Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:25

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov “Forbes” jurnalında dərc olunmuş iddiaları şərh etməkdən imtina edib.

“Forbes” yazıb ki, guya Ukrayna prezidenti Petro Poroshenko Rusiya prezidenti Vladimir Putinə “Donbası götürməyi” təklif edib.

Bazar ertəsi “Forbes” bir neçə mənbəyə istinadən məlumat verib ki, guya bu barədə Vladimir Putin martın 19-da biznesmenlərlə keçirdiyi görüşdə deyib.

Jurnal bildirir ki, Putin Poroshenko-nun təklifini rədd edib.

Qapalı görüşdən nə şərh?

İki prezident arasında bu mükalimənin isə fevralın 11-12-də Minskdə yer aldığı bildirilir.

Dmitri Peskov bu xəbəri şərh etmək istəməyib. Vladmir Putinin sözçüsü deyib ki, “Forbes” bu söhbətin guya qapalı danışıqlarda getdiyini yazıb.

“Biz isə qapalı görüşlər barədə şərh vermirik” – deyib Peskov.

Bununla yanaşı Putinin sözçüsü bu söhbətin ortalığa çıxmasından əsəbiləşdiyini də gizlədə bilməyib: “Heç də yaxşı hal deyildir ki, bu tədbirin bəzi iştirakçıları prezidentlə söhbətin məzmunu barədə xəbər veriblər. Yalan deyirlər, düz deyirlər, bunu onların öz vicdanlarının öhdəsinə buraxıram. Mən bu barədə heç bir şərh verə bilmərəm”.

Deməyinə deyib...amma

Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri Aleksandr Shokhin isə RİA Novosti agentliyinə deyib ki, prezident Putinin dedikləri təhrif edilib.

“Vladimir Vladimirovich-in sözlərinin təhrif olunduğu faktdır, - deyib Shokhin, - Orada söhbət Rusiya və Ukraynanın münasibətlərindən gedirdi. Lakin mən onun sözlərini təkrar etmək istəmirəm...Bu, yanlış interpretasiyadır, lakin təkrar etmək, şərh vermək niyyətində deyiləm”...

Aleksandr Shokhin də xəbərin yayılmasından pərt olduğunu deyib: “Belə sızmalardan sonra, mən daha qapalı görüşlər barədə xahiş edə bilmərəm. Mənim həmkarlarımdan kimsə Sənayeçilər və Sahibkarlar İttifaqını pis vəziyyətdə qoyub...”

Rusiya mediası yazır ki, bu xəbər Ukraynada qarışıq reaksiyaya səbəb olub. Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Yevhen Perebiynis özünün Tvitter hesabında yazıb: “Ubiraytes iz Donbassa” (Donbasdan rədd olun), “Zabirayte Donbass” (Donbası götürün) demək deyil.

Krımı çıxmaq şərtilə ərazi bütövlüyü

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksandr Turchinov deyib ki, Moskva bu kimi xəbərləri yaymaqla, “Ukraynanın şərqindəki təcavüzünü dünyaya izah etməyə və legitimləşdirməyə çalışır”.

“Bizim Rusiya tərəfinə hər hansı “hədiyyələrimiz” barədə xəbəri ciddi qəbul etmək lazım deyil, - deyib Turchinov.

O əlavə edib ki, Donbass da Krım kimi Ukraynanın ayrılmaz tərkib hissəsidir.

Turchinovun dediyinə görə, işğal olunmuş ərazilərin dövlət tərəfindən maliyyələşdirilməsi yalnız bu ərazilərdə Ukrayna hökumətinin nəzarəti bərpa edildikdən sonra bərpa oluna bilər”.

Rusiya hökuməti dəfələrlə bəyan edib ki, “Krımı çıxmaq şərtilə” Ukraynanın ərazi bütövlüyünü tanıyır.

“Rusiyanın nöqteyi nəzərindən bizim indiki vəziyyətdə tanıdığımız Ukrayna ərazicə bütövdür və bu şəkildə də dəstəklənməlidir” – deyib Rusiya xarici işlər naziri Sergei Lavrov.

Kişiyə söz deyərlər

RBK.ru saytı xatırladır ki, Rusiya prezidentinin Ukrayna barədə dediklərinin üçüncü tərəfdən xəbərlənməsi ilk dəfə baş vermir, bu isə şaiyələrin yayılmasına səbəb olur.

Ötən sentyabrda İtaliyanın “La Repubblica” qəzeti Avropa Komissiyasının prezidenti Xose Manuel Barrosaya istinadən yazmışdı ki, guya Putin “istəsəm, Kiyevi iki həftəyə alaram” deyibmiş.

O vaxt Putinin sözçüsü izah etmişdi ki, prezidentin sözləri konteksdən çıxarılıb.

Üstəlik, sözçü Barrosa-nı “ciddi siyasi xadimə yaraşmayan hərəkət”də günahlandırmışdı.

Putin Poroshenko-ya: “Başına hava gəlib, nədi?”

Rusiya mediasının yazdığına görə, “Forbes” jurnalının müsahiblərindən biri Putinin sənayeçilərlə qapalı iclasda dediklərini belə nəql edib: “O (Poroshenko) mənə elə belə də dedi: “Götürün Donbası”. Mənsə ona dedim: “Başına hava gəlib, nədi? Əgər sizə lazım deyilsə, ona müstəqillik verin”.

Guya bunun cavabında Poroshenko deyib kİ, Kiyev buna gedə bilməz.

Putin isə söhbəti davam etdirərək deyib ki, onda Ukrayna Donbasda yaşayanların pensiyalarını və müavinətlərini verməli, bank sistemini bərpa etməlidir.

“Forbes” yazır ki, onun adının çəkilməsini istəməyən başqa müsahibi Poroshenko-nun Rusiyaya Donbası maliyyə öhdəçiliyinə götürməyi xahiş etdiyini söyləyib.

Şərhləri göstər

XS
SM
MD
LG