Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:26

Türkiyə və Səudiyyə sünni liderliyinə can atır


Recep Tayyip Erdoğan və Səudiyyə kralı Salman - 2015

Recep Tayyip Erdoğan və Səudiyyə kralı Salman - 2015

-

«İran Birləşmiş Ştatlarla münasibətlərini normallaşdırmaq yolundadır, Birləşmiş Ştatlar isə Yaxın Şərqdəki yükünü azaltmaq istəyir. Bu zaman İranın ambisiyalarına nəzarət regionda iki sünni güc mərkəzi – Səudiyyə Ərəbistanı və Türkiyə üzərinə düşür».

«Stratfor» Araşdırmalar Mərkəzi yazır ki, Yəmənə qarşı əməliyyatlara rəhbərlik edən Səudiyyə Ərəbistanı sünni ərəb dünyasının lideri kimi önə çıxdı. Bu ölkə İrana qarşı ritorikanı hərəkətlə dəstəkləmək istəyir. Türkiyə isə daha ehtiyatlıdır, incə metodlarla işləyir – Suriyada islamçı üsyançı qüvvələri dəstəkləyir, İraq Kürdüstanında iqtisadi köklərini dərinləşdirir və eyni zamanda Bağdadda şiə hökuməti ilə birbaşa işləyir.

Ancaq Türkiyə getdikcə Səudiyyə Ərəbistanın kölgəsində qalmağa başlayır. Bir tərəfdən Türkiyə Səudiyyənin tərəfdaşı olmaq istəmir. O, liderlik mantiyasını geyinmək istəyir. Digər tərəfdən Türkiyənin çoxqütblü siyasi mühiti Ankaranın sərhədləri xaricində riskli hərbi əməliyyatda iştirakını çətinləşdirir. Bütün bunlar da bir fikir yaradır ki, Səudiyyə Ərəbistanı hərəkətə keçən tək qüvvədir, Türkiyə kənarda dayanıb baxır.

Mərkəz yazır ki, regional mühit Ankaranı Tehranla daha açıq konfrontasiyaya aparacaq. Digər tərəfdən Türkiyə «İslam Dövləti» qruplaşması ilə mübarizədə ABŞ-la hərbi əməkdaşlığa yaxınlaşır, eyni zamanda ənənəvi islamçı siyasi fraksiyaların hakimiyyətə gəlməsinə baxışı fərqlidir. Səudiyyə, Əmirliklər və Küveyt isə «Müsəlman Qardaşlığı»nın hökumətlərinə meydan oxumasını əngəlləyir. Türkiyə regionda uzun bir oyun oynayır, bilir ki, Misir, Suriya və Körfəzdə islamçılar gələcəkdə də siyasi qüvvə kimi qalacaq.

«Stratfor»un yazdığına görə, Muskatda İranla Səudiyyə arasında Yəmənə dair gizlin danışıqların olması barədə məlumat alıb. Bu danışıqlarda hutilərin Sana və Ədəndən çıxması, əvəzində onlara yeni hökumətdə güzəştlər müzakirə oluna bilər. İran isə İraq və Suriyada güzəştlər əldə edər: «Bütün bunlara baxmayaraq, Türkiyə və Səudiyyə Ərəbistanı İranın nüfuzuna qarşı özünəməxsus tərzdə mübarizə aparır və sünni liderləri uğrunda da bir-birilə yarışır».

Leonid Tibilov və Vladimir Putin sənədlərin imzalanması mərasimində - 18 mart 2015

Leonid Tibilov və Vladimir Putin sənədlərin imzalanması mərasimində - 18 mart 2015

ABXAZİYA, KRIM VƏ CƏNUBİ OSETİYA, ƏLVİDA!

carnegieeurope.eu saytında Judy Dempsey martın 18-də Rusiya prezidenti Vladimir Putin-lə Gürcüstanın separatçı regionu Cənubi Osetiya lideri Leonid Tibilov-un imzaladığı sazişdən yazır.

Bu razılaşma Rusiyanın Abxaziya ilə imzaladığı sənədlə eynidir və Moskva praktik olaraq bu qurumun gömrüyü, müdafiəsi və təhlükəsizliyi üçün məsuliyyət daşıyır. Müəllif yazır ki, bu qondarma respublikaları Moskva tam ilhaq etməyib, ancaq aydındır ki, azı yaxın gələcəkdə Gürcüstanın həmin əraziləri yenidən ələ keçirməyə azacıq şansı da yoxdur. Ukrayna hökuməti üçün də eyni durum yaranıb. Rusiyanın Krımı anneksiya etməsindən bir il ötür. Kiyevin həmin ərazi üzərində yurisdiksiyasını bərpa edə biləcəyi çox-çox uzaqdadır.

Müəllif 1975-ci ildə qəbul olunmuş Helsinki Yekun Aktının sərhədlərin suverenliyi və toxunulmazlığına dair fundamental prinsiplərinin yerlə-yeksan edildiyini vurğulayır. Aktın 40-cı ildönümü yaxınlaşır və üfüqdə sənədin xilası da görünmür:

«Bu aktın müddəaları Abxaziya, Cənubi Osetiya və Krıma aid edilsə, aşkar görünür ki, Qərb «Soyuq müharibə» dövrünün tarixi razılaşmasını qoruyub saxlaya bilməyib».

Müəllif sual edir ki, Qərb heç Helsinki Aktını qorumağa hazırlaşdımı? Bəziləri söyləyə bilər ki, sənəd məhz «Soyuq müharibə» zamanı imzalandığı üçün gərginliyi azaltmaq məqsədi daşıyıb və Qərblə Kreml arasında nüfuz dairələrini bölüşdürüb... «Soyuq müharibə»nin bitməsi də, Rusiyanın nöqteyi-nəzərindən, o demək idi ki, Helsinki Aktı artıq həmin dövrün nüfuz sahələrini təmin edə bilməyəcək. Kommunizmin yıxılması Qərbin varlığının dinc yolla yayılmasına gətirdi. Qərbin Ukraynada və digər Şərqi Avropa ölkələrində nüfuzunun artması isə Putin-ə meydan oxumaq idi. Krımı anneksiya etməklə Putin həmin cəbhədəki mövqelərini möhkəmləndirdi.

Müəllif yazır ki, Avropa ilə Rusiya bir-birilə yarışır. Ancaq bu yarışma və inamın olmaması çox təhlükəlidir... Nüfuz sahələrinə əl atmaq sabitsizliyin reseptidir, bunu Ukrayna böhranı da təsdiqlədi. Helsinki Yekun Aktı da göstərdi ki, nüfuz dairələri daimi deyil.

Vladimir Putin və Barack Obama

Vladimir Putin və Barack Obama

RESPUBLİKAÇILAR OBAMA-NI PUTİN-DƏN DAHA TƏHLÜKƏLİ SAYIR

Respublikaçıların üçdə biri inanır ki, prezident Barack Obama Birləşmiş Ştatlara Rusiya prezidenti Vladimir Putin və Suriya prezidenti Bashar al-Assad-dan daha çox təhlükə yaradır. Bunu «Reuters» agentliyi yazır.

«Reuters/Ipsos» bu ay onlayn sorğu keçirib. 2809 amerikalıdan xahiş olunub ki, Birləşmiş Ştatlara təhlükə yaradan ölkələri, təşkilatları və fərdləri 1-5 bal üzrə sıralasın. 1- təhlükə yoxdur, 5-ən yüksək təhlükə deməkdir.

Sorğunun nəticələrinə görə, respublikaçıların 34%-i Obama-nı birbaşa təhlükə görüb. Putin 25%, Assad 23% toplayıb.

Sosioloq Barry Glassner deyir ki, Amerika siyasətindəki qütbləşməni nəzərə alsaq, nəticələr təəccüblü deyil: «Vəzifədə olan şəxsi qaralayırlar. 2016-cı il prezident kampaniyasında Respublikaçılar və Demokratlar bir-birinə qarşı qorxu-yaratma hisslərindən istifadə edəcəklər. Televiziyalar, siyasət də bu qorxuyla çox bazarlıq edir».

Sorğuda 1083 demokrat və 1059 respublikaçı iştirak edib. Respublikaçıların 27%-i Demokrat Partiyasını, Demokratların 22%-i isə Respublikaçıları ölkəyə birbaşa təhlükə hesab edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG