Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:49

Hey... Tanrı! Sən adətən hara vaxtıyla uyuyursan?...


Hədiyyə Şəfaqət
Hədiyyə Şəfaqət

-

Hədiyyə Şəfaqət

YERDƏ GÖYDƏ BEŞ ŞEİR

BİRİNCİ

...adi

adidən adidir

gecənin gündüzü əvəzləməsi

davam etməkdəyik ya

Günəş

və öz oxumuz ətrafında fırlanmağa?..

...şairlər

bunu bilir,

amma

belə düşünmür,

adilikdə nəsə tapır darıxmağa...

...güya

səhər açılınca harasa çəkilir sevgilər,

və özləm bitir?

yox,

iş saatları başlayır...

...ancaq gecələr sevə bilənlərə müjdə-

-bizim günortamız

dünyanın hansısa nöqtəsində gecədir...

...elm sübut edib ki,

sevgi də

adi biokimyəvi hadisədir...

(yəqin qaranlıqda qüvvətlənir)

eh....

adam, adam...

sən ki,

ürəyinin döyüntülərini

gecə də, gündüz də duyursan...

...bura vaxtıyla

gecə yarıdan keçir...

hey,

...Tanrı!

sən adətən

hara vaxtıyla uyuyursan?...

İKİNCİ

Arzuların ən gözəli

Kədərlidir

Kişilərin

"Qadınlar nə istəyir?"-sualına

Cavab axtarması qədər

Qadını

Heç nə istəməyə qoymayın...

Qadınların ən gözəli

Bur şüşə qırmızı şərabın

Yarısı içilincə

Unudulandır...

Ayılınca ağladar kişini...

Günahdır anlayacağın

Kiminsə gözündə ən gözəl sevgilər

Və bir də uçurum kimidir

Üstü örtülmüş...

Nə varsa

O uçurumun dibində var....

Gərək bu başdan sonrasını düşünməyəsən...

Qadınların

"Kişilər nə istəyir?"-deyərək

Düşünmədiyi kimi...

ÜÇÜNCÜ

...Qadın

Səhərdən

Bir ovuc günəş işığı

Saxlamışdı...

Axşamüstü

Əllərini göylərə açıb

Qəfil yağan yağışın altına tutdu

Yağış

Günəş işığına qarışdı

Qadın dalıb getmişdi...

Yağışdan qaçıb

Daldalananmağa tələsən adamlar

Qadına toxunmamağa çalışırdılar

Ovcundakı dəlilik dağılmasın deyə...

Əslində

Hamının gün işığı dolu ovcunu

Yağışa açmağa ehtiyacı vardı

Amma heç kim

Səhər əlini günəşə uzatmamışdı...

DÖRDÜNCÜ

Səma daşından tikilib

Mənim quyumun hasarı

Mənim bəxtimin hasarı

Mənim boyumun hasarı

Baxsam, baxışımca var

Toxunsam nəfəsimcə

Əl uzatsam çataram,

Əlim yox

Həvəsimcə...

...Göy üzünü bu quyudan

Bir az birtəhər görürəm

İstənən qədər görmürəm

Görünən qədər görürəm...

...Bu ustanın işi nədir,

Quyu qazar quyulara

Adam-adam sığışdırar

Məzar-məzar quyulara....

...Tanrı

Həmin əkinçidir

Şumundadır, biçindədir

Nə var, nə yox ələ gələn

Quyuların içindədir...

....Kimdir orda şikayətçi,

Kim yığışmır quyusuna?

Eh,

Belə də olur bəzən

Sevgini biləndən sonra

Ruh sığışmır quyusuna...

...Səma daşından tikilib

Mənim quyumun hasarı....

Tanrı,

Bağışla,

Gedirəm,

Batsın huyumun hasarı....

BEŞİNCİ

O zaman ki,

Hələ hamı torpaq imiş

O zaman ki,

Suymuş hamı

Zaman axıb getmirmiş nəfəs-nəfəsə,

O zaman ki

Ruhun donu biçilməmişdi

Hələ salınmamışdı qəfəsə-

Tanrı vardı.

Bir gün yaratmaq eşqinin sehrinə düşüb

Ən gözəl şeirini yazmaq istədi

Bir az torpaq götürdü

Bir az su

Tanrı

Adamı-ən narahat şeirini yaratdı...

Ruhlar

Nigaran baxışlarla baxdılar bir-birlərinə

Tanrı öz işindəydi

Nəfəsini şeirinin üzərinə üfürdü...

Gün o gündür...

Ruhlar

Çölündəki qəfəsin zülmətindən çıxıb

Göylərə can atır...

Yuxularındakı uçuşlardan

Qanadlanırlar adamlar

Və...

Yanılır

Tanrını axtarmağa

Uzaqlara yollanırlar adamlar

...Tanrı

Adamı şeir yazırmışcasına yaratdı

Ruhlar könülsüz-könülsüz-

"Axı niyə?"- deyə soruşub

Adamların içində qəfəsləndi...

...Və

Bir gün gəldi

Adamlar Tanrı olmağa

Adamlar şeir yazmağa həvəsləndi...

Adamlar düz edir,

Adamlar

Şeir yazmağa başlayanda

Ruhlar

Azadlığa qovuşur...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG