Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:38

"Kitab oxumaq mənim üçün nəfəs almaq qədər vacibdir"


Xədicə Cəfərova

Xədicə Cəfərova

-

"Bizdə müzakirə mədəniyyəti tam formalaşmayıb.

Kitablardakı ideyaları incələməkdən daha çox ümumilikdə əsərə, yazıçıya qiymət verilir - “çox maraqlı yazır”, “darıxdırıcıdı”, yaxud “mənasızdı” deyə.

Facebookda dörd ilə yaxındır mövcud olan Kitablar aləmində səhifəsinin 12 mindən çox üzvü var.

Bu səhifədə hər gün Azərbaycan və dünya yazarlarına aid əsərlərdən parçalar paylaşılır, təbliğ olunur.

Bu işi öhdəsinə götürən adminlərdən biri Xədicə Cəfərovanın OxuZalına müsahibəsi.

- Xədicə xanım, kitaba marağın zəif olduğu bir cəmiyyətdə, sizi kitabı belə həvəslə təbliğ etməyə nə vadar edir?

- Mənə bu sualı verəndə həmişə təəccüblənirəm, çünki mənim üçün kitab oxumaq oxumağı öyrəndiyim andan nəfəs almaq, su içmək qədər təbii, bir sözlə adi, gündəlik, lakin həyati vacib məşğuliyyətdir.

- “Kitablar aləmində” səhifəsi necə yarandı?

- Səhifə 2011-ci ilin mart ayından fəaliyyət göstərir. Bir tətil günü bir neçə kitabsevərin, mən də daxil olmaqla Facebookdakı Kitabqurdu səhifəsində olduqca maraqlı müzakirəsi oldu və biz qərara aldıq ki, yeni kitab səhifəsi yaradaq, digərlərindən fərqli olaraq onu daha məzmunlu, dolğun və hərtərəfli edək. Bu iş mənim öhdəmə düşdü və ilk vaxtlar səhifədə əsərlərin oxusu, müəyyən edilmiş vaxtlarda müzakirəsi və müsabiqələr də keçirildi. Hal-hazırda vaxt məhdudluğu səbəbindən səhifədə sadəcə olaraq əsərlər paylaşılır (hissə-hissə), suallar qoyulur, kitablar, yazıçılarla bağlı maraqlı məlumatlar yerləşdirilir.

- Bu səhifə vasitəsilə həm də Azərbaycanın oxucu kütləsini hiss etmək mümkündür. Sizcə, Azərbaycan oxucusu daha çox hansı növ ədəbiyyata maraq göstərir? Hansı yazarlar daha çox müzakirə olunur?

- Ümumilikdə, Azərbaycan oxucusunun zövqü haqqında mənə fikir söyləmək çox çətindir...

Hər kəsin öz zövqü, öz spesifik tələbatı var, ona görə də məndən hansı kitabı oxumaq haqda məsləhət alanda (səhifədə belə hallar tez-tez olur) əvvəlcə maraqlanıram görüm oxucu hansı tip əsərləri sevir, kitabdan nə gözləyir, ən çox sevdiyi əsərlər hansılardı...

Bunları bildikdən sonra məsləhət vermək də asan olur, oxucu da kitabı oxuyandan sonra razılığını bildirir. Bir şeyi dəqiq bilirəm ki, xarici dil bilməyən oxucu kütləsinin seçimi çox məhduddur, onların əvəzinə seçimi nəşriyyatlar edir.

Və bəzən maddi maraq qalib gələndə zərərli kitablar təbliğ olunur və geniş oxucu kütləsi qazanır. Bununla belə, Tolstoy, Dostoyevski, Hamsun, Remark kimi klassiklərdən tərcümələr edilməsini çox bəyənirəm. Bu yazıçılar əbəs yerə dahi hesab olunmur. Onların yazdıqları hər bir dövrdə öz aktuallığını qoruyub saxlayır və oxucular da ən çox onların əsərlərinə üz tutur, sitat gətirir, sevə-sevə oxuyurlar.

Sualınızın “hansı yazarlar müzakirə olunur” hissəsinə gəldikdə isə, zövq üçün oxuyanlar müzakirəyə çox meylli olmur və ümumiyyətlə, oxucular bu müzakirə məsələsinə bir az şübhə ilə yanaşırlar, fikirlərini əsaslandırmaqdan, kitabdakı ideyaları incələməkdən daha çox, ümumilikdə əsərə, yazıçıya dəyər verməyə çalışırlar ("çox maraqlı yazır”, “darıxdırıcıdı”, yaxud “mənasızdır” və s.).

Düşünürəm ki, bizdə əsərləri müzakirə mədəniyyəti hələ də formalaşmaqdadır. Diqqət etməliyik ki, şəxsiyyətləri deyil, fikirləri müzakirə edək, sözlərimizə dəlillərlə söykək verək, emosiyalarımızı cilovlayaq, ümumiləşdirmələrə meyli azadıb bir az konkret danışaq. Çox təəssüf ki, bir çoxlarımız tənqidi təfəkkürü yalnız tənqid etmək kimi anlayır.

- Oxucular arasında müasir Azərbaycan yazarlarına münasibət necədir? Onlar xarici yazarlarla rəqabət apara bilirlərmi?

- Müasir Azərbaycan yazarlarının səsi hələ ki çox zəif gəldiyindən, onlara münasibət haqqında bir fikir söyləməkdə çətinlik çəkirəm. Bildiyim odur ki, KA-da paylaşanda (səhifəmin abbreviaturası Orxan Pamukun “Qar” əsərinin qəhrəmanının adı ilə eyni cür səsləndiyindən onu belə adlandırmağı sevirəm) oxucular Rasim Qaracanın hekayələrini və İlqar Fəhminin “Aktrisa” romanını çox gözəl qarşılamışdılar.

Məncə, səbəb bu yazarların epatajçılıqdan uzaq olub, özlərinin orijinal əsərlərini yaratması, müasir ədəbi texnikalardan istifadəsi, əsərlərini sadə dillə yazıb yaddaqalan obrazlar yaratması və subyektivlikdən uzaq olmaları ilə bağlıdır. Mənim üçün ən zəif əsər başqa əsəri təkrar etmək bir yana qalsın, yazıçının öz dünyagörüşünü ən düzgün və ən yaxşı hesab edərək oxucuya “sırıması”dır.

Xədicə Cəfərova

Xədicə Cəfərova

Əsərdə ziddiyyət nə qədər güclü olarsa, antoqonist obrazlar nə qədər bir-birinə layiq rəqiblər olarsa, əsər bir o qədər güclü və təsrili alınır.

Bizim yazarların xarici yazarlarla rəqabət aparmağa istedadı da çatar, qələminin gücü də. Bunun üçün əsərlərdəki psixologizm və fəlsəfi dəyəri bir az artırmaq, əsəri daha oxunaqlı etmək üçün yeni priyomlar düşünmək lazımdır.

Başqa sözlə, intellektual və ciddi ədəbiyyat oxumuş yazıçıların əsərlərinin də rəqabətə davamlı olacağını düşünürəm.

- Sizcə, oxucuların ədəbi zövqünü yüksəltmək və fəallaşdırmaq üçün daha nələr edilə bilər, ya da oxucuların kitabın “tələsinə düşməsi” üçün nələr çatmır?

- Kitabla ünsiyyət hələ erkən yaşlardan başlamalı, uşaqlara ən yüksək mükafat kimi kitab hədiyyə olunmalıdır. Uşaqların kitablarını rahat şəkildə oxumalarına şərait yaratmaq və onlara kitablarını yığmaları üçün xüsusi guşə ayırmaq lazımdır. Məktəblərdə müəllimlər buna xüsusi diqqət ayırmalı, sinifdənxaric oxunun əhəmiyyətini vurğulamalı, bunu şagirdlərdə vərdiş halına gətirməlidirlər.

Məktəblərdə kitab oxuyanları həvəsləndirmək, kitabı hər cür təbliğ etmək, tez-tez kitab müzakirələri və müsabiqələri keçirmək lazımdır. Bu zaman diqqət etmək lazımdır ki, seçilən kitablar uşaqların zövqünə görə olsun və uşaqlara seçim verilsin. Böyüklərə gəldikdə isə, burda kitab oxumaq bir seçim məsələsidir… Həyatına maraq qatmaq istəyən, vaxtını daha mənalı keçirmək istəyən və inkişaf etmək istəyən hər bir kəs həmişə kitaba üz tutur. Bu artıq insanın dəyərləri ilə bağlıdır.

- Bu gün ölkədə ədəbiyyatı populyarlaşdırmaq, kitab satışını stimullaşdırmaq ayrı-ayrı fərdlərin, dövlətin, yoxsa yazarların işi olmalıdır, sizcə?

- Bu işdə hamı əlbir işləməlidir. İlk növbədə balaca oxuculardan başlamalıyıq.

Günün bütün mövzuları

XS
SM
MD
LG