Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:51

A.M.A.Y-la bağlı məhkəmədə Sahibkarlığa Kömək Milli Fondunun nümayəndəsi dindirilib


Abdulla Abdullayev
Abdulla Abdullayev

-

Martın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə A.M.A.Y Ticarət Mərkəzinin rəhbəri, işadamı Abdulla Abdullayevin məhkəməsi davam edib. İclasda Sahibkarlığa Kömək Milli Fondununun nümayəndəsi – hüquq sektorunun müdiri Emin Nəzərov ifadə verib.

Fond işçisi ifadəsində deyib ki, 2006-2008-ci illər üzrə ”Birlikbank”a ayrılan kreditlər təyinatı üzrə istifadə edilməyib. Bugünkü tarixə bankın fonda 3 milyon 986 min manat əsas borc, 923 min manat cərimə, 138 min manat faiz borcu var. Fond hazırda pu məbləği tələb edir.

FOND NÜMAYƏNDƏSİ SUALLARI CAVABSIZ BURAXDI

Prokurorun suallarını cavablandıran Emin Nəzərov bildirib ki, Sahibkarlığa Kömək Milli Fondu sahibkarlar üçün kreditlər ayırıb, “Birlikbank”ın vəzifəsi müvəkkil bank təşkilatı kimi müqavilə bağlayaraq, həmin kreditləri müştərilərə vermək olub.

Fond nümayəndəsi vəkillərin suallarını cavablandırmaqda çətinlik çəkib. Əksər suallara "dəqiqləşdirib növbəti prosesdə cavablandıraram" kimi cavablar verib.

Vəkil Əkbər Bağırov:

"Fond hansı səbəbdən Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət etdi?

Nümayəndə:

- Müqavilə öhdəliklərində nəzərdə tutulmuş ödənişlər gecikdirildiyi üçün.

Vəkil Əkbər Bağırov:

- Xahiş edirəm ki, hüquq pozuntusunun yaranması zamanı hansı addımların atılmalı olduğunu, bu prosesin necə aparıldığı barədə ətraflı məlumat verin...

Abdulla Abdullayev:

- Xahiş nədir, cənab vəkil, siz ondan tələb edin. Mən bunların əməlinə görə burada oturmuşam...

Vəkil:

- Abdulla müəllim, tələb də edə bilərik, amma Emin müəllimlik burda bir şey yoxdur. O sadəcə nümayəndədir, özü də savadlı oğlandır, xahiş edirik cavab versin...

Emin Nəzərov (üzünü hakimə tutaraq):

- Hörmətli hakim, mən bilmək istəyirəm ki, ittiham ümumi kreditlərin məbləği ilə bağlıdır, yoxsa, borc hissəsi üzrə?

A.Abdullayev:

- İnsan taleyi həll etmisiniz, indi soruşursunuz ki, ittiham nə üzrədir? Yalandan şikayət etmisiniz Korrupsiya İdarəsinə...

"MƏNİ BİR İŞƏ GÖRƏ İKİ DƏFƏ CƏZALANDIRIRSIZ?"

Sonra Abdulla Abdullayev “Birlikbank”la Fond arasında olan müqavilələr, onların müddəti, öhdəlikləri və sair suallarla müraciət edib. Nümayəndə sualları yenə cavabsız buraxıb və bildirib ki, dəqiqləşdirmələr aparmadan heç nə deyə bilməz. Prokuror isə bu sualların çoxuna etirazını bildirdi:

- Abdulla müəllim 2006-cı ildən bu tərəfə Fonddan götürülmüş kreditlərlə bağlı suallar verir. Mən bu suallara etiraz edirəm. çünki həmin kreditlərə görə məhkəmə olub və hökm var.

Abdulla Abdullayev:

- Düz deyirsiz, məhkəmə hökmü var. Bəs o zaman mən bir məsələyə görə iki dəfə niyə cəzalanmalıyam? Həmin iş üzrə yaranmış borcla bağlı məhkəmə hökmünə əsasən, fonda əmlak təqdim edilib. Həmin əmlak pul deyil? Əmlakı məhkəmə onların sərəncamına verib. İş də icraya yönəlib. İndi mən bilmək istəyirəm, əgər mənim borcum var idisə, niyə bankın özünə, icra xidmətinə müraciət edilmədən birbaşa hüquq-mühafizə orqanına müraciət edilir?

Fond nümayəndəsinin sualları cavabsız buraxması təqsirləndirilən şəxsi özündən çıxartdı:

"Bu adam demək olar ki, heç bir sualıma cavab vermədi. Burda insan taleyi həll olunur. Şikayət ediblər, məni durda oturdublar, indi də nə soruşuram, Deyir, bilmirəm. Necə yəni, bilmirəm? Dövlət ittihamçısı da ona vəkillik edir. Sizinləyəm, hörmətli prokuror... Niyə vəkillik edirsiniz? Birləşib törətmisiniz bu cinayəti? Bunlar hələ uşaqdır. Mən tərbiyəli adamam, amma emosionalam. Xahiş edirəm, bəzi məsələlərə incə yanaşın. İnsanda şərəf yaxşı şeydir. Düzdür, danışıram, amma bilirəm ki, boş şeylərdir. Bunlar haradan o qənaətə gəldilər ki, kreditlərin verilməsində qanun pozuntusu yaranıb? Məhkəməyə sənəd təqdim etsinlər monitorinqin nəticələri ilə bağlı, görək nə hüquq pozuntusu olub? O boyda A.M.A.Y.-a 57 milyon qiymət qoydular. O qiymətlındirməni Korrupsiyaya qarşı Mübariz İdarəsinin təyin etdiyi auditor aparıb. Məni bunlar tutdurub - Sahibkarlığa Yardım Fondu və Korrupsiya İdarəsi. Mən fonda olan 3.4 milyon borcumu ödədim, amma borcumu ödəməyimlə bağlı mənə bir sənəd verilmədi. Fonddan dedilər ki, biz korrupsiyanın sifarişi ilə müraciət etmişik, ona görə də elə sənəd verə bilmərik. Mən fonda olan borcumu ödədim, 3 gün sonra leqallaşma ilə bağlı mənə qarşı əlavə ittiham verildi”.

Hakim fondun nümayəndəsinə verilmiş sualları cavablandırmaq üçün növbəti prosesdə də iştirak etməsini tapşırdı.

Məhkəmə prosesi aprelin 2-də davam etdiriləcək.

Abdulla Abdullayev 2014-cü ilin aprelində həbs edilib. Ona Cinayət Məcəlləsinin dələduzluq, külli miqdarda mənimsəmə, səlahiyyətindən sui-istifadə maddələri ilə ittiham irəli sürülüb. İşadamı həm ibtidai istintaq, həm də məhkəmədə ittihamları rədd edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG