Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:11

Prezident Əliyev islamafobiyadan danışır


İlham Əliyev Səudiyyə Kralı Salman Bin Abdulaziz Al Saud ilə də görüşüb
İlham Əliyev Səudiyyə Kralı Salman Bin Abdulaziz Al Saud ilə də görüşüb

-

“Azərbaycan” qəzeti prezident İlham Əiyevin Ciddədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşündən yazır.

İlham Əliyev çıxışında 2017-ci ildə Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarından danışıb: “Bu, həmçinin birliyimizə verilən töhfədir. Çünki Oyunlar təkcə idman yarışı olmayacaq, eyni zamanda, birliyimizin, müsəlman aləmində gənc nəsillərimizin həmrəyliyinin günləri olacaq”.

Prezident daha sonra islamafobiyaya toxunub: “İslamı dünyaya təhlükə kimi təqdim etmək istəyənlərə imkan verməmək üçün biz daha çox çalışmalıyıq, səylərimizi birləşdirməliyik. İslam sülh və qardaşlıq dinidir. Biz bunu bilirik. Hər kəs bunu bilməlidir. Dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzü və gələcəklə bağlı planlarımızı düzgün şəkildə çatdırmaq üçün daha fəal olmalıyıq”.

​İlham Əliyev həmçinin bildirib ki, Azərbaycan iştirak etdiyi bütün beynəlxalq forum və təşkilatlarda müsəlman qardaşlarını dəstəkləməkdə davam edəcək: “...öz məqsədlərimizə nail olacağıq, müsəlman aləmində hamımız üçün çox zəruri olan daha güclü tərəfdaşlıq və birlik quracağıq. Hesab edirəm ki, hazırda aparıcı beynəlxalq təşkilatlardan birinə çevrilmiş İslam Əməkdaşlıq Təşkilatı ilə öz məqsədlərimizə nail olacağıq”.

DÖVLƏTƏ BORCLU OLAN “İRİ VERGİ ÖDƏYİCİLƏRİ” KİMLƏRDİ?

Aprelin 7-də çıxan “Bizim yol”un manşeti belə adlanır: “İri vergi ödəyicilərinin dövlətə 2,2 milyard borcu var”.

Qəzet yazır ki, «AZAL», «Azərsu», Azəriqaz», «Azərişıq», Bakı Metropoliteni, Rabitə və Yüksək TexnologiyalarNazirliyi dövlətdən külli miqdarda vəsait alsa da, borcları üst-üstə yığılır.

“Amma nədənsə, vergi "intizamı" dedikdə, hökumət daha çox sahibkarları və əhalini "yadına salır". Dövlətin 6 iri vergi ödəyicisinin, böyük şirkətlərin büdcəyə külli miqdarda borcları var ki, burada ciddi nizam-intizamın yaradılması yada düşmür.

Hazırda dövlətə iri vergi ödəyicilərinin 2,2 milyard manat borcu var. Bu borcların ildən-ilə azalması isə kağız üzərindədir. 2009-cu ildə həmin müəssisələrin vergi borcları 7 milyard manatı haqlamışdı. Onların azalması heç də vergi yığımlarında nizam-intizamın yaradılması ilə deyil, dövlətin tədricən debütor borcları bağışlaması ilə əlaqədardır. Dövlət şirkətlərin vergi yığımlarında anarxiya isə hələ də davam etməkdədir.

Dövlət Neft Şirkəti istisna olmaqla, "Azərenerji" ASC-nin, "Azərbaycan Dəmir Yolları" QSC-nin, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, "Azərsu" SC-nin, "Azərbaycan Hava Yolları"nın (AZAL), Xəzər Dəniz Gəmiçiliyinin və Bakı Metropoliteninin yalnız adları "iri vergi" ödəyicisi olaraq qalır. Bu strukturların hər biri büdcədən həm dotasiya, həm də investisiya xərcləri əldə etməklə, dövlət vəsaitlərinin səmərəsiz və qeyri-şəffaf istifadəsi ilə məşğuldurlar. Eyni zamanda xarici maliyyə qurumlarında dövlət zəmanəti əsasında böyük həcmdə kreditlər alırlar. Əlbəttə, onların geri qaytarılmasının böyük əksəriyyəti dövlət büdcəsinin boynundadır”.

İqtisadçı-ekspert Qadir İbrahimli qəzetə bildirib ki, əksər hallarda həmin borclar Nazirlər Kabinetinin qərarı ilə silinir. Bu yolla vergi borclarının həcmini azaldırlar. Hər dəfə borcların bağışlanılması göstərir ki, hökumət problemin həllində maraqlı deyil".

Q.İbrahimli onu da deyib ki, nəhəng şirkətlərin zərərlə işləməsi mümkün deyil: “Sadəcə korrupsiya mühiti var və bunun nəticəsində büdcəyə borclar yaranır, sonra da silinir".

AZAL BİLETLƏRİN BAHALAŞMASINA AÇIQLIQ GƏTİRİR, KEÇMİŞ RƏSMİSƏ...

“Yeni Müsavat” “AZAL-ın Bakı-Berlin reysinin indidən fiaskoya uğradı”ğını yazır.

AZAL-ın təyyarəsi
AZAL-ın təyyarəsi

Qəzet AZAL şirkətinin Bakı-Berlin və Berlin-Baki reysinin qiymətləriylə maraqlanıb. Qiymətlərdən məlum olub ki, Bakı-Berlin reysi üzrə bilet qiymətləri günlərdən asılı olaraq, 392.33 AZN, 228.32 AZN, 437.83 AZN olaraq dəyişir. Berlin-Bakı reysi üzrə bilet qiymətləri isə 245.76 AZN, 466.67 AZN, 421.07 AZN-dir.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli “Yeni Müsavat”a deyib ki, Bakı-Berlin-Bakı reysi üzrə bilet qiymətləri normativlərə uyğundur: “Azərbaycan Hava Yollarına məxsus təyyarələri nə Pegasus, nə də digər şirkətlərinki ilə müqayisə etmək olmaz. Bizim təyyarələrimiz daha komfortludur, servisimiz isə yüksək səviyyədədir. Biz biletlərin qiymətini artırmamışıq. Sadəcə, avro bahalaşdığı üçün ola bilər ki, fərq hiss olunsun”.

O deyib ki, AZAL özəl şirkətdir, MDB məkanında "Boinq 787" təyyarəsi ancaq bu şirkətdədir. “Pegasusun təyyarəsi bizimki kimi ola bilməz. Texniki cəhətdən daha üstündür. Qiymət fərqi xidmətin keyfiyyətinə görədir, bizim bütün təyyarələrimiz hamısı təzədir”.

AZAL-ın sabiq prezidenti Ədalət Əliyev hesab edir ki, dövlət monopoliyanın qarşısını almalıdır. O AZAL-ın “təhlükəsizlik tələbləri”ylə bağlı dediklərini qəbul etməyib: “O tələblərə bütün aviaşirkətlər eyni dərəcədə əməl edir. Yemək, servis məsələlərini önə çəkirlər. O yeməklərin toplam qiyməti nə qədər ola bilər? 10-12 dollar. Bu, qiymətlərin bu qədər yüksək olmasına səbəb olmalıdır?”

XS
SM
MD
LG