Keçid linkləri

Təcili xəbərlər

Cəhalət yalnız İslamdadır?


Ramazan Bayramı ərəfəsində Moskvada namaz qılan müsəlmanlar (Arxiv fotosu)
Ramazan Bayramı ərəfəsində Moskvada namaz qılan müsəlmanlar (Arxiv fotosu)

-

ADAMLAR DİNİ KİTABLARDAN DEYİL, BİRİ-BİRİNDƏN “ÖYRƏNİRLƏR”...

Təbii ki, insanlar heç də həmişə obyektiv olmurlar. Bir çox hallarda buna məlumatsızlıq səbəb olur - zəruri informasiyanın olmaması düzgün fikir və mövqe sərgiləməyə imkan vermir...

Bəzi hallarda da stereotiplər – qəlibləşmiş təsəvvürlər mane olur. Nəticədə hamı uşaqlıq və gənclik dönəmindən qalan və ya hansısa hadisənin təsiri ilə formalaşan təsəvvür və münasibətlərin əsirinə çevrilir...

Adətən, belələrinin fikrini sonradan dəyişmək çox çətin olur - ən çox da müxtəlif din və dini ayinlərlə bağlı daşlaşmış təsəvvürü olan insanları. Bir də görürsən ki, filan din və ya onun daşıyıcıları mütərəqqi, başqa bir dini ayinlərin icraçıları isə, az qala, cahil sayılır...

Bu baxımdan İslam, bəlkə də, ən az bəxti gətirən dindir. Onu çox vaxt qara rəngə boyamaq, müsəlmanları dözümsüz və bəzən də qəddar insanlar kimi göstərmək, hətta indinin özündə - 21-ci əsrdə adi haldır...

Səbəbləri haqqında çox düşünmüşük. Qənaətimiz belə olub ki, bir çox hallarda müsəlman ölkələrinin geriliyi, rastlaşdıqları müsəlmanlar haqqındakı səthi təəssüratlar insanların islam dininə obyektiv münasibət bəsləməsinə əngəl törədir.

Təəssüf ki, daşıyıcılarına baxaraq bütövlükdə İslam dininə münasibət formalaşdırılmasını müsəlmanların özü də unudur. Axı insanların çoxu həyat müşahidələrini kitablardan, hətta müqəddəs kitablardan da üstün tutur. Onlar dini də, adətən, dini kitablardan deyil, biri-birinə baxaraq “öyrənirlər”...

Bu, təkcə İslamla bağlı deyil, elə digər dinlərə də belə münasibət sərgilənir. Məsələn, haradasa, kimlərsə yəhudiləri sevmirlərsə, bu, heç də o demək deyil ki, həmin adamlar “Tövrat”ı, “Talmud”u və ya “Zəbur”u oxuyub həmin fikrə gəliblər. Bu, sadəcə, konkret müşahidə və ya təcrübənin, əksər hallarda isə bir az səthi və bir az da qərəzli müşahidələrin nəticəsi kimi təzahür edir...

Eyni sözləri İslam və müsəlmanlar haqqında da demək olar. Üstəlik, bütün bunlar nə indinin, nə də dünənin problemləridir...

AVROPALILAR ƏLİNİ, ƏLİ DƏ ONLARI ANLAMIRDI...

Əli və Nino əsəri
Əli və Nino əsəri

“Əli və Nino” romanında çox maraqlı bir epizod var. Nino da, başqa Avropa təhsilli insanlar da bir şeyi anlaya bilmirdilər. Anlaya bilmirdilər ki, necə olur Əli kimi bir gənc aşura mərasiminə qatılır və küçədə - insanların gözü önündəcə özünə zəncir vurur və ya sinəsinə döyür? Elə Əli özü də çaşıb qalır və başa düşə bilmirdi ki, həmin mərasimdə qərbliləri bu qədər təəccübləndirən qeyri-adi nə var?

Bu baxımdan anlaşılmazlıq hər iki tərəfdən qaynaqlanırdı: Avropalılar Əlini başa düşmədiyi kimi, Əli də onları anlamırdı. İstər-istəməz, sual doğur: Natamamlıq və yarımçıqlığı nədə axtaraq?

Məsələ bundadır ki, cəhalət təkcə İslam ayinlərinin icrasında təzahür etmir. Bu, xristianlıqda da olub, elə indi də var. İndi İŞİD-çilərin və qeyri-dini radikalların hamının gözü önündə insan başı kəsməsi necə dəhşətli təsir bağışlayırsa, bir vaxtlar - orta əsrlərdə inkvizisiyanın hökmü ilə insanları tonqalda yandırmaq da elə bir o qədər dəhşətli görünürdü...

Di gəl, müsəlmanlar, təəssüf ki, ortadakı bir böyük fərqi gözdən qaçırırlar –sözügedən dəhşət və vəhşət dolu olaylar Avropada beş yüz il əvvəl baş verirdisə, müsəlman Şərqində indi, bu gün baş verir...

ÖZLƏRİNİ ÇARMIXA ÇƏKDİRİRLƏR Kİ...

Amma cəhalətin bir cəhəti odur ki, o, təkcə hansısa dini radikalların davrananışında və ya dini-teokratik institutların qərarında özünü göstərmir, adi dindarlar da bunu edir. İndi Azərbaycanda aşura mərəsimlərində insanlar gedib qan verirlər. Amma bir qədər əvvəl belə deyildi. Zəncir vurmaq və ya qan çıxarmaq bu mərasimin, az qala, ayrılmaz atributu idi...

Amma bu, təkcə İslamdadırmı? Bu günlərdə Filippin xristianlarını göstərirdilər. İnsanlar özlərini çarmıxa çəkdirirdilər ki, İsa peyğəmbərin hansı hisslər yaşadığını, hansı ağrılar duyduğunu öz təcrübələrindən bilsinlər...

Bu, heç də yeganə hadisə deyil. Bir vaxtlar xristianlıqda və xristianlar arasında bilirsiniz nə qədər belə ayinlər olub? İnsanlar Tanrının qarşısında öz dünyəvi günahlarını yumaq üçün özlərinə işgəncə verirdilər - Victor Hugo-nun “Paris, Notrdam kilsəsi” indəki yada salsanız, yetər...

Bir dəfə “Üçüncü era” jurnalında bir xristian ayini haqqında yazı verilmişdi. Yazıda Osmanlı dönəminin İstanbulundadakı xristian ayinlərindən söz açılırdı.

Təsəvvür edin, minlərlə insan kilsəyə toplaşır və dua bitəndən sonra kilsənin qülləsindən düşən bir damcı müqəddəs suyu tutmaq istəyir...

İnsanlar biri-birini itələyir, tapdayır... Əzilən kim, yaralanan kim! Ən əsası, belə dəhşətli ayini izləmək üçün müsəlmanlar, hətta Osmanlı sultanının özü də yaxınlıqda olurlarmış ki, mənzərəni öz gözləriylə görsünlər...

Bu mənada, az qala, bütün dinlər biri-birinə “bənzəyir”. Onların özündə olmasa da və bu dinlər insanlara birbaşa cahillik aşılamasa da, insanlar qeyri-adi ayinlər düşünüblər. Elə ayinlər ki adam, doğrudan da, onları sakit seyr edə bilmir...

İSLAMIN PROBLEMİ...

O ki qaldı dinlərin özünə, moğol hökmdarı Əkbər (ona Əkbər Böyük də deyirlər) bir dəfə bütün böyük dinlərin təmsilçilərini bir yerə toplayır ki, onlar hansı dinin daha üstün olduğunu sübut etsinlər...

Mübahisələr bir neçə gün çəkir. Amma heç kim öz dininin digərlərindən üstün olduğunu sübut edə bilmir...

Ona görə də cəhalət dindən, dinin özündən çox, dindar fantaziyasının məhsuludur. İslam dinini götürsək, bəlkə onun bir nömrəli və ən ümdə problemi elə indiki müsəlmanların özüdür. Axı bu adamlar Tanrının buyruqlarıyla kifayətlənmir, buyurulanlara mütləq öz düşüncə “məhsullarını” da qatırlar. Nəticədə mövhumat, cəhalət və dözümsüzlük baş alıb gedir...

Axırda da... Bəli, axırda da hamı oturub fikirləşir ki, bəs görəsən, müsəlmanları niyə sevmirlər?

Və... Geosiyasi, geoiqtisadi, nə bilim, daha hansı “səbəb”lər tapırlar! Halbuki səbəb çox sadədir: Sevilmək istəyirsənsə, başqalarını sevməyi öyrən...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG