Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:36

Milli Dram Teatrında Füzuli Əsmərinə qovuşdu


«Füzuli və Əsmər» tamaşasına ictimai baxış keçirildi

«Füzuli və Əsmər» tamaşasına ictimai baxış keçirildi

«Füzuli rindü-şeydadır, həmişə xəlqə rüsvadır.

Sorun ki, bu nə sevdadır, bu sevdadan usanmazmı?»


Noyabrın 1-də Milli Akademik Dram Teatrında «Füzuli və Əsmər» tamaşasına ictimai baxış keçirildi. Tamaşa Mirmehdi Seyidzadənin «Şairin gəncliyi» və daha bir neçə əsəri əsasında hazırlanıb. Rejissoru Mərahim Fərzəlibəyov, ideya müəllifi isə teatrın direktoru Maqbet Bünyadovdur: «Ünvanımız «Füzuli» meydanıdır. Belə qərara gəldik ki, Füzulini səhnəyə gətirək. Mirmehdi Seyidzadənin əsərini seçdik. Eyni zamanda, Füzuli haqda musiqi əsərlərindən də istifadə etdik».


O ki qaldı tamaşanın özünə, söhbət XV-XVI əsr Azərbaycan şairi Füzulinin Əsmərlə sevgisi haqqındadır. Təbii ki, bu sevgi fonunda yaradıcı və siyasi intriqalar da, rüşvət olmadığından şairin salamını almayanların şairə-şeirə münasibəti də, istedadını tərifə-mədhiyyəyə xərcləyənlərin surəti də var.


«Rüstəm sənə meydanda bərabər ola bilməz…»



«İndiki dövrdə məhəbbətin pafosu itib. Çox adiləşib. Ona görə bu pafosun olmasına çalışdıq»
Əsərdə müasir dövrlə səsləşən məqamlar olsa da o, 1958-ci ildə yazıldığından dövrün pafosu və şairi ateist kimi qələmə verən sovet iedeologiyasından da xali deyil. Hətta, bəzi məqamlarda bu kəm-kəsirlərə əl gəzdirərkən rejissorun əsərin süjet xəttinə də toxunduğu hiss edilir.

Aktyorların oyununa və ümumən rejissor yozumuna gəlincə, tənqidçilər və aktyorlarla söhbətdən bu qənaətə gəldim ki, rejissor Mərahim Fərzəlibəyov bu tamaşada öz dəst-xəttinə sadiq qalıb. Dramaturji material zəif olduğundan Cahangir Cahangirovun, Qara Qarayevin musiqiləri və Füzulinin şeirlərindən gen-bol istifadə etməklə vəziyyətdən çıxmağa çalışıb.


Hərçənd söhbət etdiyim tənqidçilər, rejissor və aktyorlar düşündüklərini efirə söyləməkdən imtina etdilər və bunu yaradıcı heyətin bayram ovqatını, eləcə də teatrla münasibətləri pozmaq istəməmələri ilə bağladılar. Hər halda, onların dedikləri budur ki, baş rolu ifa edən Füzuli Hüseynovla Mehriban Zəkinin oyununda uyğunsuzluq müşahidə olunur. Fərqli məktəbin yetirmələri olan baş rolun ifaçılarından biri «Yuğ» Teatrının, digərisə Milli Akademik Teatrın ənənələrindən kənara çıxmaq istəmir. Aktrisa yeri gəldi-gəlmədi pantomim elementlərdən istifadəyə çalışır, şeirləri klassik avazda deməkdən qaçırsa və bununla da sözlər anlaşılmırsa, Füzuli Hüseynov daha çox səsi ilə işləməyə, obrazını açmağa çalışır və bəzən çox bəlağətli görünür. Əslində, iki aşiqi oynamalı olan bu iki aktyorun oyun tərzi uyuşmadığından onların ikilikdə oynadığı səhnələr uğursuz alınır. Bunu mən demirəm. Antraktda və tamaşadan sonra söhbət etdiyim tənqidçilər və aktyorların qənaəti belədir. Rejissor Mərahim Fərzəlibəyov deyir ki, pafosun olması yaxşıdır: «İndiki dövrdə məhəbbətin pafosu itib. Çox adiləşib. Ona görə bu pafosun olmasına çalışdıq». Aktrisanın oyununa gəlincə: «Aktrisa özünə məxsus oynayır. Əsmər onun bu teatrda ilk tamaşasıdır. İnanıram ki, bizim tamaşanın ənənələrini qəbul edəcək. İstedadı, ifa tərzi həmişə tamaşaçıya xoş gəlib. Məncə, bu tamaşada da xoş gələcək».


Tamaşanı bəyəndiyini deyən teatrın direktoru Maqbet Bünyadov isə bu fikirdədir ki, Füzuli haqqında nə varsa bəyənilməlidir. Ancaq əlavə edir ik, ictimai baxışdan sonra toplanan Bədii Şura öz rəyini deyəcək və yaradıcı heyət çatışmayan cəhətləri düzəldəcək. Həmin toplantıya qatılmaq istəsəm də, direktor zaldan çıxmağımı istədi. Və qapı arxasından tənqidçilərdən birinin iradı səsləndi: «Axı mənfi obrazı belə oynamazlar».


Mənsə tamaşaçı kimi finalı bəyəndim. Eşqın sınaqlarından uğurla çıxıb, uzun bir yoldan Bağdada dönən Füzuli Əsmərinə qovuşur. Aktyorlar gözəl kompozisiya qura biliblər. Tamaşaçı aşiqinə sarmaşmış Füzulinin az sonra elə «Füzuli» meydanındakı heykəlini görür. Amma bu dəfə şair bizim yaddaşımızda daşlaşmış obrazında olduğu kimi düşüncəli yox, sadəcə, bəxtiyardır. «Fələklər yandı ahimdən. Muradım şəmi yanmazmı?..»


Günün bütün mövzuları

XS
SM
MD
LG