Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:15

"Ayaqqabımız yoxdur deyə kədərlənincə, ayağımız var deyə sevinək"


Xəyyam Ağa
Xəyyam Ağa

-

"Əgər biz bu gün təhsil səviyyəsinin aşağı olduğu bir ölkədə yaşayırıqsa, televiziya efirində daha çox bayağı verilişlərin sayı artırsa...amma bununla belə dükanlarda kitab satılırsa, deməli, bədbin olmağa dəyməz... "​

Facebookdakı "Kitab" səhifəsinin admini Xəyyam Ağa ilə söhbət

- “Kitab” hansı zərurətdən yarandı? Ədəbiyyat və kitab sizin üçün nədir?

- Keçən əsrin ortalarına kimi insanların əsas informasiya mənbəyi kitab idi, sonra televiziya kitaba rəqib oldu. Müasir dövrdə isə əsas məlumat bazası internetdi.

Facebookun bizə verdiyi imkanlardan faydalanaraq istədik həm özümüz maariflənək, həm də başqa insanları maarifləndirək.

Bu məqsədlə 4 il bundan qabaq "Kitab" səhifəsini yaratdıq. Oxuculara ədəbiyyat seçimində yardımçı olmaq, onları istiqamətləndirmək ilk gündən əsas amalımız olub.

Facebookdakı "Kitab" səhifəsi
Facebookdakı "Kitab" səhifəsi

Bir ölkənin ədəbiyyatı ilə tanış olmaq bizə həmin ölkənin tarixi, siyasi quruluşu, mədəniyyəti, ictimai şüuru, insanların gündəlik həyat tərzi ilə yaxından tanış olmaq imkanı yaradır.

Kitab oxumadan yüksək dünyagörüş səviyyəsinə çatmaq, müstəqil düşüncə tərzini formalaşdırmaq, intellektə sahib olmaq, səlis nitq qabiliyyətinə malik olmaq mümkün deyil. Ona görə insanın həyatda qazandığı uğurların və düşüncə tərzinin formalaşmasının əsasında oxuduğu kitablar durur.

- Kitabın təbliği üçün konkret hansı işlər görürsünüz?

- Təhsil səviyyəsinin aşağı olduğu bir ölkədə kitabın təbliğinə böyük ehtiyac var. Səhifə daim öz adına uyğun olaraq intellektual mövzularda paylaşımlara üstünlük verir. "Kitab"da təqdim etdiyimiz əksər mövzular, məlumatlar, tarixin gizli və aşkar faktları, kitablardan parçalar, sitatlar və s. ilə izləyicilərimizdə maraq oyadıb, onların biliyə sahib olmasına, intellekt səviyyəsinin artmasına, məlumat bazasının genişlənməsinə öz töhfəmizi verməyə çalışırıq.

Təəssüf ki, Azərbaycanda kitabların qiyməti çox bahadı. Məhz kitabların baha olması oxucu kütləsinin sayına öz təsirini göstərir. Yeni tərcümə edilən nəşrlərin tərcümə keyfiyyəti və redaktəsi qənaətbəxş səviyyədə deyil.

- Ədəbiyyatda, ədəbi mühitdə bir boşluq görürsünüz?

Xəyyam Ağa
Xəyyam Ağa

- Ədəbiyyatın heç zaman mövzu çatışmazlığı problemi yaşamadığını nəzərə alaraq bu gün ədəbiyyatımızda nəzərə çarpacaq boşluğun olduğunu düşünürəm.

Oxucular daha çox Avropa və Amerika ədəbiyyatına üstünlük verirlər. Yerli yazıçılardan isə daha çox detektiv yazarların kitabları oxunur. Halbuki nə detektiv əsərlər dünya miqyasında Ədəbiyyat kimi, nə də detektiv yazarlar Yazıçı kimi qəbul olunmurlar.

Dünya ədəbiyyatı ilə tanış olan, məşhur klassik əsərləri oxumuş insanlar isə yerli ədəbiyyatı az bəyənirlər.

Bu boşluğun nə zaman dolacağı sual altındadır. Düşünürəm ki, bu gün ədəbiyyatımızın, gənc yazarlarımızın dövlət dəstəyinə ehtiyacı var. Bir-iki il öncəyə kimi efirimiz daha çox xarici seriallarla dolu idi. Dövlətin kino sahəsinə pul ayırmasından sonra artıq yerli seriallar və filmlər çəkilməyə başladı və bu davam edir. Onların çəkiliş səviyyəsi və tamaşaçı auditoriyası başqa bir mövzudu, birdən-birə Hollivud ola bilmərik, amma əsas olan dövlət dəstəyinin verdiyi effektdir. Ədəbiyyat sahəsinə də eyni diqqət və qayğı göstərilməsini arzulayıram.

- Səhifənizin izləyiciləri əsasən hansı yaş kateqoriyasından olanlardır?

- İnternet istifadəçilərinin çoxu gənclər olduğundan bizim səhifədə də gənclərin üstünlüyü hiss olunur. Amma düşünmürəm ki, səhifəmiz yalnız gənclərin maraq dairəsini əhatə edir. "Kitab" adına uyğun olaraq geniş sahəlidi və yaşından asılı olmayaraq öyrənmək, oxumaq istəyən hər bir kəsi maraqlandırmağa çalışan səhifədi. Yaşlı insanlarımızın Facebookdan istifadə faizi aşağı olduğundan, daha çox gənclərlə ünsiyyətdə oluruq.

Xəyyam Ağa
Xəyyam Ağa

- Oxucuların fəallığına əsaslanıb nə deyə bilərsiniz? Ölkədə kitabla maraqlanan kütlə böyükdürmü, yoxsa o kütlə hələ yeni-yeni formalaşmaqdadır.

- Məsələyə nikbin yanaşaraq deyim ki, kitab oxucularının sayından narazı deyiləm. Əgər biz bu gün təhsil səviyyəsinin aşağı olduğu bir ölkədə yaşayırıqsa, televiziya efirində daha çox bayağı verilişlərin sayı artırsa, intellektual mövzulara həsr edilən maarifləndirici layihələr efirimizdə yoxdursa, gənclərimizin əksəriyyəti vaxtının çox hissəsini yalnız pul qazanmağa həsr etməyə məcbur olursa, kitabların satış qiyməti çox bahadırsa, buna baxmayaraq kitab dükanlarından kitablar satılırsa, kitab oxuyan kütləyə sahibiksə, deməli, bədbin olmağa dəyməz.

Bir müasir adətimiz var: özümüzü avropalılarla müqayisə etmək. Kitab oxumaq, intellekt səviyyəsi, ədəbiyyat müstəvisi müqayisəsində avropalılarla özümüzü müqayisə edirik, geridə olduğumuzu aşkar görürük, bu isə bizi bədbinləşdirir və özümüzü tənqid etməyə başlayırıq. Bu artıq bir sindroma çevrilib- Qərbi bizdən üstün gördükcə özümüzü rəzil sayırıq sanki.

Statistikaya əsasən, dünyada ən çox kitab oxuyan xalq hindistanlılardı, bəlkə də bu onların say çoxluğundan irəli gəlir, amma qəribə olsa da bu belədir. Hindistanda əhalinin mədəni, təhsil və yaşayış səviyyəsinin bizdən nə qədər aşağı olduğunu bilirik. Deməli əsas olan çox oxumaq deyil, lazım olanı oxumaqdır. Məhz çox oxumaqla deyil, lazım olanı oxumaqla, çox şey bilməklə deyil, lazım olanı bilməklə intellektual olmaq mümkündür.

İkinci bir statistikaya əsasən dünyada 1 milyarddan çox insan yazmağı və oxumağı bacarmır. Avropalı ilə bir tərəziyə çıxıb bədbinləşməkdənsə, 1 milyard insandan nə qədər üstün olduğumuza, bizdən çox kitab oxuyan hindistanlılardan daha çox inkişaf etdiyimizə baxıb sevinək və özümüzə stimul verək. Məşhur aforizmdə deyildiyi kimi, ayaqqabımız yoxdur deyə kədərlənincə, ayağımız var deyə sevinək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG