Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:31

-

6 aprel - media icmalı

2015-ci ilin fevral ayında Bakının torpaq bazarında qiymətlər ötən ilin analoji dövrü ilə müqayisədə 5,15 faiz artıb.

Bunu Trend agentliyinə «MBA Group» konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Nüsrət İbrahimov bildirib ki, «Bakıda mənzil bazarında qiymətlər çox yüksəkdir, buna görə də bir çoxlarının paytaxtda mənzil almağa imkanı çatmır. Son iki il ərzində əksər potensial alıcılar birinci və ikinci mənzil bazarından torpaq bazarına keçiblər».

Şirkət rəhbərinin fikrincə, kiçik torpaq sahəsi alaraq 60-70 min manata bir və ya ikimərtəbəli ev tikmək mənzil üçün böyük məbləğ ödəməkdən daha sərfəlidir: «Mənzil alarkən birbaşa pul ödəmək lazım gəlir. Amma 10 min manata kiçik torpaq sahəsi almaq və iki-üç il ərzində orada ev tikmək mümkündür. Bir çoxuna bu variant daha münasibdir».

«​MANATIN İKİNCİ DEVALİVASİYASI DA QAÇILMAZ OLA BİLƏR»​

Bunu «Yeni Müsavat» qəzetinə müsahibəsində İqtisadi və Sosial İnnovasiyalar İnstitunun rəhbəri, millət vəkili Əli Məsimli deyib.

Əli Məsimov

Əli Məsimov

Əli Məsimli bildirib ki, əgər Mərkəzi Bank 21 fevral devaliasiyasından keçən bu ay yarım ərzində manatın dollara nisbətdə hazırkı məzənnəsinin nisbi sabitliyini təmin etməkdən ötrü 1 milyard dollar vəsait sərf edibsə, bu artıq çox ciddi siqnaldır. «Həmin xərcləri azaltmaqdan ötrü yumşaq devalvasiya gözləniləndir. Yox, neftin qiyməti indikindən də aşağı səviyyəyə enməyə başlasa, məsələn,40 dollardan da aşağı ensə, digər tərəfdən isə kobud səhvlərə yol verilib süni ajiotaj yaradılsa və valyuta mübadiləsində spekulyativ proseslər özünü göstərsə, onda bir müddətdən sonra devalvasiyanın yumşaq variantını ardınca onun ikinci dalğası da qaçılmaz ola bilər».

AZADLIQ QƏZETİ: «​GÜL BAYRAMI»​ VƏ ŞƏHİD AİLƏLƏRİNİN SIĞORTA HAQQI

Qəzet yazır ki, birinciyə milyonlar xərcləyən hökumət ikinciyə pul tapmır.

«1994-cü ildən bu yana 13 min 500 şəhid ailəsi sığorta pulunu ala bilmir. Şəhid ailələri dəfələrlə bunun bağlı Milli Məclisin və digər aidiyyəti qurumların qarşısında aksiyalar keçiriblər, ölkə başçısına, Milli Məclisin sədrin müraciətlər ünvanlayıblar. Lakin heç bir nəticəsi olmayıb.

Arxiv fotosu

Arxiv fotosu

Hər bir şəhid ailəsinə 11 min manat sığorta pulu ödənilməlidir. Nədənsə «Gül bayramı»na milyonlarla pul xərcləyən, hətta iqtisadi böhranın hökm sürdüyü bir vaxtda da bu niyyətindən əl çəkməyən hökumət şəhid ailələrinin haqqını ödəməyə pul «tapmır»...

TAMAŞAÇILARI ƏSL ŞOU GÖZLƏYİR

«Azərbaycan» qəzeti «Bakı-2015» I Avropa Oyunlarına hazırlıq prosesi ilə bağlı yazını bu başlıq altında dərc edib.

Qəzet yazırki, «görülən işlər bir daha təsdiq edir ki, möhtəşəm idman tədbirinə ev sahibliyi edəcək Bakı ilk Avropa Oyunlarının təşkilində nümunə göstərəcək. Diqqət mərkəzində olacaq məqamlardan biri də tədbirin açılış və bağlanış mərasimləridir.

Bakı Olimpiya Stadionunda keçiriləcək açılış və bağlanış mərasimləri “Afina-2004” Olimpiya Oyunlarının mərasimlərinin bədii direktoru olmuş tanınmış incəsənət xadimi, xoreoqraf və aktyor Dimitris Papaioannounun rəhbərliyi ilə təşkil olunacaq.

