Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:44

Əmir Teymurun arvadına vurulan memar...


Eyvaz Zeynalov
Eyvaz Zeynalov

-

Teymuru inandırmışdılar ki, Allahın yerdəki kölgəsidi. Göydə Allahdan, yerdə də ondan qüdrətlisi yoxdu...

Eyvaz Zeynalov

ONLAR QUŞA DÖNDÜLƏR

(hekayə)

Farzuq Seyidbəyliyə

Səmərqənddə, açıq səma altındakı qədim abidələr muzeyindəyəm. Üz-gözündən qəribə bir qədimlik yağan özbək bələdçim özü də elə ətrafdakı abidələrə bənzəyir.

Onların nə vaxt, necə yarandığını, zaman-zaman burda baş verənlərin hamısını yerli-yataqlı bilir. Elə bil, həmin o sirli-sehrli əhvalatları ziyarətçilərə çatdırmaq üçün o dövrdən təsadüfən bu abidələrin arasında yaddan çıxıb qalıb.

- Memar yuxudaymış kimi, birdən ayıldı. Tikintini bu sürətlə davam etdirsə, vaxtından qabaq başa çatdıracaqdı. O zaman sevdiyi qadının daha nə üzünü görəcək, nə də məlahətli səsini eşidəcəkdi.

Tikinti meydanında işlərin gözlənilmədən axsadığını görən hökmdar arvadı bərk narahat olmağa başladı. Memarın söylədiyi səbəblər həqiqətdən çox bəhanəyə oxşayırdı. Sanki birdən-birə ona nəsə olmuşdu.

Qadın, nəhayət, odlu baxışlarından, həyəcanlı səsindən memarın ona vurulduğunu, bənd olduğunu duydu. Ancaq özünü o yerə qoymadı.

Bələdçim burda nəfəsini dərib danışdığı əhvalata daha bir naxış vurdu.

- Əmir Teymurun səkkiz kəbinli arvadı vardı. Hərəsi də bir ölkənin şahzadəsiydi. Onlar hökmdarın yanında yerlərini şirin salmaqdan ötrü hər dəfə yürüşdən qayıtması münasibətilə onu nəsə qeyri-adi bir hədiyyə ilə təəccübləndirməyə, təbrik etməyə çalışırdılar.

Açıb-ağartmağa çəkinsələr də, bu gizli rəqabəti, çəkişməni sarayda maraqla izləyirdilər.

Dünyaya qan udduran Teymurun hərbi yürüşləri, adətən, üç-beş il uzanardı. Budəfəki yürüşü Hindistanaydı və daha ağır, daha uzundu.

Hökmdar yürüşə çıxan kimi sevimli arvadı memarlardan birini çağırtdırıb Səmərqəndin gözəgəlimli bir yerində məscid tikməsini əmr etmişdi. Əri qayıdana qədər tikinti başa çatmalıydı.

Çox məsuliyyətli işdi. İndiyəcən tikdiklərinin hamısından fərqlənməli, üstün olmalıydı. Hökmdar bəyənməsə, bəxtindən küsməliydi.

Neçə hökmdara qulluq edən ustadının aqibəti memarın gözünün qabağındaydı. Düzdü, əməyi, yaratdıqları həmişə layiqincə dəyərləndirilmiş, qiymətli hədiyyələrlə mükafatlandırılmış, yüksək mənsəbə çatmışdı. Lakin bütün bunlar tək bir səhvinin bağışlanmasına kifayət etməmişdi.

Növbəti yürüşdə Teymurun birinci arvadına tikdiyi mədrəsə hökmdarın daha əvvəl tikdirdiyi üzbəüzdəki məscidi kölgədə qoymuşdu. Bu, Teymura bərk toxunmuşdu. Sanki memar onun özünü əskiltmişdi.

Onu görünməmiş bir ölüm hökmü ilə cəzalandırmışdı. Ayaqlarından atın quyruğuna bağlayıb üzü üstə o qədər sürümüşdülər, bədəni tikə-tikə olmuşdu.

Hökmdar mükafatlandırmaqda nə qədər əliaçıq, səxavətliydisə, cəzalandırmaqda bir o qədər qəddar, amansızdı.

Memar bunları unutmamışdı. Məscidin inşasını boynuna götürəndə hərtərəfli düşünüb-daşınmışdı. Bir tərəfdən də, bu addımı atmağa ruhlandıran Teymurun sevimli arvadının misilsiz gözəlliyi olmuşdu.

Memar onun qənirsiz gözəlliyi haqqında çox eşitsə də, üzünü yalnız məscid tikməyi əmr edən zaman görmüşdü. Elə onda da ilk baxışdan aşiq olmuşdu. Böyük həvəslə işə girişərək az bir müddətdə tikintini yarılamışdı.

O özünü məhəbbət aləminin Fərhadı sayırdı. Bu sevdanın baş tutan bir sevda olmadığını bilsə də, hissləri ilə bacarmırdı. Onunçün dünyada gerçək olan bir sevgilisi, bir də özüydü. Qalan hər nə var, əfsanəydi. Yaratdığı fikrən, xəyalən məscid yox, ilahi məhəbbətinin, sevdiyi qadının bənzərsiz abidəsi, heykəliydi. Hamıdan pünhan onunla danışır, dərdini-odunu onunla bölüşürdü. Gecələr yuxularında canlıya dönən heykəllə qol-boyun olurdu sübhəcən.

Rəqibi dağçapan Fərhadın rəqibi Xosrov şahdan daha qüdrətli, daha amansızdı. Boyun əyməyən xanların, sultanların, şahların ölkələrini viran qoyur, əhalisini uşaqlı-böyüklü, qocalı-qadınlı bir nəfər kimi “uf” demədən qılıncdan keçirtdirirdi. Adını eşidəndə hamı qorxusundan zağ-zağ əsirdi.

Bir vaxt memarın doğma, gözəl şəhəri də könüllü təslim olmadığına görə onun qəzəbinə tuş gəlmişdi. Şəhəri döyüşlə alan Teymur adi qətl-qarətlə kifayətlənməmiş, qəzəbi soyumamışdı. Əsgərlərinə hərəsinin bir baş kəsib gətirməsini əmr etmişdi.

Eləsi olmuşdu bir deyil, bir neçə baş kəsmişdi. Əlinə kimsə keçməyən əsgər yoldaşlarına satmışdı. Baş gətirməyən, bölük rəhbərinin dəftərində qeydiyyatdan keçməyən əsgər cəzalandırıldığına görə, nəyin bahasına olur-olsun, onu başqa birindən almağa məcburdu. İnsan başlarından dağlar ucaltdıran Teymur daşını daş üstündə qoymadığı şəhəri əsgərlərinə şumlatdırmış, torpağında arpa əkdirmişdi.

Bu qarışıqlıqda, qırğında memarın həyatı tükdən asılıydı. Sağ qalacağına ümidi yoxdu. Hər dəqiqə başını bədənindən ayıracaqlarını gözləyirdi. Ustadı “şagirdimdi”, deyib son anda onu əsgərlərin cəngindən zorla qurtarmışdı.

Teymur işğal etdiyi ölkələrdə, şəhərlərdə yalnız alimlərə, şairlərə, tarixçilrə, xəttatlara, musiqiçilərə, sənət adamlarına toxunmurdu. Hamısını bir yerə yığdırır, nəzarət altında paytaxtı Səmərqəndə sürdürürdü.

Memar neçə ildi bu minvalla Səmərqənddə əmin-amanlıq şəraitində yaşayırdı. Şəhərin küçə və meydanlarının abadlaşdırılmasında, gəlin kimi bəzədilməsində xidmətini əsirgəmirdi.

***

Vaxtının çoxunu hərbi yürüşlərdə keçirən hökmdarı bir tərəfdən də qocalıq birdəncə haqlamışdı. Arvadları daha ondan əvvəlki məhrəmliyi, lazımi diqqət və qayğını görmürdülər.

Dünya gözəli, duyğulu bir qadın olan sevimli arvadı Teymurdan çox kiçikdi. Qəlbində baş qaldıran qəribə hissləri nə qədər cilovlamağa çalşsa da, get-gedə cavan, yaraşıqlı memara qarşı laqeyd qala bilmirdi.

Onun da ürək dostu, həmdərdi yoxdu. Əslində, vardı, ancaq indiyə qədər onunla başqa sirlərini bölüşmüşdü. Həyatına yeni məna verən mübarək hisslərini də onunla bölüşmək olardı-olmazdı, bilmirdi. Suallar ona rahatlıq vermirdi. Nağıllarda söylənən məhəbbət buydumu? Bəlkə özünü üzməyə dəyməzdi, ötəri hisslərdi, keçib gedəcəkdi?.. Di gəl ki, keçmək əvəzinə daha da güclənir, özünü özündən alırdı. İçində qəfil dəli bir istək kükrəyir, şahə qalxırdı. Qul-qaravaşını başına yığıb tikinti sahəsinə yollanırdı. Adını gedişatı yerindəcə yoxlamaq, əyər-əskiyi öyrənmək qoysa da bəhanəsi əslində memarı görmək, kəlmə kəsməkdi.

***

Teymurun Hindistandan zəfərlə dönməsi xəbərləri gəlməkdəydi. Vaxt sürətlə ötmüşdü. Sanki getdiyi dünəndi. Halbuki aradan nə az, nə çox, düz yeddi ilə yaxın bir vaxt keçmişdi. Bu tutuşla, hökmdar uzaqbaşı beş-altı aya Səmərqəndə yetişəcəkdi. Tədbir qılmaq, memarı tələsdirmək lazımdı.

Fürsətkən onu sınağa çəkmək istədi. Şirnikləndirmək məqsədi ilə, ilk növbədə, maaşını ikiqat artırdı. Məscidi vaxtında tikib qurtarsa, qiymətli hədiyyələrlə mükafatlandıracağını da vəd etdi.

Memar məsələni anlayıb:

- Mənim dərdimin əlacı, məlhəmi pul-para, var-dövlət deyil, - dedi.

- Elə isə tikintini ləngitməkdə fikrin nədi?

- Sizi daha artıq görməkdən qeyri bir təmənnam yoxdu.

- Gec-tez, onsuz da, tikintini başa çatdırmalı, verdiyin sözə əməl etməlisən. - Ona vaxtı uzatmaqla nəyəsə nail olacağını düşünməkdə yanıldığını xatırlatdı. - Əks halda, səni hökmdarın qəzəbindən mən də xilas edə bilmərəm.

- Mübarək camalınızı bir kərə artıq görməkdən yana canımdan belə keçməyə hazıram.

Hökmdar arvadı dolayısı ilə andırdığı hədə-qorxunun da təsirsiz, nəticəsiz qaldığını görüb yeni bir təklif irəli sürdü.

- Qadınların hamısı eynidi, - dedi. - Hərəmxanamda gənc, gözəl qızlar çoxdu. Onlardan bəyəndiyinin, ürəyinə yatanın birini seçib götürə bilərsən.

Memar könül sarayının yalnız bir sultanı olduğunu söylədi.

Qadın onu çaşdırmaq üçün son cəhdə əl atdı. Xidmətçilərinə bir qab rəngbərəng boyanmış yumurta gətirtdi. Onları bir-bir sındırmağı əmr elədi. Axıra çatanda dedi:

- Gördünmü, zahirən fərqlənsələr də, daxilən yumurtaların hamısı eynidi. Qadınlar da belədi. Onları fərqləndirən bər-bəzəkləri, əyinlərindəki libaslarıdı.

Memar başını aşağı salıb xəfifcə gülümsündü. Ona iki piyalə gətirmələrini xahiş etdi. Onlardan birini adi su, o birini isə şərabla doldurdu.

- Baxın, - dedi, - ikisi də mayedi, hansı qaba töksək, onun formasını alasıdı. Dediyiniz kimi, zahirən eynidi. Fərqini bilmək üçün onları hökmən içmək lazımdı. İçən zaman görəcəyik ki, su iysiz, dadsız, soyuq mayedi, şərab isə insanı həvəsə, cuşə gətirən, yandırıb-yaxan od, alov, atəşdi.

***

Bu ağıllı misalın, dəmir məntiqin qarşısında tərksilah olan qadın əlacı ayağını tikintidən kəsməkdə gördü. Başı iş-gücə qarışan memarın onu birdəfəlik unudacağını düşündü. Amma belə olmadı. Həftə tamamında memardan bir ismarıc gəldi. Onunla görüşmək, danışmaq, şərt kəsmək istədiyini bildirirdi.

Çağırtdırıb təklikdə xəbər aldı:

- De görüm şərtin nədi?

Memarın şərtini eşidəndə həm hədsiz dərəcədə heyrətləndi, həm də cəsarətinə heyran qaldı: tikintini vaxtında başa çatdırması üçün qadın ona bir busə verməliydi. Verməsə, məscidin inşasını dayandıracaqdı.

Burda mən özümü saxlaya bilmədim:

- Memar Əmir Teymurun arvadına elə belə də dedi? Qorxmadı?

- Nədən qorxmalıydı?

- Axı, o, hökmdar arvadıydı. Həm də necə bir hökmdar!

- Yox, qorxmadı. - Bələdçim hadisənin şahidi kimi danışırdı. Guya hər şeyi gözləri ilə görmüş, qulaqları ilə eşitmişdi. - Ortada qarşılıqlı məhəbbət vardı.

- Qadının da onu sevdiyini hardan bilirdi?

- Memarı məhəbbəti müdrikləşdirmişdi. Sınağa çəkmək növbəsi onundu. Günahkarı, sevənin günahını sevən bağışlamalıdı.

Qadın xeyli fikirləşəndən sonra şərtə razı oldu.

Memar dodaqlarından öpmək istəyəndə qoymadı. Əlləri ilə üzünü örtdü. Yanağından, həm də göstərdiyi yerdən öpməyə icazə verdi.

Memarın öpüşü adi öpüş deyildi. Dodaqları toxunan yanağını sanki alov qarsaladı.

Onu tələsik yola salıb aynanın qabağına keçdi. Səksəkəylə yanağında öpüşün izini axtardı. O yeri dəsmalla dönə-dönə sildi. Ancaq canında duyduğu şübhədən yaxasını qurtara bilmədi.

Memar aldığı busənin dadı damağında daha böyük həvəslə, şövqlə çalışaraq məscidin tikintisini uğurla başa çatdırdı. Səmərqənddə gözəl saraylar, məscidlər çoxdu. Amma bu nadir sənət incisi onların arasında öz möhtəşəmliyi ilə seçilirdi.

Teymurun o biri arvadları, başqa sözlə, sevimli arvadının günüləri belə bir fikrin daha əvvəl onların ağlına gəlmədiyinə görə paxıllıqlarından az qalırdılar partlasınlar.

***

Əmir Teymur Hindistan səfərindən misilsiz qələbəylə qayıtmışdı. Bu münasibətlə təşkil edilmiş təntənəli mərasim kütləvi bayram şənliyinə çevrilmişdi. Səmərqənd gözəl bir gəlin tək başdan ayağa bəzənmişdi. Küçələrə xalı döşənmişdi. Təzə, ən yaxşı libaslarını geyinmiş insanlar əllərində gül-çiçək tikintisi yenicə başa çatmış məscidin qarşısındakı meydanda toplaşmışdılar. Saray əyanları, hökumət adamları, say-seçmə qonaqlar dayanıb hökmdarın gəlişini gözləyirdilər. Onların arasında başının kəniz-qaravaşları ilə sevimli arvadları da vardı.

Hökmdar ağ atın üstündə, sərkərdələrinin önündəydi. Meydana çatanda xidmətçilərinin köməyi ilə atdan yendi. Axsaya-axsaya irəli yeridi.

Onun sağ ayağı sol ayağından xeyli gödəkdi. Dizi işləmirdi. Yeriyəndə bir böyrü üstə yenib qalxırdı. Üstəlik sağ qolu da sağ ayağı kimi şikəstdi. Qocaldıqca axsadığı daha artıq nəzərə çarpırdı. Şikəstliyinə görə, gizlində çox vaxt ona Teymurləng, Topal Teymur deyirdilər.

Tarixçiləri haçansa düşmənlə qanlı döyüşdə yaralandığını yazırdılar. Bədxahları tamam başqa fikirdəydilər. Guya qoyun oğurluğunda vurub şikəst eləmişdilər.

Teymur cavan vaxtlarında başına dəstə yığıb bir müddət yol kəsmiş, karvan soymuş, qoyun, mal-qara oğurlamış, bir sözlə, quldurluqla məşğul olmuşdu. Qoçaqlığı, igidliyi haqqında eşidən yerli xan onu yanına çağırıb, özünün qoşun başçısı təyin etmişdi. Sonralar ağlı, fərasəti, bacarığı ilə günü-gündən daha da güclənmiş, şöhrətlənmişdi.

Məscidin gözəlliyi hökmdarı sehrləmişdi. Gözünü ondan ayıra bilmirdi. O, çox ölkələr fəth etmiş, saysız-hesabsız saraylar, məscidlər, abidələr görmüşdü. Lakin beləsini görməmişdi. Sanki ilahi bir qüvvədən güc almış, qeybdən yaranmışdı.

Oradaca həm memarı, həm də sevimli arvadını qiymətli hədiyyələrlə mükafatlandırdı.

***

Onların xoşbəxtliyinin ömrü cəmi bircə gün çəkdi. Ertəsi gün Əmir Teymur hər ikisinin təzə məscidin minarəsindən aşağı atılmasını əmr etdi.

Cidanı çuvalda gizlətmək mümkün olmamışdı. Kənizlərdən biri öpüşdüklərini təsadüfən görmüşdü. Dilini dinc saxlaya bilməmişdi. Bu sirri yaxın rəfiqəsinin, o da öz rəfiqəsinin qulağına pıçıldamışdı. Pıçhapıçı hökmdarın o biri arvadları da eşitmişdilər. Onlar bir-birilə üzdə mehriban günülər, gizlində isə ən qatı rəqiblər kimi davranırdılar.

Arvadlarından biri bu xəbəri hökmdara daha tez çatdırmışdı. Onu qabaqlayacaqlarından ehtiyatlanmışdı. Geciksə, qınağa tuş gələ, irəli düşsə, mükafatlandırıla bilərdi. Hətta, ərinin ilk gecəsini günüsü, sevimli arvadı ilə deyil, onunla keçirmək şansı da vardı. Bu, böyük şərəfdi.

Qəzəbdən Teymurun sifəti tamam əyilmiş, qıyıq gözləri daha artıq qıyılmış, dəhşətli bir görkəm almışdı.

- Öz gözlərinlə gördün? - Birdən necə bağırdısa, xəbərçi arvadının qulaqları batdı, nitqi tutuldu, rəngi ağappaq ağardı.

- Yoxx... - güclə xırıldadı.

- Səndən başqa da bunu bilən var?

Arvadı yenə “yox”, demək istədi. Amma tez də fikrindən daşındı. Xəbərin yayılmasının qarşısını almaq üçün yeganə şahidi gedər-gəlməzə göndərmək hökmdarın əlində su içmək kimi asan bir işdi.

- Var, çox adam bilir, lap çox, - tələsik özünü sığortaladı. Birinin üstünə beşi əvəzinə on beşini qoyub eşitdiyini bacardıqca daha artıq şişirtdi. Birinə inanmasa da, o birindən mütləq şübhələnəcəkdi. Od olmasa, tüstüsü olmazdı.

Teymur bilsəydi ki, kimisə öldürməklə bu rüsvaylıqdan qurtarmaq mümkündü, saray əhlinin hamısının axırına çıxardı.

- Rədd ol!..

Handa özündən deyən padşahları qarşısında diz çökdürən Teymur sevimli arvadının xəyanətini heç cür sınıra bilmirdi. Şübhələr içini didirdi. Bu nə cəsarətdi? Bəlkə hamısı qurğu, arvadlarının fitnə-feliydi? Axı, qadını gözləri götürmürdü. Memarı sorğu-suala çəkmək olardı. Amma bunu şəninə sığışdırmırdı. Kimdi axı o? Qullarının arasında eləsi nə çoxdu! Barmağının bir işarəsi ilə onu qarışqa kimi əzərdilər.

***

Hissə qapılan sevimli arvadı həmin anda yamanca tələsmişdi. Hətta o öpüşün xəyanət olduğunu belə düşünməmişdi. Lakin artıq gecdi, üzr-filanın, yalvar-yaxarın xeyri yoxdu. Ərini yaxşı tanıyırdı. Mərhəməti kimi qəzəbi də hüdudsuzdu. Qəzəblənəndə sözünün qabağında söz deməyə kimsənin cürəti çatmazdı. Cürəti çatanın aqibətinin nə ilə nəticələndiyini öz gözləri ilə görmüş, şahidi olmuşdu.

Növbəti yürüşdən qayıdan Əmir Teymura Səmərqənd hakiminin gününü arvadbazlıq, eyş-işrətlə keçirdiyini, xalqla ədalətli davranmadığını, mövqeyindən sui-istifadə edərək ən yaxın

adamlarına vəzifə verdiyini, qohum-əqrəbasına mal-mülk payladığını çatdırmışdılar. Deyilənləri əl altından yoxlatdırmış, hamısı doğru çıxmışdı.

Hökmdar onu ən ağır cəza ilə cəzalandırmışdı. Əyanlar, yüksək vəzifə sahibləri hökmü eşidəndə qulaqlarına inanmamışdılar. Hakim ən yaxın, ən inandığı adamdı. İllərdi məclislərində yanında əyləşərdi.

Hökmdarın hüzurunda sözü keçən, eyni zamanda hakimin yaxın dostlarından sayılan vəzirlərdən biri bütün bunları nəzərə alıb onun müdafiəsinə qalxmaq istəmişdi.

- Qibleyi-aləm, - boğazını arıtlayıb çəkinə-çəkinə demişdi, - bəlkə zavallı qulunuzun cəzasını bir az yüngülləşdirəsiniz...

Teymur yumşalmaqdansa, daha artıq qəzəblənmiş, əmr etmişdi:

- Cəllad, hakimi müdafiə edən vəzirin də boynu vurulsun!

Əyanlar, yüksək vəzifə sahibləri hökmdarın bu sərt qərarına da şübhəylə yanaşmışdılar. Onu yumşalda, qəzəbini soyuda, fikrindən döndərə biləcəklərini düşünmüşdülər. Bu dəfə sayılıb-seçilən mənsəb sahiblərindən biri şirin dilini işə salaraq araya girmişdi:

- Hökmdar, sizin qərarlarınızın ədalətli olduğuna hamımız ürəkdən inanırıq. Ancaq bu günahkar bəndələrinizin keçmiş xidmətlərini, uşaqlarını...

Əmir Teymur ona sözünü bitirməyə imkan verməmişdi. Cəllada tərəf dönüb qəzəblə bağırmışdı:

- Rədd eləyin bunu gözümün qabağından!

Elə həmin saat üçünün də boynunu vurdurmuşdu.

Teymur kimi adamlar özlərinə hədsiz dərəcədə vurğun olurlar. Həm də bu vurğunluq birdən-bərə, bir günün, beş günün içində yaranmır. İllər ərzində tədricən, ətrafdakıların günahı ucbatından yaranır. Addımbaşı o qədər tərifləyib göylərə qaldırırlar ki, yavaş-yavaş deyilənlərə inanırlar. Sonra onları bu fikirdən daşındırmaq, döndərmək mümkün olmur.

Teymuru inandırmışdılar ki, Allahın yerdəki kölgəsidi. Göydə Allahdan, yerdə də ondan qüdrətlisi yoxdu. Allah göyləri, o da yerləri şəriksiz idarə etməlidi. Kimsə Allahın iradəsinə qarşı çıxmadığı kimi, onun da iradəsinə qarşı çıxmamalıdı! Bütün əmrlərini, qərarlarını sözsüz yerinə yetirməlidilər. Qərarları başqası tərəfindən ədalətli qərar kimi dilə gətiriləndə, təsdiqlənəndə belə şübhə doğururdu.

Saray əhli nə hökmdarın sevimli arvadının, nə də memarın müdafiəsinə qalxmağa cürət etdi. Qabaqca memarı, sonra da Teymurun sevimli arvadını məscidin minarəsindən aşağı atdılar.

Deyilənə görə, onlar yerə düşmədilər. Havada quşa döndülər. Qanad açıb uçdular. Bir-birinə qoşulub ənginliklərdə gözdən itdilər.

- Necə yəni yerə düşmədilər? - Bələdçidən soruşdum.

- Hər halda, yerə düşdüklərinə şahidlik edən tapılmadı. Başqa vaxt təbillər gurlayar, carçılar camaatı meydana yığardı. İndi bunların heç birinə ehtiyac görməmişdilər. Meydan bomboşdu.

Axırıncı abidənin yanından ötəndə artıq şər qarışmışdı. Birdən qəribə bir səs eşitdim. Sanki yaxınlıqda hansısa bir quş qanad çalıb havaya qalxdı.

- Bu nə səsdi? - deyib döyüksəm də ətrafda heç nə görmədim.

- Onların ruhudu, - bələdçi dedi, - o vaxtdan bu yerlərdə dolaşır.

- Onların ruhudu?

- Bəli. İnanmırsınız?

- İnanıram, - dedim.

Elə soruşdu ki, başqa cür cavab verə bilmədim.

XS
SM
MD
LG