Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:30

Günel Mövluddan Arif Hacılıya çətin suallar


Günel Mövlud və Arif Hacılı
Günel Mövlud və Arif Hacılı

-

- Yaxşı, deyək ki, mən qərəzliyəm, bəs niyə Əli Novruzov, Emin Aslan, Zaur Qurbanlı, Nicat Qarayev və adları indi yadıma düşməyən gənc intellektlər üçün də Müsavat cazibədar deyil?

- Bu sualınız çox qəribədir.....

- Sonda ən qıcıqlandırıcı sualı vermək istəyirəm: İsa Qəmbər təxminən iyirmi il Başqan oldu. Siz Başqanlıq müddətinizi neçə il planlaşdırır və ya təsəvvür edirsiniz?

- Bu ən.....

Günel Mövludun Müsavat başqanı Arif Hacılı ilə müsahibəsi

- Arif bəy, başqan seçilməyiniz münasibətilə sizi təbrik edirəm. Bu, yeni başqan kimi sizinlə ilk müsahibəmdir və ümid edirəm ki, bu suallardan sonra sonuncu olmayacaq.

Ümid edirəm, suallarımı qərəz və ya ittiham kimi deyil, xoşməramlı jurnalist provakasiyası kimi qarşılayacaqsınız. Arif bəy, bizim nəsil yazarlar daima müxalifəti, o cümlədən Müsavat Partiyasındakı insanları dəyər, ideya deyil, persona, şəxsiyyət, lider ətrafında birləşməkdə qınayırıq.

Siz partiyaya yeni başqan seçilər-seçilməz partiyadaxili parçalanmalar, istefalar başlandı və bu, hələ də davam edir. Bu, onun göstəricisi deyilmi ki, biz fikirlərimizdə haqlı idik və bütün müxalifət düşərgəsində olduğu kimi, Müsavatda da ortaq ideya ya yoxdur, ya da insanları birləşdirmək gücündə deyil?

- Azərbaycanda ideya ətrafında deyil, maddi maraq, şəxsi mənafe ətrafında birləşən siyasi qüvvə hakimiyyətdədir. Məncə, cəmiyyətin əsas problemi budur. Müxalifətdə isə həm maraqlar, həm də ideya ətrafında birləşən qüvvələr var.

80-ci illərin sonunda yaradılan AXC, 90-cı illərin əvvəllərində bərpa edilən Müsavat əsasən ideoloji- siyasi mövqeləri eyni və ya yaxın olan adamları birləşdirirdi. Bu təşkilatlara da kimlərsə maraqlar naminə və ya liderə görə qoşulmuşdu. Zamanında AXC- nin bəlkə də milyonadək üzvü var idi. Müsavatın da yüz minlərlə üzvü olub.

1993 cü ildə qiyam yolu ilə hakimiyyət dəyişikliyi baş verdikdən sonra AXC üzvlərinin yarıdan çoxu, Müsavat üzvlərinin isə üçdə biri bu təşkilatları tərk etdi. Avtoritar ölkələrdə azadlıq uğrunda, demokratiya uğrunda mübarizə uzunmüddətli bir prosesdir.

İsa Qəmbər və Arif Hacılı
İsa Qəmbər və Arif Hacılı

Bu yolu hər kəs bacardığı məsafəyə qədər gedə bilir. Biz isə sprinter deyilik, biz marafonçuyuq. Müsavatın son qurultayından sonra partiyada parçalanma baş vermədi. Belə cəhdlər oldu, lakin baş tutmadı, iflasa uğradı. Seçkilərin nəticələrindən narazı qalan ayrı-ayrı adamlar partiyanı tərk ediblər. Partiyanın bəzi təşkilatlarını azsaylı üzvlərin tərk etməsini parçalanma kimi qiymətləndirmək düzgün deyil.

Qurultayda 200 seçilmiş qurultay nümayəndəsinin səsini almış opponentim bir neçə ay sonra dəbdəbəli Mətbuat Mərkəzinə seçılməmiş 100 müsavatçını da toplaya bilmədi.

İndiki siyasi şəraitdə Müsavatın hətta sıravi üzvü olmaq böyük fədakarlıq tələb edir. Hər kəs bugünkü Müsavat üzvlərinin qatlaşdığı çətinliklərə tab gətirə bilmir. Gedənlərə görə qalanları ittiham etmək ədalətsizlikdir. Müsavat şəxsiyyət ətrafında toplaşan partiya deyil. Amma istənilən quruluşda şəxsiyyətin rolu var. Uzun müddət eyni adamların rəhbərlik etdiyi təşkilat tədricən marginallaşır.

Bunu düşündüyümüz üçün 2001-ci ildə nizamnaməmizə bir nəfərin iki dəfədən artıq başqan seçılməsini yasaqlayan maddə daxil etdik. Qafqazda, bütövlükdə postsovet məkanında bu qaydanı tədbiq edən başqa siyasi partiya varmı? Hətta bir çox demokratik ölkələrin partiyaları da bu qaydanı tətbiq etmir.

- Qayıdaq seçkilərə. Meydan.TV-nin kamerası Müsavat seçkilərini çəkəndə, məlum oldu ki, üzvlərinizin çoxu hələ sivil, normal seçkinin nə və necə olduğunu öyrənməyib. Sizcə, insanlar niyə illər uzunu öz üzvlərinə ciddi, pozuntusuz seçki keçirməyi, seçə bilməyi öyrədə bilməyən bir partiyaya hakimiyyətdə olan və seçkiləri saxtalaşdırmaqda daim ittiham edilən rejimdən daha çox inanmalıdır?

- Müsavat bütün strukturlarına alternativ qaydada, bərabərhüquqlu seçki kampaniyaları da təşkil olunmaqla, gizli səsvermə,iddiaçı tərəflərin paritet əsaslarla formalaşdırdığı seçki kamissiyaları vasitəsilə seçkilər keçirir. Biz hakimiyyətdən bundan daha artığını tələb etmirik. Azərbaycanda, demokratik Gürcüstanda belə seçki qaydaları tədbiq edən başqa siyasi partiya yoxdur. Biz ilk olaraq belə demokratik nümunələr yaradırıq.

Arif Hacılının məhkəməsi, 2011
Arif Hacılının məhkəməsi, 2011

Hələ 2000-ci ildə deputatlığa namizədlər siyahımızı ilkin seçki, praymeriz vasitəsi ilə müəyyən etdik. Proporsional seçki sistemi, ölkə miqyasında ilkin seçki keçirmək üçün siyasi şərait olacaqsa yenə bu qaydadan istifadə ediləcək. Yalnız indi Türkiyədə olan bir partiya - CHP namizədlərini ilkin seçki yolu ilə müəyyən etməyə hazırlaşır və bu, ciddi demokratik islahat kimi Türkiyədə və ölkə dışında təbliğ olunur.

Müsavatın qurultayında baş verən texniki qüsurlar hakimiyətin bizə yaratdığı çətinliklərlə bağlı idi. qurultayın keçirilməsi üçün Əmircanda yerləşən Səttar Bəhlulzadə adına sarayı çətinliklə bir günlüyə və Müsavat üçün külli miqdarda hesab olunan vəsait hesabına almışdıq. Bir neçə saat ərzində başqan, MNTK və Məclis üzvləri seçilməli idi. İki yüzədək namizədin içindən səksənədək Məclis üzvünün seçilməsi xüsusi vaxt itkisinə səbəb olurdu.

Bu problemlər əvvəlcədən məlum olduğu üçün müzakirə edilmiş və Təşkilat Komitəsində opponentlərin konsensusu yolu ilə mümkün qədər çoxsaylı seçki kabinələrinin qurulması(21 seçki kabinəsi qurulmuşdu) kabinələrdə yer qalmayacaqsa, kabinələrdən kənarda da səsvermə zərurəti yaranarsa bunun pozuntu sayılmayacağı barədə qərar qəbul edilmişdi.

Seçkilərin nəticələri, elan olunanadək, hətta ondan sonrakı ilk mərhələdə də şübhə altına alinmırdı. Sonradan isə nəticələrdən narazı qalan bəzi partiya üzvləri cığallıq etdilər. Hamının gözü qarşısında baş verən şəffaf prosesi təhrif etməyə, məlum həqiqətləri danmağa başladılar. Bunula da nüfuzlarını tamamilə itirdilər. Qurultayda mənə ciddi müqavimət göstərən opponetlərimin bu gün partiyada heç 3-5 faizlik də dəstəkləri yoxdur.

- Bu doğrudurmu ki, başqan seçiləndən sonra ənənəvi başqan otağında deyil, başqa otaqda fəaliyyət göstərirsiniz, çünki İsa Qəmbər otağı tərk etmək barədə düşünmür?

- Mən Müsavat başqanı üçün ayrılmış otaqda fəaliyyət göstərirəm. Bu otaqda fəaliyyətim üçün lazımi əmək şəraiti yaradılıb.

- Üzvlərinizin, xüsüsilə də, gənclər təşkilatınızın üzvlərinin bəzi bəyanatları, müxtəlif debatlardakı davranışları ürək parçalayır. Aqressiya, şəxsiyyətə pərəstiş, fərqli fikrə qeyri-tolerant münasibət, dil, intellekt, mütaliə məhdudiyyəti... və nəhayət, köhnə, milli, əyalətçi təfəkkür...

Elə bircə misal gətirim ki, ən parlaq gənclərinizdən biri Tural Abbaslı “mən mitinqə çıxan qadınla ailə qurmaram” tipli bəyanatlar verir. İyirmi ildə xarici dillər bilən, geosiyasi, qlobal mövzuda məlumatlı danışmağı bacaran, liderinin davasını deyil, ideya mübahisəsi edən gəncləriniz hanı?

Arif Hacılı Rəsulzadənin heykəli önündə, soldan ikinci
Arif Hacılı Rəsulzadənin heykəli önündə, soldan ikinci

- Azərbaycan cəmiyyətinin bu gün öz bacarığını tətbiq etmək imkanlarından məhrum edilmiş ciddi intellektual potensialı var. Bu potensialın əksəriyyəti indi ictimai-siyasi proseslərdən kənardadır. Onlar ləkələnməmək üçün iqtidara, təhlükəli olduğu və perspektivinə inanmadıqları üçün müxalifətə qoşulmur. Bu yalnız Müsavatın deyil, Azərbaycan cəmiyyətinin problemidir. Passionar təbəqənin isə əsas hissəsi müxalifət təşkilatlarında, o cümlədən Müsavatda fəaliyyət göstərir.

Qeyd etdiyiniz naqisliklər Müsavat üçün xarakterik deyil. Ümumiyyətlə, istənilən toplum haqqında belə ümumiləşdirilmiş iddialar irəli sürmək olmaz. Haqqımızda belə yanlış təəssüratınızın olmasına görə təəsüflənirəm. Müsavat Partiyasının ciddi elmi potensialı, qlobal prosesləri analiz etmək qabiliyyəti olan, yüksək intellektə malik, Azərbaycanın gələcəyini düşünən, başlıcası isə cəmiyyətin maraqları naminə fədakarlığa hazır olan minlərlə üzvü var.

- Bu an özüm də düşündüm ki, bəlkə, doğrudan da mən Müsavata qarşı qərəzliyəm? Bəlkə bir yazar olaraq, Müsavat Partiyasının mənə cazibədar gəlməməsi partiyanın deyil, mənim problemimdi.

Amma pararel olaraq, sual doğur ki, yaxşı, deyək ki, mən qərəzliyəm, bəs niyə Əli Novruzov, Emin Aslan, Zaur Qurbanlı, Nicat Qarayev və adları indi yadıma düşməyən gənc intellektlər üçün də Müsavat cazibədar deyil? Axı, niyə belə zehinlər sizin partiyada deyil, kənarda yetişir? Ümumiyyətlə, siz bunu partiyanız üçün problem hesab edirsinizmi?

- Bu sualınız çox qəribədir. Bütün zehinlər hökmən Müsavatdamı yetişməlidir? Dediyiniz zehinlər Müsavatdan kənarda yetişir, başqa zehinlər Müsavatda. Bu normaldır.

Müsavatda olan həm elmi, intellektual potensialına, həm də fədakarlığına görə bu gənclərdən geri qalmayan çoxlarının adını çəkmək olar. Kimlərisə fərqləndirmək istəmirəm, əgər hamısının adını çəksəm siyahı çox uzanar.

- Seymur Baycanın gəncləri mitinqə getməməyə çağırmasını necə qəbul elədiniz? Sizcə, o, müxalif düşərgə liderlərinin Anara münasibəti ilə bağlı dediklərində haqlıdırmı? Şəxsən sizin prezident seçkilərində insanları İlham Əliyevə səs verməyə çağıran yazıçı Anara münasibətiniz necədir?

-Bu, Anarı müdafiə mitinqi deyildi. Orada sosial və siyasi tələblər irəli sürülmüşdü. Yəqin ki, mitinqçilər arasında Anarı sevənlər də, sevməyənlər də, bu barədə düşünməyən, Anara münasibətini müəyyənləşdirməyən, bunu əhəmiyyətsiz sayanlar da var idi.

Mənim sevimli yazıçılarım Markesdir, Heminqueydir, Aytmatovdur, qəhrəman hesab etdiklərim Ramiz Qəmbərovdur, Vəzir Orucovdur, Allahverdi Bağırovdur, amma kimsə yazıçı kimi Anarı sevirsə, burada bir problem görmürəm. Bu da mənim hansı kabinetdə fəaliyyət göstərməyim kimi əhəmiyyətsiz məsələdir.

- Başqanlıq dönəminizdə hansısa köklü islahatları, partiyanın siyasətində hansısa dəyişiklikləri nəzərdə tutmusunuz? Biz hansısa yeniliklərin, yeni baxışların şahidi olacağıq, yoxsa, Müsavat həmişə milli partiya olaraq qalacaq? Məsələn, yeni bir Ramil Səfərov hadisəsi olarsa, Müsavat yenəmi eyni addımı atacaq, yoxsa, partiya bir az bəşəriləşməyi planlayır?

-Məncə, milli partiya olmaq qüsur deyil. M.B. Məmmədzadə deyirdi ki,"Müsavatçılıq liberal-demokratik milli məfkurədir". Müsavat ənənələrə söykənən bir partiyadır.Amma ənənələrimiz bu gün də uğrunda mübarizə apardığımız dəyərlərlə əsasən eynidir.

Təəsüüf ki, hələ müsavatçıların 1918-20 ci illərdə yaratdığı demokratik cəmiyyəti bərpa edə bilməmişik. Demokratik seçkilər keçirilmir, qanunun aliliyi, real hakimiyyət bölgüsü prinsiplərinə əməl edilmir, ədalət mühakiməsi, normal səhiyyə, təhsil sistemləri yoxdur.

Liberal iqtisadi münasibətlər sistemi yaradılmır. Konstitusiyada nəzərdə tutulan hüquq və azadlıqlar təmin edilmir. Cəmiyyət korrupsiya və rüşvətxorluq bataqlığında boğulur. Biz müqəddəs dəyərlər uğrunda 100 il bundan əvvəl başlanmış mübarizəni davam etdirəcəyik.

- Sonda ən qıcıqlandırıcı sualı vermək istəyirəm: İsa Qəmbər təxminən iyirmi il Başqan oldu. Siz Başqanlıq müddətinizi neçə il planlaşdırır və ya təsəvvür edirsiniz?

-Bu ən qərəzsiz və ən sadə sualınızdır. Dörd illiyə başqan seçilmişəm. Bir daha etimad göstərsələr daha dörd il başqan olacağam

XS
SM
MD
LG