Keçid linkləri

Təcili xəbərlər

Tarixdə ilk dəfə xəstənin başı başqa bədənə köçürüləcək


Gazeta.ru
Gazeta.ru

-

Rusiyadan olan əlil proqramçı tarixdə ilk dəfə başı başqa bədənə köçürülən şəxs olmağa razılıq verib.

Valery Spiridonovun başını başqa bədənə köçürəcəyini isə italyan cərrah Sergio Canavero elan edib.

30 yaşlı Spiridonovun bədəni iflic olub və əlil arabasında gəzir.

Amma o deyir ki, ölməmişdən qabaq yeni bədənə sahiblənmək şansını dəyərləndirmək istəyir: "Mənim başqa variantım yoxdur. Bu şansı qaçırmaq istəmirəm. İldən-ilə səhhətim pisləşir".

Spiridonov deyir ki, italyan cərrahla hələ ki görüşməyib, yalnız Skype-la danışıblar.

Amma italyan həkimin bu ideyası elmi ictimaiyyətdə birmənalı qarşılanmır.

"Mən belə əməliyyatı heç kimə arzulamazdım. Yəni ölümdən də betər şeylər var" - bunu CNN-ə Amerika Neyrocərrahlar Assosiasiyasının rəhbəri Hant Blatter deyib.

Onun sözlərinə görə, heyvanlar üzərində aparılmış təcrübələr eyni əməliyyatın insanlar üzərində də uğurla aparılacağına təminat vermir.

Qeyd edək ki, indiyədək siçanlar, hətta meymun üzərində belə əməliyyat aparılıb. Amma onlar əməliyyatdan sonra çox az yaşayıblar. Meymun 8 gündən sonra ölüb.

İtalyan cərrah isə deyir ki, baş köçürülməsi istəyilə ona müraciət edənlər çoxdur.

Spiridonovun üzərində aparılacaq əməliyyatın qiyməti 11 milyon dollar olacaq.

Başın köçürüləcəyi şəxs isə beyni ölmüş, amma qalan orqanları salamat olan pasient olacaq.

Bu, avtomobil qəzasına düşmüş şəxs. yaxud ölüm cəzasına məhkum edilmiş dustaq ola bilər.

Əməliyyatdan dərhal sonra Spiridonov 4 günlük koma vəziyyətinə salınacaq ki, boyun əzələləri tərpənməsin.

Eyni zamanda ona immunodepressantlar vurulacaq ki, toxumaların bir-birini rədd etməsinin qarşısı alınsın.

Spiridonovun xəstəliyi nadirdir - Verdinq-Hoffman xəstəliyi. Əzələ atrofiyası gündən-günə xəstənin vəziyyətini pisləşdirir. Onurğa beynində neyronlarda degenerativ dəyişiklik yaranır.

Belə xəstəliyi olan uşaqlar adətən ölür. Xəstəlik nəfəs yolları və üz əzələlərini sıradan çıxarır.

"İndi 30 yaşım var. Öz bədənimi çətinliklə idarə edirəm. Hər dəqiqə köməyə ehtiyacım var. Bu xəstəliyi olan insanar adətən 20 yaşına çatmamış ölürlər" - deyir Spiridonov.

Canavero deyir ki, əməliyyat uğurlu olsa, pasient hərəkət edə, əvvəlki səsi ilə danışa, öz sifətini hiss edə bilər. Fizioteratiya ilə onu 1 ilə ayağa qaldırmaq olar.

Amma italyan həkimin baş və onurğa beyinlərini bir-birinə calamaq planlarına şübhə edənlər yetərincədir.

Onu hətta Hollivud filmlərindəki ölünü diriltməyə çalışan avantürist həkim Frankenşteynlə də müqayisə edənlər var...

XS
SM
MD
LG