı «ZİL» markalı avtomobilə yığaraq ərazidən apardılar».

Foto illüstrasiya
Foto illüstrasiya

Bakı şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova «Bizim Yol»a bildirib ki, bu il paytaxtda Birinci Avropa Oyunları keçiriləcək. İcra hakimiyyətinə daxil olan qurumlar hazırda bu idman yarışının təşkil olunmasına çalışır: «Şəhərdə abadlıq işləri aparılır, binaların yenidən qurulması, fasadının yenilənməsi işləri aparılır. Sabah əlaqə saxlayın, sorğunuza cavab verəcəyəm».

«Amma günlər keçdi, sorğumuz cavabsız qaldı», - qəzet bildirir.

YEVLAX MÜHÜM STRATEJİ MƏRKƏZƏ ÇEVRİLİR

«Azərbaycan» qəzeti yazır ki, Yevlax dövlət əhəmiyyətli tədbirlərin müvəffəqiyyətlə həyata keçirilməsi sayəsində Avropanın inkişaf etmiş şəhərləri ilə müqayisə edilə bilər:

«Heç bir mübaliğə etmədən Yevlaxı parklar, xiyabanlar, fəvvarələr, yaşıllıqlar şəhəri də adlandırırlar. Yevlaxlılar həm də son dərəcə qonaqpərvərdirlər. Xalqımızın milli mentalitetinə xas olan bu xüsusiyyəti onlar son illər ərzində daha da zənginləşdirmişlər. Dövlətin, respublika Prezidenti İlham Əliyevin bu bölgənin davamlı inkişafına hesablanan qayğı və diqqəti Yevlaxı, sözün həqiqi mənasında, tanınmaz dərəcədə dəyişmiş, yaranışından bəri heç bir zaman malik olmadığı gözəlliyə qovuşdurmuşdur. Bu böyük qayğı sayəsində son illərdə Yevlaxda inkişaf etmiş aqrar sektor, çoxsaylı sənaye müəssisələri, müasir infrastruktur formalaşmışdır».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG