Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:14

«Yeni Müsavat»: «Beynəlxalq əmək təşkilatı hakimiyyətin yalanını ifşa etdi»


«Yeni Müsavat» qəzetindəki «Beynəlxalq əmək təşkilatı hakimiyyətin yalanını ifşa etdi» başlıqlı məqalədə bildirilir ki, qəraragahı Cenevrədə yerləşən Beynəlxalq Əmək Təşkilatının ötən gün açıqlanan hesabatına görə, Azərbaycanda gənclərin 40 faizə yaxını işsizdir. İşsizlik xüsusən gənc qadınlar arasında geniş yayılıb və 36,8 faiz təşkil edir. Bu göstərici üzrə Azərbaycan siyahıda Nepal, Suriya və İranla qonşudur. Təşkilat bəyan edir ki, bu ölkələrdə gənclər arasında işsizliyin yüksək həddə olması iqtisadiyyatın vəziyəti ilə bağlıdır. Dövlət başçısı İlham Əliyev hakimiyyətə gələndə ölkədə beş il ərzində 600 min iş yeri açılacağını elan etmişdi. Onun bu günlərdə açıqladığı yeni rəqəmlərə görə, artıq üç il ərzində 490 min iş yeri açılıb. Dövlət Statistika Komitəsi də Azərbaycanda işsizliyin və kasıblığın sürətlə azaldığını iddia edir. Ancaq sözügedən beynəlxalq təşkilatın apardığı və nəzəri əsaslara söykənən araşdırmalardan görünür ki, Azərbaycan hakimiyyətinin ölkədə işsizliyin və kasıblığın səviyyəsinin sürətlə azalması haqda açıqladığı rəqəmlər yalandır.


«Ayna» qəzetindəki «Koçaryanın Moskva səfəri» başlıqlı məqalədə müəllif Ermənistan prezidenti Robert Koçaryanın oktyabrın 30-dan Rusiya paytaxtına başlayan rəsmi səfərini şərh edib. Müəllif yazır ki, Ermənistanın qaz problemi Moskvanın diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Koçaryanın səfəri zamanı əsas müzakirə mövzularından biri də məhz İran - Ermənistan qaz kəməri olacaq. Dekabrın əvvəllərində işə düşəcək kəmər vasitəsilə hər il Ermənistanın ehtiyacı olan 1,1 milyard kubmetr qazın nəqli nəzərdə tutulub. Lakin müəllif onu da qeyd edir ki, Moskva Ermənistanın İran qazını daha artıq həcmdə ixrac etməklə yanaşı, onun Gürcüstan ərazisindən Avropaya nəqlini təşkil edərək enerji dəhlizi kimi qazanc əldə etməsindən də ciddi narahatlıq keçirir.


«525-ci qəzet» dəki «AŞ PA həmməruzəçiləri Bakıda danışıqlar aparır» başlıqlı məqalədə Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Toni Lloyd və Andres Herkelin dünən keçirdiyi görüşlər barədə ətraflı məlumat verilir. Müəllif onu da bildirir ki, AŞ PA nümayəndələri bu gün Milli Təhlükəsizlik naziri Eldar Mahmudovla görüşəcək. Fərhad və Rafiq Əliyevlərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Cəmil Həsənlinin sözlərinə görəsə, həmməruzəçilər nazirdən Fərhad Əliyevlə görüşmək üçün şərait yaradılmasını xahiş etmək niyyətindədir. Komitə sədri onu da bildirib ki, F.Əliyevin amerikalı vəkili Çarlz Boss sabiq İqtisadi İnkişaf nazirinin işi ilə bağlı 14 səhifəlik hesabat hazırlayıb və sənədi ABŞ Dövlət Departamentinə, Konqresə, beynəlxalq insan hüquqları təşkilatlarına göndərib.


«Bakı-Xəbər» qəzetində «Azərbaycan dramında İran variantı» adı altında Azərbaycan Demokrat Partiyasının sədri Rəsul Quliyevin təhlil xarakterli məqaləsi dərc olunub. Məqalədə Azərbaycanın 1992-ci ildən sonrakı tarixini İranın son 50-55 illik tarixi ilə müqayisə edən partiya sədri bildirir ki, Azərbaycan xalqının firavan həyatını və gələcəyini müəyyənləşdirəcək demokratiya gec-tez ölkədə bərqərar olacaq.


XS
SM
MD
LG