Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:35

ABŞ Konqresi İranla razılaşmanı “məhv” edə bilərmi?


Razılaşma Tehran küçələrində bayram edilir, bəs Obama sanksiyaları qaldıra biləcəkmi? Vaşinqtondakı qeyri-müəyyənlik davam edir.

Ağ Ev bəyan edib ki, İranın nüvə proqramına dair yekun sazişin iyunun sonuna təyin edilmiş möhlətədək imzalanacağına əmindir.

Obama administrasiyasının bu bəyanatının arxasında İranla dünyanın 6 gücü arasında elə güc-bəla hasilə gəlmiş ilkin razılaşmanın əngəllənməsinə real təhlükələrin mövcudluğu dayanır.

Bu real təhlükələrdən ən ümdəsi Amerika Konqresidir. İranla hər hansı bir sazişin və ya yaxınlaşmanın əleyhinə olan respublikaçılar hələ Lozanna razılaşması əldə edilməzdən çox əvvəl Tehranla imzalanacaq hər hansı sazişi ləğv edəcəkləri ilə hədələyirdilər.

Öz növbəsində bu hədələrə cavab olaraq prezident Obama bildirirdi ki, İranla sazişi əngəlləyən hər hansı Konqres aktını o da öz vetosu ilə əngəlləyəcək.

Əngələ əngəl

Məsələ bununla qurtarmır. ABŞ qanunvericiliyi prezidentin müəyyən qanunlar barədə vetosunun bloklana bilməsinə imkan verir.

ABŞ və Qərb mətbuatı indi bir mühüm suala cavab axtarır: Konqres İranla razılaşdırılmış saziş çərçivəsini məhv edə bilərmi?

Respublikaçı senator Bob Corker-in təklif etdiyi qanun layihəsi gerçək qanun halına gələrsə, onda Barack Obaman-ın İranla razılaşmanın əsas şərtinə - Konqres sanksiyalarının qaldırılması şərtinə əməl etməsinin qarşısı alına bilər.

Lakin bunun üçün qanun layihəsinin prezident vetosunu “aşan” çoxluqla keçməsi zəruridir.

Hazırda Amerika mediasından gələn məlumatlara görə Corker-in düşərgəsi artıq əhəmiyyətli çəkidədəstək təmin edə bilib.İndi söhbət qanun layihəsinə qol qoyanların son məqamadək möhkəm dayanıb-dayanmayacağından gedə bilər.

Vetonu aşan çoxluq

“Vetonu aşan” çoxluğu respublikaçıların təkbaşına əldə etməsi mümkün deyildir.

Onlar Senatda azı 13, Nümayəndələr Palatasında azı 40 demokratı öz tərəflərinə çəkməyi bacarmalıdırlar.

“İrana qarşı sərt mövqe” düşərgəsində artıq demokratlar da var, lakin indi, İranla ilkin razılaşma imzalandıqdan sonra onların öz mövqelərində qalıb-qalmayacaqları bilinmir.

Hazırda prezident Obama-nınİrana qarşı əksər ABŞ sanksiyalarının qaldırılması üçün Konqresə ehtiyacı yoxdur. O bunu, birbaşa və əsas etibarilə Maliyyə Nazirliyi vasitəsilə edə bilər.

Respublikaçılar da Konqresdə elə məhz bu imkanı bloklamaq istəyirlər.

Həyati 60 gün

Senatın Xarici Əlaqələr Komitəsinin sədri Corker İranla Nüvə Razılaşmasına Baxılması 2015 adlı partiyalararası qanun layihəsinin səsvermədən keçməsinə çalışır.

Belə bir qanun, qüvvəyə mindiyi təqdirdə, administrasiyanın sanksiyaları qaldırmaq səlahiyyətini əvvəlcə dayandırar, sonra da ümumiyyətlə ləğv edə bilərdi.

Bu isə İranla sazişin Konqres tərəfindən rədd edilməsi demək olardı.

Təklif olunan qanun layihəsində deyilir ki, “hər hansı saziş yekunlaşdıqdan sonra 60 gün müddətində prezidentin Konqres sanksiyalarını azaltmaq və ya ləğv etmək hüququ yoxdur”.

Həmin bu iki ay müddət Konqresə tamamilə hərəkətə keçmək imkanı verərdi.

