Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:03

-

«Yeni Müsavat» qəzeti 9 aprel tarixli sayında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovla müsahibə yayımlayıb. Vahid Əhmədov manatın devalvasiyasından sonra cəmiyyətdə narahatlığın davam etdiyini deyir:

- 21 fevral devalvasiyasından sonra Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sədrinin bizə verdiyi rəsmi məlumat oldu. Komitə iclasında biz onu təsdiq edəndə müəyyən suallar vermişdik. Bir sual da bu idi. Dedi ki, keçən son vaxtlar biz manatı stabil saxlamaq üçün 1 milyard dollar xərcləmişdik. Biz aprelin əvvəlində onu təsdiqlədik... İndi də manatı həmin səviyyədə saxlamaq üçün təxminən 600-700 milyon vəsait xərcləyirlər. Yəni, manat öz həqiqi, real yerini gəlib almayıb.

- Nə qədərdir real qiymət?

- Onu demək olmaz, bu, neftin qiymətindən asılıdır. Ümumiyyətlə, manatın devalvasiyası getmədi, əslində bu, neftin devalvasiyası idi. Çünki manat birbaşa neftlə əlaqədardır. Neftin qiyməti qalxacaqsa, manatın da qiyməti qalxacaq, neftin qiyməti düşəcəksə, manatın da qiyməti düşəcək. Çünki bizim ixracımızın 93 faizi neft məhsullarıdır, yalnız 7-8 faizi qeyri-neft məhsullarıdır. Neft nə qədər çox ixrac olunarsa, Azərbaycana dollar bir o qədər çox gələr. Ona görə də bu, labüd haldır. Amma burda bəzi məsələlər var. Devalvasiya prosesi Azərbaycanda çoxdan getməliydi.

- Nə zamandan?

- Hesab edirəm ki, bu, 2013-cü ildən başlamalıydı.

- İkinci devalvasiya bu qədərmi qaçılmazdı vəolsa, çoxmu kəskin olacaq, yenə sərt devalvasiyamı yaşanacaq?

- Bizim hesablamamıza görə, əgər neftin qiyməti bu səviyyədə saxlanacaqsa - haradasa 55-60 dollar səviyyəsində - əlbəttə, devalvasiya gedəcək. Bayaq dediyim kimi, devalvasiyanın iki variantı var: yumşaq və sərt. Yumşaq devalvasiya aparsalar, haradasa ilin axırına, gələn ilin ortalarına qədər manat gəlib öz dəyərini ala bilər. Yəni, təxminən 1 dollar 1,5-2 manat səviyyəsinə kimi gəlib çata bilər. Yox, sərt devalvasiyaya gedilsə, bu, çox ciddi rezonansa səbəb ola bilər.

Samir Əliyev

Samir Əliyev

AZƏRBAYCAN DAHA BİR FANTASTİK XƏRCİN ALTINA GİRİR

«Azadlıq» qəzeti 2017-ci ildə keçirilməsi nəzərdə tutulan İslam Oyunlarının Azərbaycan büdcəsinə neçəyə başa gələcəyini araşdırıb.

İqtisadçı Samir Əliyev qəzetə şərhində deyib ki, Azərbaycanda keçirilən beynəlxalq yarışlardan iqtisadi fayda yoxdur: «Beynəlxalq tədbirlərin keçirilməsində məqsəd təkcə ölkənin tanıdılması deyil. Azərbaycanda isə daha çox fayda ölkənin tanınması olur. Amma keçirilən tədbirlərdən iqtisadi fayda yoxdur. Bu ilk dövrlərdə özünü infrastrukturun olmaması ilə göstərirdisə, indi infrastruktur yaradılıb. Amma turizmin inkişafı üçün tələb olunan elementlər öz yerində deyil».

S.Əliyevin sözlərinсə, Azərbaycanda hotellər kifayət qədər bahalıdır. Xidmət sferasında, nəqliyyat sistemində ciddi problemlərin olduğunu deyən S.Əliyev qeyd etdi ki, Azərbaycanın ev sahibi olaraq qonaqlara verdiyi töhfə neft pulları hesabına tikilən idman obyektləridir: «Hazırda neft pulları da tükənib. Ona görə gələcəkdə hər hansı idman infrastrukturunun salınması Azərbaycan üçün problemlər yaradacaq. Bundan başqa, hazırda tikilən infrastruktur özü də gələcəkdə ölkəmizə problem yaradacaq. Çünki infrastruktura xidmət etmək də özü vəsait tələb edir. Təəssüf ki, biz beynəlxalq yarışlardan faydalana bilmirik. Bu daha çox zərər verir, sahibkarlardan pul yığılır, vətəndaşlara əlavə çətinliklər yaranır. Bu da onu göstərir ki, ölkədəki iqtisadi idarəetmə hələ tələb olunan səviyyədə deyil».

«AZƏRBAYCANIN NÜFUZU DAHA DA GÜCLƏNƏCƏK»

«Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə bağlı müqavilənin imzalanması çox əhəmiyyətli hadisədir».

Gövhər Baxşəliyeva

Gövhər Baxşəliyeva

yap.org.az saytının məlumatına görə, bunu Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqında nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, Azərbaycan islam dünyasında nüfuzlu bir dövlətdir. Onun fikrincə, Azərbaycan islami dəyərlərin qorunması, onun geniş təbliğ olunmasına böyük töhfələr verir.

«Təbii ki, İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın müsəlman dünyasında nüfuzunu daha da gücləndirən amil olacaq. Nəzərə alsaq ki, bu gün islam dinini gözdən salmaq istəyən qüvvələr var. Belə olan bir şəraitdə, ölkəmizdə keçiriləcək bu tədbir eyni zamanda, islam dəyərlərinin təbliği baxımından da vacib hadisə olacaq», –G.Baxşəliyeva qeyd edib.

Şərhləri göstər

XS
SM
MD
LG