D.Papaioannou qeyd edib ki, bu onun son üç ildə hazırladığı ən mühüm tədbirdir: «Biz şounun zəngin və rəngarəng olmasına xüsusi fikir veririk. Bu, son üç ildə məşğul olduğum ən əhəmiyyətli tədbirdir. Mənim üçün əsas məsələ gözəl və arxitekturaya uyğun şou yaratmaqdır. Bu bizim əsas prinsipimizdir, həmçinin iştirakçılar üçün çox vacibdir. Məqsədimiz möhtəşəm şou hazırlamaqdır».

Arxiv fotosu

Arxiv fotosu

Orkestr işlərinin artıq tamamlanmaq üzrə olduğunu deyən D.Papaioannou könüllülərin işini xüsusi olaraq vurğulayıb: «Könüllülərin Oyunlara həvəsi, enerjisi məni heyran edir. Məşqlərin intensivliyi yorğunluq yaratsa da, insana unudulmaz hisslər bəxş edir».

AZƏRBAYCANDA QARA METAL QIRINTILARI NEÇƏYƏDİR?

Ötən il dünya bazarında qara metal qırıntılarının bir tonu 300 dollardan satışa çıxarılıb. İlin sonuna qiymət orta hesabla 240 dollar təklif olunurdu. Lakin 2001-ci ildən qara metal qalıqlarının və qırıntılarının ixracına hökumət qadağası tətbiq edilmiş Azərbaycanda qiymət 150 dollardan çox olmayıb. Ekspertlər bunu bazarın “Baku Steel Company” MMC - ölkədə yeganə metalyayan tərəfindən inhisarlaşması ilə əlaqələndirir.

Bu haqda Turan agentliyi yazır:

«2012-2014-cü illərdə Azərbaycana cəmi 128,5 min ton qara metal qırıntıları idxal edilib. Mal Azərbaycan gömrüyündə 50 mln. dollara yaxın qiymətlə sənədləşdirilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2012-ci ildə qara metal qırıntılarının bir tonu 395,86 dollar, 2013-cü ildə 385 dollar, ötən il 345,45 dollardan bəyan edilib. Maraqlıdır ki, 2014-cü ildə dünya bazarında bu qiymətlər müşahidə olunmayıb. Ən yüksək qiymət sentyabrda qeydə alınıb – 335 dollar. 2014-cü ildə Azərbaycan Qazaxıstandan qara metal qırıntıları alıb - 17,7 min ton, bunun müqabilində idxalçılar ümumi məbləği 6 mln. dollardan çox olan müqavilə rəsmiləşdiriblər. Qazaxıstan qara metal qırıntılarının bir tonu 344 dollar idi, bu, yerli tədarükçülərdən xırdalanmış qırıntıların alındığı qiymətdən iki dəfədən də çoxdur. Qeyd edək ki, bu günlərdə “Bakı metropoliteni” QSC ilk dəfə 2000 ton silinmiş metalın (R-50 tipli relslər) satışı üzrə hərrac elan edib. Başlanğıc qiymətlər 236 manat səviyyəsində müəyyən edilib».

BU MAŞINLAR HEÇ KİMƏ LAZIM DEYİL

Azərbaycanda yüzlərlə avtomobil öz sahibinə lazım deyil.

Fins.az SpaceTV-yə istinadən xəbər verir ki, hazırda ölkədəki müxtəlif cərimə meydançasında mindən artıq maşın sahibini gözəyir. Ayrı-ayrı vaxtlarda polislər tərəfindən cərimə meydançalarına gətirilən avtomobillərin sahibləri onların götürməyə tələsmirlər.

«Qəzaya düşmüş elə maşınlar var ki, 10 ildən çoxdur cərimə meydançalarındadır. Maraqlısı da odur ki, belə maşınların sayı artmaqda davam edir. Cərimə meydançalarında çalışan nəzarətçilər bildirir ki, qəzaya düşən bəzi avtomobillər qəsdən götürülmür. Belə ki, yaxınları öldüyünə görə sürücülər bu maşınları görmək istəmirlər. Amma bu vəziyət problem yaratmağa başlayıb. Çünki meydançada yerlər tükənir.

Yol polisində xatırladırlar ki, dayanacaq pulludur – günü 30 qəpik. Buna görə də götürülməyən maşınların böyük borcu yığılıb. Bəzi avtomobillər isə o qədər müddət qalıb ki, onların borcunu heç maşının özünü satmaqda da ödəmək olmaz».

Günün bütün mövzuları

XS
SM
MD
LG