Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:24

-

REAL Hərəkatının sədri İlqar Məmmədov həbsxanadan məktub yazıb. Məktubu olduğu kimi nəzərinizə çatdırırıq.

Bu yazını Gabriel Garcia Marquez-in «Patriarxın payızı» əsərindən götürülən bir hekayə ilə bitirməkdən ötrü zindanda olduğum illərin birində dünyasını dəyişmiş Marquez-in xatirəsinə layiq bir söhbətlə onu başlamaq lazımdır. Gerçək həyatda gördüyümüz hekayəlik bir hadisə bu işə çox yarayır, ondan başlayaq.

Beləliklə 2014-cü ilin iyununda İlham Əliyev AŞPA tribunasına qalxıb oradan neft-qaz eyforiyası ruhunda «xütbə» oxumağa hazırlaşan anlarda insan haqlarının kobud şəkildə pozulmasına görə onun cavabdehliyini təmin edə bilməyən Assambleyanın sədri: xanım Ann Brasseur acizlikdən qərara gəlir ki, heç olmasa, natiqi təqdim edəndə onu Strasburqa özü ilə gətirdiyi heyətin tərkibində qadınların yetərli nisbətdə olmadığına görə qınasın. Hökmdarımız buna növbəti bir neçə ay ərzində üç tanınmış qadını siyasi məhbuslar sıralarına əlavə etməklə cavab verdi, hansı ki, qınaq anında bu sıralarda ancaq kişilər vardı. AŞPA-da İlham Əliyev bu gün yenidən danışası olsaydı, onun məiyyəti dəyişməz qalacaqdı, ancaq AŞPA-da məkan və zaman boyutlarının əyilməsi sayəsində siyasi məhbuslar arasında cinsi müxtəlifliyə doğru bir addımın atıldığı faktdır.

Hökmdarların belə xüsusi yumor hissi onların – demokratik təsisatların sakinləri ilə müqayisədə - öz işinə daha çox həvəsə sahib olmalarından irəli gəlir. Hər halda Marquez öz ironiyası ilə bunu bizə tanıdır. Lakin, xanım Brasseur-un AŞPA-dakı həmkarlarının sönük iradəsindən başqa onun əllərini burub işdən ayrı salan həm də BP-nin, şahzadə Andrew-nun, Avropa paytaxtlarındakı muzdlu lobbinin maraqlarıdır. Bu maraq sahibləri bizim əzilmiş toplumda istər-istəməz Qərbə qarşı, İsrailə qarşı, putinpərəst hissləri və din adında sui-istifadələri gücləndirir.

SİYASİ MƏHBUSLARIN ƏKSƏRİYYƏTİ TƏBİƏTƏN HAMİLƏLİK İMKANINA MALİK DEYİLLƏR

Bununla belə, xanım Brasseur-un qadınları dəyişikliyin nüvə silahı rolunda görməsinə Lamiyənin kinematoqraf üçün hazır ssenari bağıran hekayəsi haqq qazandırır. Yeri gəlmişkən, onun işində AŞPA, kiçik də olsa, müsbət iz qoyub. 2003-cü ildə sevgilisinin xeyli sayda qadın qohumu Şəmkirdə həbs ediləndə, ovaxtkı məruzəçi Andreas Gross «millət vəkili» Əli Hüseynlini dartıb polis idarəsinə apardı və qadınları göstərib ona bərk qulaqburması verdi. Əli başını aşağı salıb, sadəcə, dinləməyə məcbur qalmışdı, çünki bundan əvvəl o da suveren hüquq mühafizə təcrübəmizin Avropaya örnək ola biləcəyi haqda hakimiyyətin sırtıq təşviqatının icraçılarından idi.

Uğurlu nəticə göstərsə də, Lamiyənin zindandan çıxma metodu geniş istifadəyə yaramaz, çünki siyasi məhbusların əksəriyyəti təbiətən hamiləlik imkanına malik deyillər. AŞPA-ya olan ehtiyac elə bu haldan da doğur.

Avropa demokratik mədəniyyətinin ruhunu qoruyub-saxlamaq üçün inşa edilmiş divarlar arasında zalımlar özlərini ancaq məyus hiss etməli, ona-buna ağıl öyrətməməlidirlər. Bu divarlardan qovulmuş Belarusda, səsi dondurulmuş Rusiyadakı siyasi məhbusların sayı üst-üstə göturəndə bizimkindən azdırsa, Azərbaycanın şər dövlətini orada təmsil edən altı saxtakar nə əsasla hələ də orada səs hüququna malikdirlər?

LƏYAQƏTLİ QAYDADA AZADLIĞA ÇIXMAQ HAQQIMIZ VARDIR

Marquez-in əsəri isə əzilmiş toplumda yaşayışdan bəhs edən parçalardan ibarətdir. Parçalardan biri Linaress soyadlı şəxs haqqındadır. Diktatorun arabası küçədə onun yanından keçəndə o, təsadüfən arabaya maraqla baxıb. Nəticədə onu zindana atırlar, çünki diktator onu əvvəl haradasa gördüyünü zənn edir, yalançı yaddaşından gələn siqnallar onu vahiməyə basdırır. İllər sonra diktator xəyalının onu aldatdığını, adamı heç vaxt görmədiyini etiraf edir, lakin Linaress-i buraxmağa izin vermir. Deyir ki, o əvvəl təhlükə deyildi, indi isə, bu qədər vaxt keçəndən sonra gedib qoşulacaq mənim «düşmənlərimə».

AŞPA-da kimsə düşünürsə ki, hökmdarların hər hansı əleyhdarı ya da rəqibi həbsdə saxlamaq ehtirasını zaman yatırdır, Marquez bu fikrə qarşıdır. Bəli, onlara bizim vicdanımız lazımdır. Son 15 ildə Azərbaycanda, az qala, bütün hallarda siyasi məhbusları ancaq onların mənliyini alçaldan ya da gələcək fəaliyyətini məhdudlaşdıran yazılı, ya da şifahi öhdəlikdən sonra sərbəst buraxıblar. Bütün bu hallarda Avropa təsisatları belə boşlamanı alqışlayıblar – elə bil qurbanlara bu öhdəliklərin hansı üsullarla yedizdirilməsindən xəbərsiz idilər. Beləcə, həmin təsisatlar təqib maşınının bir növ hissəsinə çevrildilər və siyasi motivli həbslər dövriyyəsini yeniləmək imkanını hakimiyyətə hədiyyə edirdilər. Bu təcrübəyə son qoyulmalıdır. Təpədən dırnağa qədər dinc demokratik dəyişiklik idealları ilə silahlanmış bizlərin ləyaqətli qaydada azadlığa çıxmaq haqqımız vardır və AŞPA bu haqqımızı təmin etməyə borcludur.

İlqar Məmmədov

REAL hərəkatının sədri


İlqar Məmmədov 2013-cu il fevralın 4-dən həbsdədir. O, həmin il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələrə görə həbs olunub, 7 il müddətinə azadlıqdan məhrum edilib.

2014-cü ilin may ayında Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun azadlıq hüququnun və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Məhkəmənin qərarına əsasən, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə İlqar Məmmədova 22 min avro təzminat ödəməlidir.

Şərhləri göstər

XS
SM
MD
LG