Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:36

-

Və qıza demişdi ki, dodaqların kəklikotu dadır, canından kəklikotu ətri gəlir. Qız da söyləmişdi ki , anam mənə boylu olanda kəklikotuya yerikliyirmiş, elə kəklikotu yeyirmiş...

Iman Usuboğlu

MƏN ÖZ DƏRDİMİ GÜLƏ DEMİŞƏM

(Hekayə)

Məmməd evə axşam işıqlar yananda çatdı.

Kərəntini dirəkdən asdı.Ulağın belindəki iki xorum otu alıb damın üstünə tulladı.

Gəlib teştin yaninda,balaca stolun üstünə əyləşdi və əsgər çəkmələrini çıxardı,köynəyini soyundu.

Bütün bu işləri görüncə,əlində isti su dolu vedrə və abgərdən saxlayan arvadına bir kəlmə də dinmədi.Ayağa qalxıb aşağı,teştə əyildi,ovuclarını açdı.

Balaxanım su tökür,Məmməd də yuyunurdu.Sonra Balaxanım çiynindəki can dəsmalını Məmmədə verdi və balaca stolu götürüb teştin lap yanına qoydu.Məmməd qurulana-qurulana balaca stola əyləşib ayaqlarını teştə saldı.Balaxanım əyilib Məmmədin ayaqlarını yuyub yaxaladı və belinə bağladığı önlüklə quruladı.

Məmməd şəpşəpilərini ayaqlarına keçirib balkona adladı. Güzgünün qabağında seyrəlmiş,çallaşmış saçlarını daradı.Gəlib süfrəyə əyləşdi. Bunu gözləyirmiş kimi Məmmədin üç uşağının üçü də -böyük uşağı- onuncuda oxuyan oğlu, ikinci uşağı səkkizinci sinifdə oxuyan qızı və bir də sonbeşik Bəşli qız dedikləri - Bəsirə gəlib süfrənin qırağına düzüldülər. Balaxanım bişirdiyi soyutma kartofu çəkib gətirib stolun üstünə qoydu. Məmməd Bəşli qızı qucağına aldı, çörəkdən kəsib yeməyə başladılar.

Hələ bir kəlmə kəsməmişdilər. Məmməd duyurdu ki, Balaxanım “sözlü adamdı” və girəvə düşən kimi kəndin bütün xəbərlərini -ərə gedəndən arvad alanacan,hamısını birər-birər qoyacaq ovcuna. Yeməyin axırına yaxın Balaxanım durub Məmmədə bir stəkan çay da süzdü və elə bu zaman – dayısı gədəyə Tovuzdan saz alıb - deyə dilləndi. Məmməd də nəsə mızıldandı. Yemək bitdi. Tezdən durub biçinə gedəsiydi. Yerimi aç -deyib bir siqatet çıxardı,çəkmək üçün bayıra çıxdı. Göy üzündə ulduzlar sayrışırdı, hamısı da əlçatmaz idi. Balaxanım Məmmədin yerini açdı. Neçə il idi bu yataqda Məmmədlə baş-başa verib yaşayirdilar. Və Balaxanım bilirdi ki, nazik nə sözü olsa Məmmədə, gərək bu yataqda desin, yoxsa. . .

Məmməd qayıdıb içəri gəldi. Soyunub, yerinə girdi. Uşaqlar da artıq içəri otaqa keçib öz yerlərində idilər. Balaxanım işığı söndürüb, gəlib Məmmədin yanına uzandı. Məmməd o biri böyrü üstə çevrildi. Yəni nırs. . . məndən bir şey istəmə.

Balaxanım Məmmədin kürəyinə sığındı. Bilirdi ki, dünyanın bütün kişiləri kimi Məmməd də kürəyini bir qadın nəfəsinə söykəyib yatmaqdan xoşu gəlir. Və bayaqdan içində saxladığı sözləri qorxa-qorxa dedi: Məmməd, a Məmməd. . .Məmməd yerində qurdalandı. Bu qurdalanmaq da o demək idi ki, yəni, nədi?. ”Qadan alem, a Məmməd, aylığa üç gün qaler, Pul Vəlini görmüşəm, deyir kağızlar hazırdı, üç günə pulu gətirəcəm”. Pul Vəli kassir idi və kolxozun gəlir- çıxarı onun əlindən gəlib keçirdi. Əgər üç gün demişdisə, deməli pulu üç günə də gətirəcəkdi.

Amma Balaxanımın pul söhbətini belə nazik yerdə başlamasında ayrı bir dərd vardı. Bu dərd də o idi ki, pul alan günü Məmmədin curları yığılıb onu yeməkxanaya aparırdılar. Yeməkxana kənddən xeyli aralı idi. Və elə aralı olmasına görə də kəndin kişiləri ayda bir-iki yol yığışıb gedirdilər ora, özləri demişkən “hortdatmağa”. Əgər aylığa üç gün qalırdısa, deməli Məmmədin curları o üç günü saya-saya gözləyəsi idilər. Və pul alınan gün Məmmədi mütləq ora aparası idilər. İnsafən Məmməddən İyirmi manat alar, qalanını özləri xərclərdilər.

Balaxanım həmin bu yataqda , bu zəhrimar üç günü Məmmədin yadına salırdısa, deməli fövqəladə nəsə baş vermişdi və Məmməd yeməkxanaya getməməliydi, o iyirmi manatı da verməməliydi.Balaxanım Məmmədin kürəyini oxşadı:”Heç evə fikir vermirsən, aya. Gədə böyüyüb. qız yekəlib daha. Ayağına ayaqqabı tapşırmışam, Tiflisdən gətirəcəklər, 80 manata. Qasımın oğlunun toyudu bu bazar. Filankəsin oğlu filankəsin qızına elçi yollayıb, verməyiblər. Oğlan qıza bir məktub yazıb. Məktubda sənin sözünü yollayıb qıza. Gülə dediyini deyirəm. ”

Məmmədin gülə dediyi söz də o söz idi ki, yeməkxananın xəyyami bir küncündə oturub yarım araq vurandan sonra Məmmədin ağlına gəlmişdi. Üzünü Qara Kilsə şəhəri səmtinə tutub, uzanıb gedən yollara baxa-baxa yanındakı curlarını unutmuşdu. Gözləri dola-dola pıçıldamışdı: -Hərə bir varlığa deyər dərdini, mən də öz dərdimi gülə demişəm. ”Sonra Məmməd həmin gün çox sözlər demişdi. Və o sözlərin bəziləri ilişib, Məmmədin curlarının yadında qalmışdı. Toyda- nişanda hərdən yada düşürdü. Ordan da gəlib Məmmədin arvadı Balaxanımın və üç uşağının qulaqlarına çatırdı.Kiçik qızı Bəsirəyə həmin şeiri əzbərlətmişdilər. Qonşu arvadlar dili şirin Bəsirəyə tez-tez o şeiri söylədirdilər. ”Bəsi basam, ata gülə soylədiyini de” deyəndə,söyləməyə başlardı.

Məmməd Balaxanım tərəfə çevrilmədi. Balaxanımın nəfəsi kürəyini isitmişdi. Balaxanım yatmışdı. Məmmədin yuxusu qaçdı. O axşam Məmməd gec yatdı.

***

O hadisədən xeyli keçmişdi. Bir axşam yenə çöldən qayıdan Məmməd qənşərdəki təpəyə çatanda qulağına saz səsi gəldi. Bu havanı,bu kənddə Məmməddən savayı heç kim bilmirdi. Məmməd də bu havanı qonşu qızının eşqinə çox-çox illər qabaq çalmışdı. Sonra Məmməd çıxıb əsgərliyə getmişdi. Əsgərlikdən gəlincə, qonşunun qızı da, kəndə təzə gələn bir müəllimə qoşulub Bakıya getmişdi. Qonşunun qızını ilk dəfə həyətin lap o başındakı ərik ağacının altında öpmüşdü. Və qıza demişdi ki, dodaqların kəklikotu dadır, canından kəklikotu ətri gəlir. Qız da söyləmişdi ki , anam mənə boylu olanda kəklikotuya yerikliyirmiş, elə kəklikotu yeyirmiş.

İndi qənşərdə duranda, həmin bu saz havasını eşitdikdə, Məmmədin burnuna kəklikotu qoxusu gəlirdi.Enib evə gəldi. Yenə həmişəki qayda ilə yuyundu. Arvadı həmişəki qayda ilə yenə kəndin bütün xəbərlərini bircə-bircə ovcuna qoydu. Amma bir xəbəri çəkinə-çəkinə -“aya, isterəm sana bir şey deyəm, acığın tutmaz ki. . ?”Məmməd də başını yuxarı qaldırdı, arvadının üzünə baxdı. Bu baxmaq da o demək idi ki, qorxma, ”qırıldat gəlsin”.Arvadı da bunu başa düşdü və dilləndi:-“beş-on gün olar, ya on beş gün olar qonşunun qızı ilə yeznəsi gəlmişdilər. Bir gecə qalıb qayıdıblar, amma böyük qızlarını burda qoyublar. Bizim gədənin saqqızını oğurlayıb deyəsən. Axşamlar görüşüllər. Deyəsən gədənin qəlbinə girib. Özüm görmüşəm dibdəki əriyin altında qollarını gədənin boynuna dolamışdı.

Məmməd heç nə demədi. Bircə çörək yeyəndə gəvənin üstündən asılmış, oğlunun dayısının aldığı saza baxdı. Sazın pərdələri kəsilmişdı. Sazın pərdələrinin kəsilməyi çox şey deyirdi. Sazın pərdələri kəsilibsə, deməli qənşərdə eşitdiyi həmin havanı elə öz oğlu çalırmış. Və əgər oğlu pərdəni kəsib, bu havanı çalırdısa , deməli oğluna nəsə olmuşdu. Pərdələri kəsilmiş sazı çalmaq və bütün gülləri də yerli - yerində vurmaq üçün adama mütləq nəsə olmalı idi, yoxsa. . . .

Bu havanı qədim zamanlarda Məmmədin Məmməd adında babası çalarmış. Həmin Məmməd babaya Övliya Məmməd deyərlərmiş. Otun-suyun, daşın- quşun dilini bilərmiş. Özündən türkülər söylərmiş, sazda ilahi havalar çalarmış. Və Övliya Məmməd qışın qış vaxtında gedib Armud Ocağında diz çöküb yalvarıbmış, ”çiçək istəyirəm, ya ocaq yiyəsi, çiçəkləsin bu armud ağacı”. Guya həmin axşam armud ağacı çiçəkləyibmiş və Övliya Məmməd o çiçəklərə qoşulub qeyb olubmuş.

Məmməd bütün bu danışılanlara inanırdı da, inanmırdı da . Amma indi oğlu pərdələri kəsib o havanı çalmışdısa, deməli bu , haqqın işi idi.

Həmin axşam Məmməd narahat yatdı. Səhər yuxudan duranda yel qonşu səmtdən əsirdi.Burnuna yenə kəklikotu ətri gəlirdi. Üç gün beləcə kəklikotu qoxusuyla gəlib keçdi. Məmməd hiss edirdi ki, oğlu da dəyişib, daha əvvəlki uşaq deyil. Öz cavanlığını, bir də dibdəki əriyin altında ilk dəfə qonşu qızı öpdüyünü xatırladı. Və bir də xatırladı ki, aylığa qalan üç gün deyəsən bitir. Və özlüyündə kəsdirdi ki, curları ta neyləsələr də yeməkxanaya getməsin. Amma deməklə - eləməyin arasinda çox işlər vardı.

Səhər çay-çörəyin üstündə arvadına, gədəni qaldır, özümlə biçinə aparacam, - dedi.Eşşəyi palanlayıb qurtarınca, artiq oğlu hazır vəziyyətdə gözləyirdi. Xurcunu eşşəyin belinə atdı, özü də aşırılıb mindi. Əlini uzadıb kərəntini dirəkdən çıxarıb çiyninə aldı, biçinə sarı yola düşdü. Qənşərə qalxanda gün dağların başından çırtmışdı.Eşşəyin üstündə Məmmədin kölgəsi və dalda gələn oğlunun kölgəsi uzanıb Məmməddən də oğlundan da uzun olmuşdu. Məmməd içində yenə oğlu ilə danışırdı . Amm əslində bu ozüylə danışmaq idi . Soruşurdu, anan dediyi düzdümü, Guya oğlu da cavab verir ki , -“düzdü, ay ata. ”

-Sazın pərdələrini niyə kəsmişdin bəs?

- Mən kəsmədim, gecə yuxuma nurani bir qoca gəldi. Dedi Övliya Məmmədəm mən, mənə “Dərbəndi” havasını çal. Dedim –çalammıram. Dedi –çalacaqsan. Min ildi gözləyirəm səni. Gorum çatlayıb sən gəlincə. Dəmir Qapı havasıdı bu. Sonra həmin qoca dedi, əyil ürəyinə bax. Məmməd də qayıtdı ki,bəs baxdınmı ürəyinə.

Oğlu da qayıdır ki, hə, ata baxdım, gördüm, o qız ərik ağacının altında dayanıb, saçlarını darayır, əynində tüldən başqa heç nə yoxdu. Sonra guya soruşur ki, öpdünmü qızı, kəklikotumu dadır dodaqları? Özü də öz sualına cavab verir-hə də bala, bu nəsil belədi, qadını kəklikotu qoxuyur.Guya oğlu da təsdiq edir ki hə ata, qız da elə deyir.

Beləcə Məmmədin öz-özlüyündə fikri bu idi ki, oğlunu bir-iki günlüyə qızdan ayırsın, bir növü sınağa çəksin cavanları, sevgilərini yoxlasın. Amma gördü ki, axşamacan oğlu yüzillik bir ömür yaşadı və daha o, əvvəlki uşaq deyil.

Əslində oğlu da atasının işlədiyi kələyi başa düşmüşdü. Və bir şeyi də bilirdi ki deyəsən, dəyişən təkcə o özü deyil , elə atası da,elə daha bu dünya da həmin dünya deyil, dəyişib. Əgər dünya həmin dünya olsa idi və atası da həmin Məmməd olsa idi, kərəntini bülövləyəndə , neçə ilin kərənti çəkib, ot biçəni barmağını yaralamazdı.

Bir parça əski yandırıb yaraya basdılar, üstündən yaylıqla sarıdılar. Günorta itburnu pöhrəsinin dibində çörəyə oturdular, iştahsız yedilər. Elə həvəssiz də işlədilər. Axşam çöldən gec qayıtdılar. Elə bil kəndə gəlməyə qorxurdular.

Məmmədin arvadı doqqazın ağzında gözləyirdi. Qonşunun çəpərinin o üzündən hənirti gəlirdi. Qız da gözləyirdi. Bir azdan oğlu həyətin o başına, ərik ağacına tərəf getdi.

Sabah axşam Məmməd biçindən içmiş, sərxoş gəldi. Curları onu yeməkxanaya apara bilməsələr də , araq alıb biçində yaxşıca vurmuşdular.Və Məmməd yarım araq vurandan sonra, bir dəstə kəklikotunu burnuna tutub, ətrini ciyərlərinə çəkib pıçıldamışdı: Hey . . . , gedən yollar,siz getdiniz, biz qaldıq. Yollar, yoxuş yollar, qıraqları naxış yollar, kəkliyimi neylədiz?

Sonra curları istəsələr də Məmməd “Mən öz dərdimi gülə demişəm”-i demədi.

***

Məmməd səhər tezdən durub yaxşıca yuyundu. Pul Vəlinin dünən biçinin üstündə gətirib verdiyi 250 manatın üstündən 20 manat götürüb qalanını arvadına verdi. Keçən ay aparıb bazarda satdığı qoçların pulunun qalıb- qalmadığlnı soruşdu.Arvadı-pul durur dedi. Nişan üzüyü,boyunbağı almağı və bir də qonşunun qızı ilə yeznəsi gələndə xəbər eləməyi tapşırdı. Bir stəkan zoğallı çay üçib, qalxdı. Həmişəki qayda ilə eşşəyi palanladı, xurcunu eşşəyin belinə tulladı, özü də aşırılıb mindi. Elə eşşəyin belindən əlini uzadıb kərəntini dirəkdən aldı,çiyninə qaldırdı,səsləndi: toş. . . şa. . . . a . . .

Günün bütün mövzuları

XS
SM
MD
LG