Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:12

-

Elə bil, bu ağac doğmuşdu Qaranı, ancaq onu dəli doğduğu üçün Qara narazı idi ondan. Nə bilim...

Xəyalə Sevil

AĞAC ANA

Ayağa durdu. Alma ağacının dibindəki daşın tozunu aldığı şalvarını çırpdı.

Yenə köhnə adəti üzrə ağacı daşlamağa başladı.

Bu nə sirrdi onda, bilmədim. Yerə düşən tumturş, göy almaları nə özü yeyir, nə də kimisə yeməyə qoyurdu. Mən birinci dəfə bu kəndə gələndə məni cəlb eləyən də elə bu olmuşdu. Üstünün – başının cırığından ağ dərisi görünən Qara adlı bu uşaq ağacın həndəvərindən ayrılmırdı.

Əslində o uşaq deyilmiş. Kənddə dostlaşdığım 1-2 nəfərdən eşitdim ki, onun 20-dən çox yaşı var. Ancaq boy-buxunu kimi ağlı da həmyaşıdlarının yarısında qalmışdı. Hərdən mənə elə gəlirdi ki, onun bir az uzanmış dağınıq, qara saçlarını qırxsalar, bəxti ağaracaq, boy-buxunu uzanacaq, ağlı artacaqdı.

Onunla tanış olmaq istəyirdim. Yaxınlaşıb xoşlamadığım tumturş almalarından istədim. Vermədi. Bilirdim verməyəcək. Əgər yenə istəsəydim, almaları daş kimi başıma çırpacaqdı və bəlkə də tüpürəcəkdi. Həmişə onu əsəbiləşdirən balaca uşaqlara belə edirdi. Uşaqlar ondan alma almağın yolunu belə tapmışdılar. Hər gün səhər yuxudan duran kimi bulaqdan su götürmək bəhanəsi ilə Qaragilin həyəti tərəfə gedirdim və hər gün də eyni mənzərə ilə qarşılaşırdım.

Qara almaları qucağına yığıb əzizləyir və bir az keçməmiş almaları ağacın başına çırpırdı, tüpürürdü, sonra yenə qucaqlayırdı. Nə edirdisə etsin, bu ağacı sevməyə bilmirdi. Elə bil, bu ağac doğmuşdu Qaranı, ancaq onu dəli doğduğu üçün Qara narazı idi ondan. Nə bilim... bəlkə də elə həqiqətən Qaranın anasıydı bu ağac, Qara isə onun insan formasındakı alma balasıydı...

Hər gecə Qaranın yatağı ağacın yaxınlığındakı taxtın üstündə salınırdı. Gecələr Qara yuxulu kipriklərini qaldırıb gözünü açanda ağac anasını görürdü. Ağac anası isə əsl ana nəvazişi ilə yarpaqlarını aram-aram yellədərək Qaranın yayın istisindən tərləmiş balaca bədənini sərinlədirdi.

Qışda isə Qaranı zorla evə aparırlarmış. Gecə hamı yatdıqdan sonra durub ağacın yanına qaçırmış. Ona görə də yazıq ailəsi Qaraya göz-qulaq olmaq üçün yarıyuxulu yatırlarmış.

Günlər keçirdi. 1 aylıq yay istirahətim Qaranın ömründə-günündə gecələyirdi. Şəhərə qayıtmağıma 3-4 gün qalmışdı, ancaq yenə də Qara mənim ona yaxınlaşmağıma, onunla dost olmağıma icazə verməmişdi. Həmişə ona uzaqdan baxırdım. Şəhərə qayıtmalıydım, ancaq gözlərim gözüm gorən uzaqlıqdan ayrıla bilmirdi.

Bir gün səhər yuxudan duranda dedilər ki, Qara bərk soyuqlayıb, yediyini qaytarır. Yayın qızmar vaxtında necə soyuqlamışdı, bilmədim. Nə bilim...bəlkə də başqa şey idi. Yazığım gəlirdi Qaraya, ancaq onun üçün heç nə edə bilmirdim.

Tanrıya etdiyim dualarımı Qaranın yanında qoyub şəhərə qayıtdım. 1-2 gün keçmişdi. Kənddən Qaragilin qonşusu mənə zəng etdi. Qısaca hal-əlvaldan sonra “Qara öldü” dedi.

-Necə yəni? Nə vaxt?

-Bu səhər, elə alma ağacının altında.

Bilirsən nə oldu?! Bütün kənd danışır ee. Qara öləndə ağac bütün yarpaqlarını Qaranın üstünə tökdü, onun cansız bədənini gizlətdi.

Yerimdəcə donub qaldım. İlahi, bu ağac həqiqətən Qaranın anasıymış. Qucağında gizlətmişdi Qaranı. Gizlətmişdi ki, tapıb apara bilməsinlər onu yolun o üzündəki məzarlığa...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG