Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:16

7 iddiaçıdan 1-ə Vəkillər Kollegiyasına üzv olmaq şansı verilib


Arxiv fotosu

Arxiv fotosu

.

Azərbaycanda vəkillərin sayı 934 nəfərə çatıb. 2015-ci ildə daha 154 nəfər vəkil adı qazanıb. Amma bu 154 nəfər imthanlara qatılanların cəmi 30 faizidir. Yəni, qalan 70 faiz iddiaçı imtahandan keçə bilməyib.

2015-ci ildə Azərbaycan Vəkillər Kollegiyasına üzv seçilmək üçün imtahanlara ümumilikdə 706 nəfər sənəd verib. İmtahanlara qatılanlardan 215 nəfəri II mərhələyə adlayıb. İkinci mərhələdən sonra 154 nəfər vəkil vəsiqəsi qazanıb.

Azərbaycanda vəkil kimi tam hüquqlarla fəaliyyət göstərə bilmək üçün bu Kollegiyaya üzv olub onun vəsiqəsini əldə etmək lazımdır. Bu quruma üzv olmayanlar xüsusilə cinayət işləri üzrə məhkəmələrdə hüquq-müdafiəsi prosesində iştirak edə bilmirlər.

70 FAİZ MİNİMUM BALI TOPLAYA BİLMƏYİB...

Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov imhatanlarda belə aşağı nəticəni namizədlərin savadı ilə dəyərləndirir:

“Hazırlıqları yoxdur. Özü də bizdə test imtahanlarından 60 baldan yuxarı nəticə toplayanlar ikinci mərhələyə keçirlər. Belkə, aralarında savadlısı da var. Amma bu 60 balı belə toplaya bilmirlər. Düzdür, ilbəil vəkil olmaq istəyənlərin sayı artır. Digəl ki, imtahanlardan keçənlərin sayı azadır. Biz də istəyirik ki, ölkədə vəkillərin sayı artsın”.

İmtahanlarda namizədlərə 100 sual təqdim olunur. Suallardan 80-i qanunvericilikdən, 20-si məntiqdən olur. İkinci mərhələdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin 11 nəfərdən ibarət ixtisas komissiyası üzvləri (5 nəfər vəkil, 3 nəfər hakim, 3 nəfər alim) namizədlərə şifahi suallar verirlər. Rəyasət heyətindən müsbət rəy alanlar Kollegiyaya üzv olurlar.

Ənnağı Hacıbəyli

Ənnağı Hacıbəyli

“5-6 QHT VARDI, ONLARA DA CİNAYƏT İŞİ QALDIRIB...”

Azərbaycan Hüquqşular Assosiyasiyasının prezidenti Ənnağı Hacıbəyli vəkilliyə namizədlərin aşağı nəticə göstərmələrini bir neçə səbəblə bağlayır:

“Birincisi ölkədə hüquq təhsili bərbad vəziyyətdədir. Ötən imtahanda iştirakçıların 1/3 keçə bilməmişdi, bu dəfə 2/3 minimum balı belə toplaya bilməyib. Bu da hüquq təhsilinin bərbad durumundan xəbər verir.

İkinci səbəb də Ədliyyə Nazirliyinin, Vəkillər Kollegiyasının hüquqi marifləndirmə işi ilə bağlı olmamasının göstəricisidir. Azərbaycan televiziyalarında bir dənə də olsun hüquqi veriliş yoxdur. Hüquqi maarifləndirmə ilə məşğul olan 5-6 QHT vardı, onlar haqda cinayət işi başladıb, bank hesablarına həbs qoyub işlərini müflis ediblər. Əsas səbəblər bunlardır”.

VƏKİLLƏR KOLLEGİYASINA ÜZV OLA BİLMƏYƏNLƏR...

Azərbaycanda hüquqi maarifləndirmə ilə məşğul olan təşkilatlardan biri, bəlkə də birincisi sayılan Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev də Kollegiyaya üzv ola bilməyənlərdəndir. Onlarla hüquqi nəşrlərin müəllifi, gənc hüquqçuların müəllimi olan İntiqam Əliyev indi həbsdədir. İntiqam Əliyev də vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunur. Avropa Məhkəməsinə Azərbaycandan göndərilən şikayətlərin azı 200-nü o hazırlayıb. Beynəlxalq qurumlar onun həbsini siyasi motivli sayır.

Siyasi motivlə vəkillikdən uzaqlaşdırıldıqlarını iddia edənlər də az deyil.

Bir nümunə: Real Hərəkatının sədri İlqar Məmmədovun, hüquq müdafiəçisi Leyla Yunusun və digərlərinin vəkili olmuş Xalid Bağırov Vəkillər Kollegiyasından çıxarılma təhlükəsindədir. Onun vəkillikdən çıxarılması ilə bağlı məhkəmə prosesi davam edir.

Elçin Namazov, Aslan İsmayılov... və beləcə son illər vəkillikdən kənarlaşdırılanlarla bağlı siyahını artırmaq da olar.

Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov belə iddiaları rədd edir. Kiminsə siyasi işlərə çıxmasına görə, vəkillikdən uzaqlaşdırılması haqda fikirlərlə razılaşmır.

TESTDƏN KEÇDİ AMMA...

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunu Nurlana Əliyeva 9 ildir hüquq sahəsində çalışır. 2011-ci ildə Vəkillər Kollegiyasına üzvlüklə bağlı imtahanlara qatılıb. Testdən 62 bal toplayıb, 2-ci mərhələyə keçib. Amma ikinci mərhələdən keçə bilməyib. Səbəbsə ona əsaslandırılmayıb. Deyir ki, ona “imtahanı keçməniz barədə İxtisas Komissiyasının rəyi verilmir” deyə bildirilib. Əlavə nə bir açıqlama, nə bir şərh.

Ənnağı Hacıbəyli belə hallarla xeyli namizədlərin rastlaşdığını yada salır:

“Əsas qanunsuzluq, siyasi yanaşmalar, qərəz şifahi – müsahibə mərhələsində olur. O mərhələdə ölkənin onlarla tanınmış vəkillərinə əngəl yaradılıb”.

Azərbaycanda hər 10 min nəfərə bir vəkil düşür. Bu nəinki inkişaf etmiş, hətta Azərbaycanın qonşuluğundakı ölkələrlə müqayisədə daha azdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG