Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:34

-

1918-ci ilin martında Bakıda törədilən kütləvi qırğınlarda minlərlə adam qətlə yetirildi. Onlardan biri də Bakı milyonçusu Dadaşovların nümayəndəsi Ağa Yusif Dadaşov idi.

İş elə gətirib ki, Dadaşovlar sülaləsinin indi yaşayan davamçıları ilə müxtəlif verilişlər hazırlşamışam və Bakının, Azərbaycanın tarixində bu nəslin tutduğu mövqeyindən az-çox xəbərdaram. Odur ki, yaddaşı təzələmək və eşitdiklərimi bir daha sizlərlə bölüşmək qərarına gəldim...

AĞA YUSİFİN UŞAQLIĞI

Ağa Yusif Dadaşov 1870-ci ildə İçərişəhərdə doğulub. O, Bakıda 3 məşhur sülalədən (Bakıxanovlar, Aşurbəyovlar və Dadaşovlar) birinin təmsilçisi olan milyonçu Hacı Hacağanın oğlu idi. Hacı Hacağa Bakıda neftlə varlanmayan yeganə milyonçuymuş. Burada gəmiçiliyin təməlini ucaldan Hacı Hacağa məşhur gəmi sahibkarı və I Nikolayın həqiqi müşaviri olub. O, oğlunu hər zaman özü ilə Rusiya və İran saraylarına apararmış. Hacı Hacağa Ağa Yusifi diplomatiyanı öyrənmək üçün İsveçə, gəmiçiliyi öyrənməkdən ötrü Almaniyaya göndərib. Lap uşaqlıqdan evdə mürəbbiyələrdən dərs alan AğaYusif 12-yə yaxın xarici dildə - ingilis, alman, ərəb, fars, rus, fransız və s.dillərdə danışarmış.

AĞA YUSİFİN NÜFUZU...

Dadaşovların Xəzər dənizində çoxlu gəmiləri varmış - «İosif Dadaşov», «Kapitan», «Kette» və s. Ağa Yusif 20 yaşından gəmiçiliklə məşğul olub, kontorda idarəçilik işləri görüb. Bir neçə gəmiçilik idarəsinin sahibi, daha sonra bankir olub. Rusiya, İran, Buxara xanlığı və digər dövlətlərlə diplomatik əlaqələrin yaranmasında xidmətlərinə görə bu ölkələrin başçıları tərəfindən orden və medallara layiq görülüb. Dumanın üzvü olub, II Nikolayın Həqiqi Mülki Müşaviri vəzifəsini tutub və çoxlu orden və medallarla təltif edilib. Ağa Yusif gəmiçilikdən qazandığı pulları xalqın maariflənməsinə (Qori Seminariyasına, Qızlar Məktəbinə) sərf edib. Bakı quberniyasının müsəlmanları arasında maarifin yayılmasına çalışan «Nəşrül-Maarif» cəmiyyətinin ömürlük fəxri üzvü olub. İngilis səyyahı B.A. Dorne «Qafqaza və Xəzər dənizinin cənub sahillərinə səyahət» kitabında belə yazıb: «Öz dövrünün nüfuzlu və varlı adamlarından sayılan Ağa Yusif Dadaşov Bibiheybət məscidini bərpa edərək yanında yenisini də tikib». Bu məlumatı isə Qılman İlkin yazıb: “Peterburqda tikilən Came məscidinə də Ağa Yusif çoxlu ianə - 40 çilçıraq və xeyli xalça göndərib”. Təsəvvür edin ki, Romanovların 300 illiyi münasibətilə keçirilən mərasimə Bakı quberniyasından yalnız Ağa Yusif çağrılıbmış.

DADAŞOVLARIN BAKIDAKI BİNALARI

Dadaşovların Bakıda saysız mal-mülkü varmış. Deyilənə görə, bulvardan ta Bayılacan uzanan böyük torpaq sahələri onların olub. Azneft meydanında – “Neftçilər 81” ünvanında yerləşən bina da onlarınmış. Bir neçə il öncə həmin binanı söküb yerində otel tikdilər... Keçmiş MTN-in binası - indi Sərhəd Qoşunlarınıın yerləşdiyi bina da Dadaşovlarınmış. Səməd Vurğun küçəsindəki Diaspor Komitəsinin binası, 28 May küçəsindəki 23 saylı məktəbin binası, indi yanından hamımızın qürurla keçdiyi gözəllər-gözəli “Metropol” oteli də (Nizami muzeyinin binası) həmçinin. M.Ə. Rəsulzadə ilə yaxın olduğundan “Müsavat” partiyasının ilk qurultyı da bu binada keçirilib.

BAKI. 1918-Cİ İLİN QORXUNC MARTI...

1918-ci il martında Ağa Yusif vəziyyətin nə ilə nəticələnəcəyini duyaraq, Bakıya çoxlu silah gətirtdirir və xalqı silahlandırır. O bu işə bütün ətrafını səfərbər edir. Rus qoşunları Bakını əhatə etdiyindən, şəhərdə xüsusi vəziyyət yaranmışdı. Yalnız yüksək rütbəli general gizli, həm də yoxlanılmadan nə isə edə bilərdi. Bu səbəbdən Ağa Yusif hər yana özü gedər, kisələrlə qızıl xərcləyib Bakının müdafiəsinə qalxarmış. Onu məhv etmək üçün çox pusqular qururlar. Hətta bir dəfə güllə onun düz ürəyinə tuşlanır, amma döşündə gəzdirdiyi “Quran” onu qoruyur.

QƏTLLƏ BAĞLI NƏSLİN DAVCAMÇILARI NƏ DEYİRLƏR?

Dadaşovlar soyadını yaşadanların dediyinə görə, həmin mart qırğınları baş verən zaman Ağa Yusif növbəti oğlunun dünyaya gəlməsini gözləyirmiş... Amma bu onun Vətən qarşısındakı öhdəliyinə əngəl ola bilmir. Günlərin birində Ağa Yusif Zirə kəndinə gəmiləri qarşılamağa gedir, silahları qəbul edir, geri qayıdanda daşnaklara tuş gəlir. Ona növbəti pusqu qurulur. S.Lalayan ona qılıncının altından keçməyi əmr edir, Dadaşov "Mən türkəm. Türk ölər, ancaq erməni dığasının qılıncının altından keçməz" cavabını verir. Ağa Yusif xəncərlə doğranılır...Amma ölümü bahasına silahları əliyalın əhaliyə çatdıra bilir. O, hərbi geyimdəymiş. Döşünü bəzəyən üstü brilyant, almaz və yaqutla süslənmiş saysız-hesabsız orden-medallar da beləcə yoxa çıxır. Ağa Yusifin məzarı yoxdur. Nəslin yaşlı nümayəndələrinin dediyinə görə, itki o qədər böyükmüş ki, adamları tək-tək dəfn edə bilməyərək, çalalara doldurublar. Çox güman, Ağa Yusif də bu çalaların birində basdırılıb...

AĞA YUSİFİN ÖLDÜRÜLDÜYÜ GÜN...

O, 1918-ci il martın 26-da öldürülüb. Beş gün də ötəcək və martın 31-də daha böyük bir qırğın yaşanacaqdı...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG