Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:25

-

Türkiyədə daxili təhlükəsizliyə ən böyük hədə sosial media imiş. Bunu Milli Təhlükəsizlik Şurasının müəllifi olduğu bir sənəd üzə çıxarıb. Daxili təhlükəsizliyə əsas hədələr sırasında İŞİD və PKK kimi terror qrupları da var. Yəni, sosial media bu qruplarla yanaşı yer alıb.

2015-ci il Milli Təhlükəsizlik Siyasəti sənədində ümumilikdə səkkiz təhlükə sadalanır – etirazlar, paralel dövlət quruluşları, kommunikasiya təhlükəsizliyi, sosial media, kiber-təhlükəsizlik, kapital axınının təhlükəsizliyi, İŞİD kimi dini «istismar edən» təşkilatlar və etnik zəmində terrorçuluq, özəlliklə PKK.

Milli Təhlükəsizlik Şurasına prezident Recep Tayyip Erdoğan, hökumət və silahlı qüvvələrin təmsilçiləri daxildir.

Jack Moore «Newsweek»də yazır ki, türkiyəli təhlilçilər hakim elitanın sosial mediadakı narazılıqdan qorxduğunu qeyd edirlər.

Bazar ertəsi sosial media saytlarının qısa müddətə bağlanmasından sonra #twitterisblockedinTurkey haştaqı 68 min dəfə tvit olunub.

Erdoğan və AKP sosial mediaya təzyiq göstərməklə iyun seçkilərini hədəfləyirlər. Bunu Vaşinqtonda yaşayan türkiyəli təhlilçi İlhan Tanır deyir:

«Bilirlər ki, sosial media şirkətlərini qadağan edə bilməzlər. Ancaq Twitter and Facebook-u düşmənə çevirməklə özlərinə qarşı bir düşmən obrazı yaradıb onu tutmağa çalışırlar. Buraya Qərb dövlətləri, lobbilər, özlərinin quraşdırdığı konspirologiya nəzəriyyələri daxildir. Sosial media onların istifadə etdiyi daha bir kampaniya alətidir».

KREML ÜÇÜN XARİCİ MÜDAXİLƏ KORRUPSİYADAN ARTIQ TƏHLÜKƏDİR

Kreml xarici müdaxiləni korrupsiyadan çox ölkəyə təhlükə sayır.

Kremlyönümlü «Gənc Rusiya» təşkilatı «Transparency International»ın ofisi qarşısında piket keçirir – Moskva, 2012

Kremlyönümlü «Gənc Rusiya» təşkilatı «Transparency International»ın ofisi qarşısında piket keçirir – Moskva, 2012

«The Moscow Times»da Ivan Nechepurenko-nun yazdığına görə, təhlilçilər Ədliyyə Nazirliyinin son qərarını belə şərh edirlər. Nazirlik «Transparency International» təşkilatının Rusiya bölməsini (TI-R) «xarici agent» adlandırıb. Bir ay öncə isə prokurorlar qrupu xarici maliyyə ilə siyasi fəaliyyətdə ittiham edib. TI-R qərardan apellyasiya şikayəti verir. Müəllif yazır ki, qurum Rusiyada korrupsiya ilə bağlı qanunvericiliyin monitorinqini aparır, ölkədə korrupsiya hallarını araşdırırdı.

Moskvada yaşayan təhlilçi Tatiana Stanovaya deyir ki, TI-R işi Kremlin siyasi maraqlarının korrupsiya ilə mübarizə kimi dövlət əhəmiyyətli maraqları üstələdiyini göstərir. Sankt-Peterburqda İnformasiya Azadlığı Fondunun rəhbəri Ivan Pavlov da hakimiyyət ritorikasının iki üzündən danışır: «Putin adamlara eşitmək istədiklərini deyir. FSB əməkdaşlarına deyir ki, QHT-lərlə savaşın. Vətəndaş Cəmiyyəti və İnsan Haqları üzrə Prezident Şurasında deyərdi ki, müstəqil QHT-lər vacibdir».

Pavlov-un dediyinə görə, indi əsas məsələ işlərini davam etdirməkdir. Xarici agentlər barədə qanunu da hökumət məhz hakimiyyəti tənqid edən təşkilatları iflic etmək üçün yaradıb.

TÜRKİYƏNIN YƏMƏN DİLEMMASI

«Foreign Affairs» dərgisində Aaron Stein Ankaranın Səudiyyə Ərəbistanının huti silahlılarına qarşı kampaniyasını niyə dəstəkləməsindən yazır.

Müəllifin fikrincə, Türkiyənin koalisiyaya qoşulmasının bir səbəbi Səudiyyənin yeni rəhbərliyi ilə əlaqələri gücləndirmək istəyidir. İndiyədək iki ölkənin Misir, Suriya və bir sıra digər məsələlərdə mövqeyi fərqlənib.

R.T.Erdoğan və Kral Salman

R.T.Erdoğan və Kral Salman

Güman etmək olar ki, Erdoğan-la Salman Suriya yanaşmalarına yenidən baxıblar və Yəmən məsələsində razılıq əlavə üstünlük kimi ortaya çıxıb. Türkiyə üçün Səudiyyəni Yəməndə dəstəkləmək kiçik məsələdir və əsas siyasi gündəmini – Assad hökumətinə qarşı müharibəni irəlilətməyə kömək edir.

Ancaq bu yaxınlıq əsas siyasi ziddiyyətləri kölgədə qoyur. Ən vacibi Ankara İrana daha fərqli kontekstdə baxır. Türkiyənin Səudiyyənin regiondakı maraqlarının xeyrinə İranla münasibətini qurban verəcəyi gözlənilmir.

Müəllif yazır ki, bir tərəfdən Türkiyə İranın Yaxın Şərqdə güclü rolunu qəbul edir və onunla yarışmaq fikrində deyil. Bundan başqa Türkiyə Səudiyyənin İranın nüvə proqramı sarıdan narahatlığını da bölüşmür və dəfələrlə bildirib ki, İranın uran zənginləşdirmək hüququ var. Enerji siyasətində də Ankara ilə Ər-Riyadın yolları haçalanır.

Beləliklə, Türkiyənin regional maraqları İranla Səudiyyə Ərəbistanı arasında incə balans yaratmaqdan ibarətdir. İllərdir Tehranla Ankara əməkdaşlıq edir, dəstək verdikləri qüvvələr isə Suriyada savaşır. Türkiyənin Səudiyyə Ərəbistanıyla bağlı yeni taktikası da bu cürdür: tərəflərin siyasi islamla bağlı mövqeləri fərqlənir, ancaq Suriya və Yəməndə siyasətləri uzlaşmağa başlayır. Bu, heç də Türkiyənin prioritetlərinin dəyişdiyini göstərmir, bu yanaşma Türkiyənin illər boyu müharibə regionunda apardığı taktikanın davamıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG