Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:43

Batan gəmidə ölən azərbaycanlıların yaxınları meyitləri tanıyıblar


"Uzaq Şərq" (Dalniy Vostok) gəmisi
"Uzaq Şərq" (Dalniy Vostok) gəmisi

-

Ümumrusiya Azərbaycan Konqresinin Saxalin vilayəti üzrə rəhbəri Nazir Hətəmov Oxot dənizində batan “Uzaq Şərq” (Dalny Vostok) balıqçı gəmisinin xilas olunan azərbaycanlı heyət üzvü, hazırda Saxalində müalicə alan İmaməddin Sadıqova baş çəkib.

N. Hətəmov APA-ya açıqlamasında bildirib ki, batan gəmidə xilas olunanlardan birinin - Mayılağa Talıbovun vəziyyəti ağırdır: “Digərlərinin vəziyyəti isə normaldır. Xilas olunanlardan üç nəfəri Saxalinə gətirilib, bir nəfər - Elman Əliyev Maqadanda xəstəxanaya yerləşdirilib”.

Diaspor rəhbəri Saxalin vilayətinin qubernatoru Oleq Kojemyako ilə görüşdüyünü də söyləyib: “Xilas olunanları və ölənləri daşıyan “Andramed” gəmisi bu gün saat 10:00 radələrində Korsakov limanına çatıb. Saxalin qubernatoru Oleq Kojemyako, gəmidə olan insanların yaxınları gəmini qarşılamağa gəlmişdilər. Biz də Azərbaycan diasporu olaraq oradaydıq. Saxalin qubernatoru bizimlə söhbətində xilas olunan və həyatlarını itirən azərbaycanlılarla maraqlandı. Əllərindən gələn köməyi edəcəklərini söylədi”.

N. Hətəmov ölən azərbaycanlıların qohumlarının meyitlərə baxış keçirdiyini bildirib: “Yaxınları meyitləri tanıdılar. Hazırda cəsədlər morqdadır. Onların Azərbaycana göndərilməsi ilə məşğuluq”.

Oxot dənizində “Uzaq Şərq” balıqçı gəmisi aprelin 1-dən 2-nə keçən gecə Maqadan şəhərindən 300 km aralıda batıb. Gəmidən SOS siqnalı gəlməyib. Gəminin 132 nəfərdən ibarət heyətinin 78-nin Rusiya, 54-nün isə başqa ölkə vətəndaşları olduğu bildirilib. Qəza nəticəsində 56 nəfərin öldüyü, 13 nəfərin itkin düşdüyü açıqlanıb. Gəminin heyəti arasında 7 nəfər azərbaycanlıdan dördü - Mayılağa Talıbov, Elman və Yaşar Əliyev qardaşları, İmaməddin Sadıqov xilas ediliblər. Digər üç nəfər - Məhəmməd Səfərov, Muradəli Məhərrəmov və Fazil Şəkərov isə boğularaq ölüblər. ​

XS
SM
MD
LG