Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:24

İqtisadçı ekspert aqrar sektor üzrə tədbirlər planını şərh edir


Arxiv fotosu
Arxiv fotosu

-

2015-ci il kənd təsərrüfatı ili elan edilib. Prezident aqrar sektor üzrə tədbirlər planını təsdiqləyib. Bəs, bir ildə görüləcək işlər kənd təsərrüfatı istehsalını artıracaqmı? Ümumi Daxili Məhsulda aqrar sektorun payı arta biləcəkmi?

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov AzadlıqRadiosuna müsahibəsində tədbirlər planını şərh edir.

- Vahid bəy, hazırlanan tədbirlər planı aqrar sektoru ayağa qaldıra biləcəkmi?

- Tədbirlər planında birinci hissə kənd təsərrüfatı məhsullarının istehsalının dəstəklənməsinə aiddir. Söhbət burda ondan getməli idi ki, bu plan istehsala necə kömək edəcək. Baxmayaraq plan hazırdır, ancaq istehsalın artırılması ilə bağlı hansı konkret işlər görüləcəyi göstərilmir. Elə təsir bağışlayır ki, Kənd Təsərrüfatı Nazirliyi il ərzində görəcəyi cari işləri tədbirlər planı adı altında təqdim edir. Tədbirlər planı tamam başqa cür olmalı idi. 20 ildir yığılıb qalan problemləri həll etməyə fürsət yaranıb, prezident sərəncam verir ki, 2015-ci il kənd təsərrüfatı ili elan olunsun. Belə olan halda Kənd Təsərrüfatı Nazirliyinin və digər dövlət qurumlarının birgə səyi nəticəsində mövcud problemlər öz həllini tapmalı idi.

- Siz konkret hansı problemləri nəzərdə tutursuz?

- Bu gün kənd təsərrüfatında əsas problemlər toxumçuluğun inkişafı, heyvandarlıqda yeni cinslərin yaradılması ilə bağlıdır. Digər tərəfdən, çox ciddi su problemi var. Su potensialımız olduğu halda fermerlərin əli suya çatmır. Su sahəsində bir neçə dövlət qurumu məşğul olur. Mingəçevirdə, Şəmkirdə su elektrik stansiyaları var, onların da hərəsi bir dövlət qurumuna aiddir. Biri deyir ki, elektrik alınması üçün suyun səviyyəsi filan qədər olmalıdır, o biri deyir, balıqların normal saxlanması üçün suyun səviyyəsi saxlanmalıdır. Üçüncü qurum bir başqa bəhanə gətirir. Dövlət qurumları öz aralarında uzun müddətdir dil tapa bilmirlər ki, fermerlər ehtiyacları olan suyu əldə edə bilsinlər. Tədbirlər planında daha çox onu görürəm ki, kənd təsərrüfatının inkişafına yönələn yox, məmurların fəaliyyəti ilə bağlı işlər nəzərdə tutulur.

- Tədbirlər planında nəzərdə tutulub ki, bölgələrdə Kənd Təsərrüfatı Nazirliyinin yerli şöbələri üçün inzibati binalar tikilsin...

- Bu gün fermerin dövlət strukturunda yeni qurumun yaradılmasına nə ehtiyacı var? Fermerlərin yerlərdə yeganə məsləhət xidmətlərinə ehtiyacları var. Nazirliyin yerli qurumları bu məsləhəti vermək gücündə, bu məsuliyyəti boyunlarına götürmək iqtidarında deyillər. Yuxarıdan yerlərdə təşkil olunan qurumlara hansısa maliyyə vəsaiti ayrılacaq. Zənnimcə, məqsəd də bu maliyyəni idarə etməkdir. Guya fermerlərə subsidiyaları verəcək. Subsidiyaları vermək üçün yerlərdə maliyyə qurumları var. Bu gün Kənd Təsərrüfatı Nazirliyi öz əsas funksiyasını həyata keçirməli, aqrar siyasətini müəyyənləşdirməlidir. Kənd təsərrüfatı ili elan olunmasından yararlanıb bankların fermerlərə, kəndlilərə aşağı faizlə kredit verməsinə çalışmaq lazım idi. Ölkədə 42 bank var, planda da bankların aşağı faizlə kredit verməsi təşəbbüsü əksini tapmalı idi.

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

- Fermerlərə verilən subsidiyaların səmərəsi olurmu? Planda bu sistemin təkmilləşməsi nəzərdə tutulur.

- Azərbaycanda subsidiyaların səmərəliliyi üçün fərqli mexanizm düşünülməlidir. 2007-ci ildən bəri aqrar sektora subsidiyalar ayrılır və 8 ildir də aidiyyatlı qurumlar deyirlər ki, bu istiqamətdə yeni mexanizm hazırlayır. Plana baxanda görürük ki, onlar hələ də bu barədə düşünürlər. Burda isə baş sındırmalı mürəkkəb proses yoxdur. Subsidiya ya əkin sahəsinə, ya da istehsala görə verilməlidir. Bunun da forması var, bu da müəyyən olunmalıdır. Ancaq fikrimcə, burda başqa məqsədlər var ki, “yeni mexanizm” barədə düşünməyi təxirə salırlar.

- Vahid bəy, Kənd Təsərrüfatı Nazirliyi bir neçə ildir ki, “aqrolizinq siyasəti aparır. Plana da aqrolizinq xidmətlərinin təkmilləşdirilməsi salınıb. Bu siyasət özünü doğruldurmu?

- Düzünü deyim, aqrolizinqlə bağlı gözləyirdim ki, 2015-ci ili kənd təsərrüfatı ili elan edib bu xidməti birdəfəlik ləğv edəcəklər. Kənd Təsərrüfatı Nazirliyinin balansındakı texnikanı müsabiqə yolu ilə onu ala biləcək kəndlilərə, fermerlərə təhkim edəcəklər. Postsovet ölkələrində aqrolizinq sanki korrupsiya mərkəzlərinə çevrilib. Onlar dövlətdən asanca maliyyə vəsaiti aldıqları üçün sanki məsuliyyət hiss etmirlər. Bu gün yerlərdə kəndlilər şikayətlənirlər ki, lazım olanda texnikaya əlləri çatmır və ya xidməti onları qane etmir. Ona görə də səmərəsi görünmür. Şəkidə olanda gördük ki, Çindən çəltik üçün alınmış kombayn biçin üçün buğda sahəsinə salınıb. Kombayn buğdanı yararsız hala saldı, çünki o, çəltik üçün nəzərdə tutulmuşdu.

Fikrimcə, texnikanın, gübrənin, avadanlıqların, digər istehsal vasitələrinin dövlət hesabına gətirilməsi düzgün siyasət deyil. Birincisi, dövlət uzun müddət belə xidmətləri saxlaya bilməz. Bu xidmətlər yerlərdə həyata keçirə biləcək fermerlərə, qurumlara verilməlidir. Onların aşağı faizlə kreditlər almasına şərait yaratmaq lazımdır ki, kənd təsərrüfatı texnikasını özləri gətirsinlər və xidmət göstərsinlər. Yoxsa, getdikcə texnikanın xərcləri artır, azalan neft gəlirləri fonunda büdcə üçün arzuolunmaz məbləğlər yaranacaq. Hökumət bununla bağlı düşünməli, “Aqrolizinq” tipli təşkilatların ixtisar edilməsinə çalışmalıdır. Bu tədbirlər planında 50 cümlə yazmaqdansa, 3-4 cümləlik, ancaq sanballı, kənd təsərrüfatının inkişafına təkan verən işlər salına bilərdi. Məsələn, inhisarçılığın ləğvi ilə bağlı tədbirlər nəzərdə tutulsaydı, ciddi effektiv nəticə alınardı. Ancaq nə qədər ki, kənd təsərrüfatı məhsullarının və vasitələrinin idxalında inhisarçılıq var, hər hansı inkişafdan danışmaq çətin olacaq.

- Əslində Azərbaycan aqrar ölkə kimi xarakterizə olunur. Necə bilirsiz, azalan neft gəlirlərini torpağın bəhrəsi doldura biləcəkmi?

- Azərbaycanda kənd təsərrüfatında vəziyyət o qədər gərgindir ki... İldən ilə istehsalda azalma müşahidə olunur. Ötən ilin statistikasını əvvəlki illərlə müqayisə edin. Yalnız taxılçılıqda 570 min ton, kartofçuluqda 170 min ton azalma var. Bu, çox ciddi göstəricidir. Yalnız onu deyə bilərəm ki, gələcəkdə problemlərimiz dərinləşə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG