Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:30

“Manat ucuzlaşmaqda davam edəcək”


-

Aprelin 8-də Azərbaycan mediasının yazdıqlarının qısa icmalını təqdim edirik:

“Yeni Müsavat” qəzeti ekspertlərə istinadən xəbərdarlıq edir: manat ucuzlaşmaqda davam edəcək.

Qəzet yazır ki, Mərkəzi Bank ABŞ dollarının rəsmi məzənnəsini birdən-birə hər 100 dollara 9 qəpik bahalaşdıraraq, 1,0487 AZN səviyyəsindən 1,0496 AZN-ə qədər artırıb. Bu, fevralın 21-də həyata keçirilən devalvasiyadan sonra dolların milli valyutaya qarşı ən ciddi möhkəmlənməsidir.

“Report”un analitik qrupu Mərkəzi Bankın bu qərarını yumşaq devalvasiyanın ilk addımı kimi qiymətləndirir. Nəticədə qarşıdakı günlərdə manatın dəyərinin düşməsi prosesinin davam edəcəyi gözlənilir.

Sayt dünya bazarında neftin bahalaşdığı bir dövrdə Mərkəzi Bankın bu addımını zamansız sayır: “Bu gün yumşaq devalvasiya neftin qiymətinin artmağa başladığı bir zamanda baş verir. Yəni, neftin qiyməti müəyyən müddət yüksəldikdən sonra yenidən ucuzlaşmağa başladıqda, devalvasiyanın üçüncü mərhələsinin şahidi olacağıq. Bunun isə ölkə iqtisadiyyatı üçün ümumən təsiri mənfi olacaq”.

Ekspert Samir Əliyev isə məsələ ilə bağlı açıqlamasında bildirib ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun son açıqlaması manatın ucuzlaşacağı ilə bağlı ekspert rəylərini təsdiqləyir: “Sədrin xüsusilə də, manatın neftin qiymətinə adaptasiyası və idarəolunan üzən məzənnəyə keçidlə bağlı fikri hökumətin devalvasiya alətindən istifadə edəcəyi ehtimalını daha da möhkəmləndirdi”.

Millət vəkili Əli Məsimli də deyib ki, əgər Mərkəzi Bank 21 fevral devalvasiyasından keçən bu ayyarım ərzində manatın dollara nisbətdə hazırkı məzənnəsinin nisbi sabitliyini təmin etməkdən ötrü 1 milyard dollar vəsait sərf edibsə, bu, artıq çox ciddi siqnaldır: “Həmin xərcləri azaltmaqdan ötrü yumşaq devalvasiya gözləniləndir”.

BÜDCƏNİ HANSI MƏMURLAR ÇÖKDÜRƏ BİLƏR?

“Azadlıq” qəzeti yazır ki, hökumət Dövlət Neft Fondundan transferlər etməklə, habelə vergi ödəmələrində ciddi tədbirlərə əl atmaqla dövlət büdcəsindəki kəsiri örtməyə çalışır. Amma dövlətin 6 iri vergi ödəyicisinin, böyük şirkətlərin büdcəyə külli miqdarda borcları var ki, burada ciddi nizam-intizamın yaradılması yada düşmür:

“Hazırda dövlətə iri vergi ödəyicilərinin 2,2 milyard manat borcu var. Bu borcların ildən-ilə azalması isə kağız üzərindədir. Belə ki, 2009-cu ildə həmin müəssisələrin vergi borcları 7 milyard manatı haqlamışdı. Onların azalması heç də vergi yığımlarında nizam-intizamın yaradılması ilə deyil, dövlətin tədricən debitor borcları bağışlaması ilə əlaqədardır. Dövlət şirkətlərindən vergi yığımlarında anarxiya isə hələ də davam etməkdədir. Məsələn, “Fitch” Ratings hesabatında “Azərenerji”nin 2013-cü ildə dövlət büdcəsinə 700 milyon manat borcu olduğunu göstərmişdi. Bundan əlavə, “Azərenerji”nin Dövlət Neft Şirkətinə qaza görə borcu 1 oktyabr 2014-cü il tarixinə 385 milyon manata çatıb. Eyni vəziyyət, vergi ödənişlərinə məsuliyyətsiz yanaşma digər iri vergi ödəyicilərində də mövcuddur. Dövlət Neft Şirkəti istisna olmaqla, demək olar, onların hamısının - “Azərenerji” ASC-nin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, “Azərsu” SC-nin, “Azərbaycan Hava Yolları”nın (AZAL), Xəzər Dəniz Gəmiçiliyinin və Bakı Metropoliteninin yalnız adları “iri vergi” ödəyicisi olaraq qalır”.

Mövzu ilə bağlı redaksiyaya açıqlamasında ekspert Məhəmməd Talıblı deyib ki, indi bəzi dövlət şirkətlərinin artıq muxtar hüquq əldə etməklə qiymət artımlarına getmək niyyətləri hiss olunur.

“BAHALAŞMA MƏNƏ BƏHANƏ VERİB Kİ, BİR AZ AZ YEYİM”

Sadə vətəndaşın yaşayışına, büdcəsinə kifayət qədər təsir edən devalvasiya prosesi, millətin səsi ilə seçildiklərini iddia edən deputatlara hansı dərəcədə təsir edib? Bunu modern.az araşdırmağa çalışıb, deputatlar arasında sorğu keçirib:

“Vahid Əhmədov: Mən özüm ezamiyyətlə əlaqədar vəsait yığırdım. Həmin vəsaiti banka manat olaraq yatırmışdım. Hamı kimi mən də 33 faiz itirdim. Devalvasiyadan sonra, əlbəttə, hər bir insan kimi mən də çalışıram ki, xərcləmələrdə müəyyən qədər qənaət edim”.

Zahid Oruc: Şəxsi büdcəm yalnız parlamentdən aldığım maaş olduğundan, xarici səfərlərə gedəndə, yaxud müalicə, pul göndərişi və digər proseslərdə pul dəyişdirəndə o fərqi hiss edirəm.

Fazil Mustafa: Ailəmdə onsuz da xərclər kifayət qədər azdır. Nəzərə alın ki, şəxsi sürücüm yoxdur, avtomobilim də sadədir. Yaşayış şərtlərində qulluqçumuz yoxdur, hətta bağımda belə, bütün işləri özüm yerinə yetirirəm. Ona görə də bu baxımdan narahat deyiləm. Məsələ ancaq özümlə bağlıdır. Yeməyimi də devalvasiyadan öncə pəhriz üçün azaltmışdım, bu baxımdan da əziyyət çəkmirəm. Əslində bahalaşma mənə bəhanə verib ki, bir az az yeyim, çox məsrəf sərf etməyim”.

Siyavuş Novruzov: Əmək haqqımı Milli Məclisdən manatla aldığımdan istər-istəməz devalvasiyanın mənə də təsiri olub. Amma ölkədə ciddi bahalaşma yoxdur”.

“ERMƏNİLƏRƏ VƏTƏNDAŞLIQ VERƏ BİLƏRİK, ƏGƏR…”

“Dağlıq Qarabağ münaqişəsi başlayana qədər orada yaşayan ermənilər Azərbaycan qanunları ilə yaşayırdılar. Əgər indi də onlar Azərbaycan qanunlarını qəbul edib ölkə konstitusiyasına riayət edərlərsə, biz həmin ermənilərə qanun çərçivəsində vətəndaşlıq verə bilərik”.

Bu fikirləri yap.org.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. Bildirib ki, azərbaycanlılara qarşı törədilən cinayətlərdə əli olmayan Qarabağ erməniləri Azərbaycanın qanunları çərçivəsində yaşamaq istəyirlərsə, dövlət buna hazırdır:

“ Əsas məsələ budur ki, Qarabağ erməniləri Azərbaycanın ərazi bütövlüyünü tanısınlar və ölkəmizin qanunlarını qəbul etsinlər. Hesab edirəm ki, Qarabağ erməniləri gec-tez Azərbaycan qanunları əsasında yaşayacaqlar”- deyə, E.Məmmədov qeyd edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG