Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:08

KXCP üzvünü öldürdükləri iddia olunan salyanlıların məhkəməsi başlayıb


Arxiv fotosu
Arxiv fotosu

-

Martın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda, quldurluqda və qətl hadisələri törətməkdə ittiham olunan 18 nəfərdən ibarət dəstənin məhkəməsi başlayıb. Məhkəmə qarşısına çıxarılanların hamısı Salyan sakinləridir. İclasa hakim Eynulla Vəliyev sədrlik edir. Məhkəmə iclasında dövlət ittihamçısı Ramin Nağdəliyev ittiham aktını elan etməyə başlayıb. Prokuror ittiham aktından bir neçə səhifə oxumuşdu ki, təqsirləndirilən şəxslər yerbəyerdən “biz ittiham aktı almamışıq” dedi. Dövlət ittihamçısı çıxışını yarımçıq saxlamalı oldu.

BİR QƏTL NEÇƏ CİNAYƏTİN ÜSTÜNÜ AÇIB

Hakim dəqiqləşdirdi ki, təqsirləndirilən şəxslərin çoxuna ittiham aktı verilməyib. Təqsirləndirilən şəxslərdən növbəylə ittihamlar üzrə özlərini təqsirli bilib-bilmədiklərini soruşdu. Onların bəziləri özlərini tam, bəziləri qismən təqsirli hesab etdiklərini bildirdilər. Hakim ilk olaraq Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) üzvü olmuş Aydın Xəlilovu sifarişlə qətlə yetirməkdə təqsirləndirilən Rauf Rəhimova müraciət etdi:

- Rauf Rəhimov, özünüzü oğurluq, quldurluq, basqın, qətl, soyuq silah, narkotika ittihamları üzrə təqsirli bilirsiniz?

Təqsirləndirilən şəxs:

- Bəli...

Ondan fərqli olaraq digər məhbus Oqtay Zəkiyev özünü təqsirli bilmədi:

- Öldürməmişəm, heç nədən xəbərim yoxdur. Hadisə baş verəndə mən içəridə (həbsxanada) olmuşam.

Hakim digər təqsirləndirilənlərə də eyni suallarla müraciət etdi. Oğurluq, quldurluq, basqın, qətl, narkotik maddə, sənədləri məhv etmə cinayətləri üzərində qurulmuş ittihamları kimisi tam, kimisi qismən qəbul etdi. Bir qismi isə ittihamlar üzrə özünü təqsirli bilmədi. Hakim təqsirləndirilən şəxslərə ittiham aktı verilməsi üçün məhkəmə iclasını aprelin 3-dək təxirə saldı.

Bu iş üzrə ibtidai istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə istintaq İdarəsi aparıb.

QİSAS?..

Ötən il martın 4-də Salyan rayonunun Qaraçala kəndindən keçən avtomobil yolunun kənarında kənd sakini, KXCP-nin Salyan rayon təşkilatının üzvü Aydın Xəlilovun üzərində çoxsaylı xəsarətləri olan meyiti aşkar edilib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlayıb. Bu qətlin istintaqı nəticəsində oğurluq, qətl, soyğunçuluq, mənzillərə basqın kimi cinayətlər törətdiyi iddia olunan böyük bir dəstə ifşa edilib.

İstintaq müəyyən edib ki, Aydın Xəlilovun qətlini başqa kənd sakini Şahin Niftiyevlə Oqtay Zəkiyev sifariş edib. Onlar bu yolla Aydın Xəlilovdan 2007-ci ildə qətlə yetirilmiş Azər Niftiyevin (Şahin Niftiyevin qardaşı) qisasını alıblar.

Qətli araşdıran istintaq orqanı 18 nəfərlik dəstə üzvlərinin Bakıda və Salyanda silsilə cinayətlər törətdiyini, əsasən də üzlərinə qara maskalar geyinərək mənzillərə basqınlar etdiklərini üzə çıxarıb.

XS
SM
MD
LG