İki vetonu aşmaq lazım gələcək

Bu halda, əgər Konqres İranla razılaşmanı paraflasa, Obama, sanksiyaların qaldırılmasına başlaya bilər. Yox, əgər Konqres sazişi vetonu aşan səs çoxluğu ilə rədd etsə, onda Obama sanksiyaları qaldırmaq səlahiyyətini tamamilə itirə bilər.

Bu isə əslində İranla razılaşmanın əsas şərtlərindən birini blokladığı üçün bütövlükdə razılaşmanın özünü mənasız edərdi.

Odur ki, texniki baxımdan İranla əldə edilmiş razılaşma ləğv olunmasa da, icrası mümkün olmayan hala gələ bilər.

Bundan sonra da planlaşdırıldığı kimi İranla iyun ayınadək imzalanmalı olan yekun sazişi hasilə gələrsə, onda Konqresə daha bir “veto aşan” çoxluq səfərbər etmək lazım gələcək.

Beləliklə, Konqres prezident Obama ilə bir yox, iki dəfə gücünü sınamalı olacaq.

Partiyadaşları prezidenti dəstəkləyəcəklərmi?

İndiyə olan məlumatlara görə, Corker-in layihəsi öz partiyası tərəfindən demək olar tam dəstəklənir, çünki respublikaçıların mövqeyinə əsasən İranın istifadəsində bircə sentrifuq da qalmamalıdır.

İlkin razılaşmada isə İranın 5600 sentrifuqu işlətmək hüququ tanınıb.

Lakin deyildiyi kimi, Corker-in qanununa demokratların da dəstəyi lazım gələcək.

İndinin özündə Senatdakı 9 demokrat bu qanun layihəsinin həmmüəllfi sayılırlar və bu mənada onların mövqeyi, çətin ki, dəyişsin. Bəzi ehtimallara görə, İranla hər hansı sazişin imzalanması əleyhinə olan demokratlar da az deyil.

Bununla belə, ABŞ mətbuatındakı təhlillərdə deyilir ki, Lozanna ilkin razılaşması əldə edildikdən sonra dinamika dəyişə bilər. Başqa sözlərlə, millət vəkilləri çərçivə razılaşmasının imzalanması “faktı qarşısında” fərqli reaksiya göstərə bilərlər.

Senatın Xarici Əlaqələr Komitəsindəki ən vəzifəli demokrat – senator Ben Cardin keçmişlərdə İrana qarşı sərt tədbirlərin qızğın tərəfdarı kimi tanınıb, lakin indi bildirir ki, İranla razılaşmaya Konqresdə baxılmasına müsbət yanaşır, amma “bu debatlardan prezidentin zəif yox, güclü çıxmasını istəyir”.

Senator Cardin indi komitədə Bob Menendez-in yerini tutur. Menendez-ə qarşı 14 federal korrupsiya ittihamı irəli sürülüb.

Obama pressinqə başlayır

“Politico” yazır ki, administrasiya demokrat millət vəkillərini İranla sazişin faydalarına inandırmaq potensialına malikdir.

Prezident Obama deyib ki, Konqresin tərəddüd edən üzvlərini “yola gətrimək üçün səylərə” artıq başlayıb və 4 Konqres liderinin hamısı ilə Ağ Evdə “geniş fikir mübadiləsi aparıb”.

Prezident deyib ki, İranla münasibətdə üç variant var idi: ya İranı bombalayıb, yeni bir müharibəyə başlamaq, ya yeni sanksiyalar qoyub Tehranı nüvə silahının istehsalına bir az da vadar etmək və ya İranla danışıb bütün tərəflər üçün məqbul razılaşma əldə etmək.

Asdministrasiya üçüncü variantı seçib.

14 aprel

Barack Obamanın sözçüsü isə deyib ki, Konqres İranla razılaşmanı qeyd-şərtsiz sıradan çıxararsa, diplomatiyanın iflası üçün bütün məsuliyyət Birləşmiş Ştatların üzərinə düşəcək.

Bəzi demokrat millət vəkilləri respublikaçı həmkarlarını İranla razalaşmanı heç görmədən onun əleyhinə çıxmaqda günahlandırırlar.

Bir sözlə, ABŞ-İran münasibətlərini həlledici sınaq gözləyir. Sınağın günü də bəllidir: 14 aprel.

Həmin gün Senatın Xarici Əlaqələr Komitəsi İranla razılaşma məsələsinə baxacaq.

Bir çox analitiklər bu qənaətdədirlər ki, məhz həmin günün nəticəsindən asılı olaraq perspektivlər haqqında qəti söz söyləmək mümkün olacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG