Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:53

Nemtsovun qətlindən 40 gün keçir...


Boris Nemtsov
Boris Nemtsov

-

Aprelin 7-də Rusiya müxalifətinin liderlərindən biri Boris Nemtsovun Moskvada, Kremlin iki addımlığında öldürülməsindən 40 gün keçir.

Rusiya paytaxtında və başqa şəhərlərdə siyasətçini anma mərasimi – “Susmamaq dəqiqəsi” keçirilməlidir.

Aksiya təşkilatçıları yazırlar: “Biz qətlin baş verdiyi yerə gül gətiririk, onları yığışdırırlar. Biz Boris Nemtsovun xatirəsinə həsr olunmuş konsert təşkil edirik, onu qadağan edirlər. Bizə işarə verirlər ki, yaxşısı budur unudun. Ancaq biz xatırlayırıq. Aprelin 7-də səhər saat 11-də harda olursunuz-olun – Moskvada, Kremlin yaxınlığında, ölkənin istənilən şəhərində və ya başqa ölkədə Rusiya səfirliyinin yanında – Nemtsovu anmaq üçün bütün piyadalardan bir dəqiqəliyə durmağı xahiş edirik, bütün avtomobil sürücülərinin isə siqnal verməsini rica edirik. Biz xatırlayırıq. Biz eşidilirik”.

“Susmamaq dəqiqəsi”ndən sonra Nemtsovun yaşadığı evin yaxınlığındakı kilsədə mərasim keçiriləcək.

Eyni zamanda Nemtsova həsr edilmiş xatirə konserti də planlaşdırılıb. Onlarla musiqiçi, o cümlədən Andrey Makareviç, Yuriy Şevçuk, “Bi-2” qrupu, Petr Naliç ideyaya dəstək çıxıblar, ancaq tədbiri paytaxt meydanlarından heç birində keçirmək mümkün olmayıb. Meydanı “Dojd” kanalı verib – öz efirində, kanalın təşkil etdiyi telemarafonda musiqiçilərlə yanaşı Nemtsovu tanıyan ictimai xadimlər də iştirak edəcəklər.

Konsertin təşkilatçılarından Mixail Kozırev deyib ki, onlar tədbiri 2 min tamaşaçının sığışacağı zal və ya meydanlardan birində keçirmək istəyiblər:

Andrey Makarevitch
Andrey Makarevitch

“Moskvada belə meydançaların sayı məhduddur. Bizim təsəvvürümüzə görə, bu əsl canlı pok-n-roll konserti olmalıydı, nəinki azsaylı insanlar – Nemtsovu tanıyanlar və dostları üçün kamera tədbiri. Bu, bütün arzulayanlar üçün pulsuz konsert olmalı idi. Biz bir-bir meydança sahiblərinə zəng vurduq, amma hamısı bizə rədd cavabı verdi. Bu dəfə beş konsert zalına telefon açdıq, cavab yenə eyni idi”.

Təşkilatçı deyir ki, bəzən klub sahibləri onlara səmimi şəkildə güc strukturlarından olan kuratorla məsləhətləşəcəklərini etiraf ediblər. Bir-iki gün sonrasa onlara “bizə bu konserti keçirməyi məsləhət görmədilər” kimi cavablar veriblər. “Özü də biz hər birinə başa salırdıq ki, bu, siyasi mitinq deyil, heç bir siyasi şüar, banner olmayacaq, səhnədə ancaq musiqiçilər, bir də konserti açacaq Boris Yefimoviçin qızı Janna olacaq. Ancaq bununla belə, hər dəfə danışıqların nəticəsi eyni olurdu”.

Təşkilatçılar bu mənzərəni “dəhşətli” adlandırıblar. Onlardan biri Aleksandr Çeparuxin deyib ki, klub sahibləri kimi musiqiçilər də tədbirə qatılmaqdan imtina etsəydilər, o zaman“faşist cəmiyyətində” yaşadıqlarını demək olardı. Onun sözlərinə görə, musiqiçilərin tədbirə qatılması təsəlli verməsə də, ümidvericidir.

Boris Nemtsovun qətlinə görə 5 nəfər həbs olunub.

XS
SM
MD
LG