Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:29

Zibil qutusuna atılan körpələrin taleyi


Foto illüstrasiya
Foto illüstrasiya

-

Aprelin 8-də polis əməkdaşları Bakının Yeni Günəşli qəsəbəsində karton qutunun içərisində təzəcə doğulmuş oğlan uşağı tapıblar. Sahibsiz uşaq Suraxanı rayonundakı xəstəxanalardan birinə gətirilib, oradan da 2 saylı klinik xəstəxanaya təhvil verilib. ANS-in məlumatına görə hazırda o, reanimasiya şöbəsində, həkim nəzarəti altındadır.

Bu hadisə sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Kimi valideynləri məsuliyyətsizlikdə günahlandırır, kimi cəmiyyəti, kimi də hökuməti. Çünki əvvəllər də buna bənzər hallar az olmayıb. Elə, təkcə son bir ayda bu, üçüncü belə hadisədir. Bundan əvvəl zibil qabından tapılan uşaqların biri xəstəxanaya təhvil verilib, digəri isə ölü aşkarlanıb.

Mütəxxəssislər hesab edir ki, bu cür atılan uşaqların əksəriyyəti nikahdankənar, gizli ailə münasibətləri nəticəsində doğulanlardır. Bu valideynlər ictimai qınaqdan, biabır olmaqdan qorxaraq, doğma uşaqlarını taleyin ümidinə buraxmağa məcbur olurlar. Ən yaxşı halda uşaq evlərində böyüyəcək uşaqların gələcəyi də sual altında qalır. Bəzi mütəxxəsislər də hesab edir ki, dövlət himayəsində böyüyən uşaqların cəmiyyətə adaptasiya olunması üçün hökumətin ciddi konsepsiyası yoxdur.

MADDİ İMKANSIZLIQ...

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova bildirir ki, uşaqların atılmasında valideynlərin maddi imkansızlığı da rol oynayır:

Mətanət Əzizova
Mətanət Əzizova

«Bu gün Azərbaycanda küçə uşaqlarının sayı artır. Kimisi dilənçilik edir, kimisi küçədə avtomobil şüşələri silir. Belə uşaqların arasında narkomanlıq da geniş yayılıb. Atılan uşaqlar arasında körpələr də olur. Burada səbəblər müxtəlifdir. Elə ailələr var ki, maddi çətinlik içərisində yaşayırlar və fikirləşirlər ki, uşağa baxa bilməyəcəklər. Yaxud da ki, planlaşdırılmamış hamiləlik olur, ana fikirləşir ki, valideynləri, qohumları bilsə ki, uşaq dünyaya gətirib, müxtəlif problemlər ola bilər. Bu cür analar zorlanma faktında sonra da uşaq dünyaya gətirə bilər, yaxud da ki, qeyri-qanuni kiminləsə yaşayıb və körpə doğulub. Nəticədə çıxış yolunu onda görür ki, uşağı küçəyə atsın ki, heç kimin bundan xəbəri olmasın».

BABY BOX

Mətanət Əzizova bildirir ki, bu cür halların aradan qaldırılması üçün hökumət müəyyən addımlar ata bilər:

Baby box
Baby box

«Avropa ölkələrində xüsusi «baby box»lar (uşaq qutusu) var. Xüsusi bir yerdir, xüsusi bir qutudur. Əgər, ana doğulan körpəsinə baxmaq istəmirsə, həmin qutuya qoyur. Artıq, bu uşaqla dərhal xüsusi qurumlar məşğul olur. Onu ya hansısa ailəyə verirlər, yaxud da uşaq evinə. Çox təəssüf ki, bizdə belə təcrübə yoxdur. Bu haradasa bir çıxış yolu ola bilər ki, uşağı zibil qutularına atıb getməsinlər. Azərbaycan müxtəlif beynəlxalq sənədlərə imza atıb. Belə bir sənəd var ki, hansısa adət-ənənə insanların hüquqlarının pozulmasına gətirirsə, hökümət buna qarşı tədbirlər görməlidir. Bizdə bu cür uşaq dünyaya gətirən qadınları ölüm təhlükəsi gözləyir. Elə faktlar da olub ki, həmin qadını yaşadığı kənddən qovublar. Hökumət bununla bağlı tədbirlər görməli, ən azından buna qarşı təbliğat aparmalıdır».

Rəsmiləri zaman-zaman açıqlamalarında bildirirlər ki, Azərbaycan bütün beynəlxalq öhdəliklərə sadiqdir.

Son statistik məlumata görə, 2013-cü il ərzində 15-29 yaş arası qadınlar tərəfindən nikahdankənar doğulan uşaqların sayı 20 mindən artıq olub. Onların yarıdan çoxu kənd yerlərində doğulub. Belə uşaqların 3166-sı Bakıda doğulub. Nikahdan kənar doğulmaların əsas səbəblərindən biri yaş həddi rəsmi nikaha düşməyən, həddi-buluğa çatmayan gənclərin ailə qurmasıdır. Bəzi hallarda isə nikahlar rəsmi qeydiyyatdan keçirilmir. Rəsmi məlumata görə, həmin il 15-17 yaş arası qadınlar 2855 uşaq dünyaya gətirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG