Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:01

-

Azərbaycanın dövlət teatrlarında gündəlik tamaşalarda izləyici sayı çox azdır. Baxmayaraq ki, biletlərin qiyməti 5-10 manat arası dəyişir.

İnsanlar "Bu-şəhərdə", "Planet parni iz Baku" və digər şoulara 20-30 manat ödəməyə üstünlük verirlər...

Emin Əliyev

HARDASAN, TAMAŞAÇI?

Hər şey 24 il qabaq başlandı. Sovet ideologiyasının, həyat tərzinin təsiri altından çıxdıq. Və qəfildən bir boşluğa düşdük, necə ki, insan nəyisə və ya kimisə itirdikdə özünü toparlaya bilmir. Biz də bu 24 ildə özümüzü toparlamağa çalışdıq. Bu isə bizə baha başa gəldi. Neçə-neçə itkilər verdik.

Sovet hakimiyyəti altında həyat sanki qutu içində mövcudluq kimi bir şeydi. Hamı rahat həyat yaşayırdı, amma cəmiyyətin dərinliklərində baş verənlərdən xəbərsizdı. SSRİ dağılandan sonra bu karton qutu da yırtıldı.

O zaman tamaşaçı bolluğu var idi hər sahədə. Sovetin dağılması ilə tamaşaçı kütləsi də pərən-pərən düşdü. Buna maraqların itməsi də deyə bilərik. 24 ildir ki, biz həmin tamaşaçı kütləsinin yerini doldurmağa çalışırıq, amma alınmır.

Teatr. Hazırda Azərbaycanın dövlət teatrlarında gündəlik tamaşalarda izləyici sayı çox azdır. Baxmayaraq ki, biletlərin qiyməti 5-10 manat arası dəyişir. İnsanlar "Bu-şəhərdə", "Planet parni iz Baku" və digər şoulara 20-30 manat ödəməyə üstünlük verirlər.

Keçən əsrin 60-70-ci illərində Azərbaycan Dövlət Akademik Milli Teatrının səhnəsində göstərilən tamaşalara bilet 1 ay əvvəldən alınıb qurtarırdı. Biz bu görüntünü indi xarici ölkə teatrlarında görməyə öyrəşmişik. İndi bir çox tamaşaların müasir həyatla heç bir bağlılığı yoxdur. İnsanlar onlara niyə baxmalıdırlar ki?

Barmaqla sayılası bir-iki tamaşa vardır ki, yalnız onlara bilet tapmaq çətindir. Bu da sırf aktyor ifasına görə maraq göstərilən tamaşalardır. Bir də "Şah Qacar", "Əmir Teymur" kimi tarixi tamaşalara maraq daha çoxdur.

Futbol. "Neftçi" SSRİ çempionatında çıxış edəndə Tofiq Bəhramov stadionu az qala bütün oyunlarda dolurdu. Amma indi milli çempionat oyunlarında stadionda 250-300 tamaşaçı olar ya olmaz. Yalnız, Azərbaycan klubları Avropa klubları ilə oynayanda biz tamaşaçı axınına şahid ola bilirik. Bəs nəyə görə biz yalnız Avropa liqalarında çıxış edərkən stadiona axın edirik? Bəlkə özümüzü dünyaya göstəririk? Göstəririk ki, "baxın bizdə də həvəskarlar var". Əbəs yerə deyil ki, 2014-cü ildə Avropa liqasında keçirdiyi 3 qarşılaşmada ümumilikdə 93600 azarkeş toplayan “Qarabağ” klubu azarkeş sayına görə ilk altılıqda qərarlaşmışdı.

Film. Sovet imperiyası illərində çəkilən ideoloji filmləri çıxsaq, yetərincə səviyyəli ekran əsərləri yaradılmışdı. Filmlərin keyfiyyəti dövrünə görə yaxşı idi. Hər il 20 film çəkilirdisə, rejissorlar arasında da rəqabət yaranırdı.Hal-hazırdasa istər gənc, istər yaşlı nəsildən hansı filmləri sevdiyini soruşduqda çoxluq yalnız köhnə Azərbaycan filmlərinin adını çəkir. Son 10 ildə çəkilən filmlər arasında çox az sayda səviyyəli ekran əsəri var. Məsələn "Küçələrə su səpmişəm", "Aktrisa", "Əzizim Fellini", "Günaydın, Mələyim" və s. Amma belə filmlərin də telekanallarımızda az-az göstərilməsi onların az tanınmasına gətirib çıxarır. Bundan əlavə bu filmlər təəssüf ki, yalnız Azərbaycan çərçivəsində tanınır.

Kitablar. Sovet dövründə sərt senzura olsa da, kitab çapında bir nizam-intizam, səliqə-səhman vardı. Nəşriyyatlar bayağı, qeyri-elmi mətləri çap etmirdilər.

İndiki nəşriyyatlarsa maddi marağa görə nəinki nə gəldi çap edir. Həm də necə gəldi çap edir. Kitablar hərf və üslub səhvləri, anlaşılmaz cümlələrlə doludur. Təbii ki belə kitabları alan adam ikinci dəfə almağa tərəddüd edir. Belə şəraitdə isə hansısa yazıçının oxucu kütləsi toplaması çətinləşir.

İndi özünüz deyin, bütün bunlardan sonra oturub ümidlə tamaşaçı, oxucu gözləməyə dəyərmi?

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG