Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:00

-

«Neftin kəskin ucuzlaşması xaricdən borc almaq məsələsini gündəmə gətirdi».

Bunu «Bizim Yol» qəzeti 4 aprel sayında yazır.

«Bizim yol»a görə, gələn ilin büdcəsində neftin qiymətinin 50 dollardan götürülməsi xaricdən borcun artmasına səbəb ola bilər: «2015-ci ilin dövlət büdcəsində bir barel neftin orta qiymətinin 90 dollardan hesablanması öhdəliklərin yerinə yetirilməsində problemlər yaradıb. Azərbaycanın 2015-ci il dövlət büdcəsinin gəlirləri 19 mlrd. 438 mln. manat, xərcləri 21 mlrd. 100 mln. manat həcmində təsdiq edilib. Büdcə kəsiri 1 mlrd. 662 mln. manat və ya ÜDM-in 2.8 faizi səviyyəsində proqnozlaşdırılır».

İqtisadçı Məhəmməd Talıblı «Bizim yol»a bildirib ki, 2015-ci ildə büdcə kəsirini örtmək üçün hökumət xarici borclanmaya getməyə məcbur qala bilər: «Neftin qiymətinin ucuzlaşması dövlətin gəlirlərinin azalmasına gətirib çıxaracaq. Hökumət bu il optimist ssenari ilə qiymət müəyyənləşdirmişdi. May ayında büdcəyə yenidən baxılarsa, investisiya layihələrinin bir qismi təxirə salına bilər.

İqtisadçı vurğulayıb ki, hökumət vergi intizamının sərtləşməsi hesabına büdcə gəlirlərində gərginliyi azalda bilər: «Məsələn, dövlətin 10 iri vergiödəyicisinin hazırda borcları 2.4 milyard manat səviyyəsindədir. Onlara qarşı vergi intizamı sərtləşdirilməlidir».

SOCAR XARİCDƏ 1 LİTR BENZİNİ 45, DAXİLDƏ 74 SENTƏ TƏKLİF EDİR

«Azadlıq» qəzeti yazır ki, iqtisadçı Rövşən Ağayev sosial şəbəkədə SOCAR-ın dünya bazarına çıxardığı yanacağın qiymətləri ilə bağlı maraqlı statistik məlumat paylaşıb: «Dövlət Neft Şirkəti martda dünya bazarlarına ixrac etdiyi neft məhsullarının qiymətini açıqlayıb. Məlum olub ki, 1 ton benzin 592.4 dollara, 1 ton dizel yanacağı 509.5 dollara ixrac edilib. 1 ton benzinin 1330 litrə, 1 ton dizelin 1300 litrə ekvivalent olduğunu nəzərə alsaq, deməli, SOCAR 1 litr benzini 45, dizel yanacağını 39 sentə ixrac edib. Daxildə isə biz SOCAR-ın benzinin hər litrini 74 sentə, dizelini isə 63 sentə alırıq. Fərq çox böyükdür - 50%-dən də çox», - Ağayev yazıb.

İqtisadçı Samir Əliyev bildirib ki, SOCAR-ın xaricdə satdığı benzinin daxildən ucuz olmasının başlıca səbəbi şirkətin daha çox gəlir əldə etmək istəyidir:

SOCAR Ukraynada

SOCAR Ukraynada

«Digər tərəfdən, SOCAR-ın xərclərini optimalaşdırmasına ehtiyac var. Bu şirkətdə həddindən artıq işçi qüvvəsi mövcuddur. Düzdür, böhranı əsas götürüb ixtisarlara gedirlər. Amma başqa şirkətlərlə müqayisə etdikdə ortaya fərq çıxır. Hasilatın digər şirkətlərlə müqayisədə aşağı olmasına baxmayaraq, SOCAR-da işçilərin sayı ya xarici şirkətlərdəki qədərdir, ya da onlardan çoxdur. Bir məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycanda neftin qiymətini bazar tənzimləmir. Qiyməti bazar tənzimləsəydi, onun ucuzlaşması daha real olardı. Azərbaycandakı qiymətlər neftin qiyməti 100 dollardan baha olduğu zaman mövcud olan qiymətlərdir. Ucuzlaşmaya getməməyin heç bir iqtisadı əsası yoxdur. Burada məqsəd daha çox gəlir əldə etməkdir».

DUBAY ŞAHZADƏSİNİN UCBATINDAN BAKI-QAZAX YOLUNDA BÖYÜK TIXAC YARANIB

Aprelin 3-də Bakı-Qazax avtomagistralının 135-ci kilometrliyində böyük tıxac yaranıb. «Yeni Müsavat» qəzeti yazır ki, tıxac nəticəsində yol bağlanıb və yüzlərlə avtomobil uzun müddət hərəkətsiz qalıb: «Əməkdaşımız yolda hərəkəti bərpa etməyə çalışan polis işçilərindən tıxacın yaranmasının səbəblərini soruşub. Ancaq polis əməkdaşları bu barədə məlumatlı olmadıqlarını bildiriblər».

«Yeni Müsavat» yazır ki, buna baxmayaraq, yolda baş verən tıxacın əsl səbəblərini aydınlaşdırmağa nail olublar: «Bakı-Qazax avtomagistralında tıxacın yaranmasına səbəbi son günlərdə Hacıqabul ərazisində ov etməklə məşğul olan ərəb şahzadələrinin paytaxt Bakıya dönməsiylə bağlıdır. Yəni, onların Bakıya dönüşü ilə bağlı yol bir saatdan artıq müddətə bağlanıb. Şahzadələrin korteji keçdikdən sonra isə yol yenidən nəqliyyatın hərəkəti üçün açılıb».

«AZƏRBAYCAN İLK AVROPA OYUNLARINA UĞURLA EV SAHİBLİYİ EDƏCƏK»

«Yeni Azərbaycan» qəzeti yazır ki, Milli Məclisin sədr müavini Bahar Muradova Azərbaycanda səfərdə olan Türkiyənin media nümayəndələrinə Avropa Oyunları ərəfəsində «beynəlxalq aləmdə bəzi dairələr»in Azərbaycana qarşı qərəzli qaralama kampaniyasına start verdiyini deyib: «Bu dairələr kampaniyanı daha çox öz nəzarətlərində olan media qurumları vasitəsilə həyata keçirirlər».

Bahar Muradova

Bahar Muradova

Bahar Muradova bildirib ki, bəzi beynəlxalq dairələr idmandan da siyasi alət kimi istifadə etməyə çalışırlar: «Bu, qəbulolunmazdır. Azərbaycana qarşı aparılan bu qaralama kampaniyası da heç cür qəbul oluna bilməz. Hesab edirəm ki, həmin kampaniyaya qarşı bizim media da öz sözünü deməlidir. Bu məsələdə həm Azərbaycan, həm də qardaş Türkiyə mediası birgə fəaliyyət ortaya qoymalıdır. Bütün bunlara baxmayaraq, Azərbaycan ilk Avropa Oyunlarına uğurla ev sahibliyi edəcək».

AVROPA OYUNLARINA KÜTLƏVİ BİLET SATIŞI BAŞLADI

yap.org.az xəbər verir ki, aprelin 3-dən Bakı-2015 Birinci Avropa Oyunlarına biletlərin satışına start verilib: «Bununla bağlı «Park Bulvar»da təntənəli mərasim düzənlənib. Mərasimdə çıxış edən tanınmış incəsənət xadimləri vətəndaşları ilk dəfə keçiriləcək Avropa Oyunlarına biletlərin alınmasında fəal olmağa çağırıblar.

BEGOC-un bilet satışı şöbəsinin rəhbəri Mirjam Bogataj bildirib ki, biletləri aprelin 3-dən etibarən şəhərdəki bilet satışı məntəqələrindən almaq mümkündür. Ümumilikdə satışa 600 min bilet çıxarılacaq.

BEGOC-un rəsmisi, həmçinin, biletlərin «qara bazar»da satılmasının və müxtəlif spekulyasiyaların qarşısını almaq üçün tədbirlər görüləcəyini də açıqlayıb.

M.Bogataj bildirib ki, biletlərini onlayn alan bütün tamaşaçılar onları qabaqcadan əldə etmək imkanı qazanacaqlar. İyunun 12-dən əvvəl biletlərini götürən bütün tamaşaçılar oyunların tərəfdaşları və dəstəkçiləri tərəfindən maraqlı hədiyyələr əldə etmək şansı qazanacaqlar.

Şərhləri göstər

XS
SM
MD
LG