Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:00

-

«Kürdəmirdə heç bir sahibkara təzyiq edilmir. Küçə ticarəti ilə mübarizə aparılır. Bu zaman kimsə polisin qanuni tələblərinə qarşı çıxıb və müqavimət göstərib. Həmin adama məhkəmə inzibati qaydada cəza kəsib. Bunu sahibkarlara təzyiq kimi qiymətləndirmək düzgün deyil».

Bunu teleqraf.com-a Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayonda sahibkarlara təzyiq edilməsinə dair yayılan məlumatlara münasibət olaraq bildirib.

Onun dediyinə görə, rayonda iki böyük bazar olduğu halda insanlar küçələrdə, dəmiryol yaxınlığında, körpünün altında ticarətlə məşğul olmağa üstünlük verirlər ki, bu da qanunla qadağandır.

«KÜRDƏMİRDƏ ÖZBAŞNALIQ BAŞ ALIB GEDİR»

Martın 29-da Kürdəmir rayonunda Əlvan Nəbiyevin həbsi bir qrup yerli sakinin narazılığına səbəb olub.

Həbs olunan Əlvan Nəbiyevin qardaşı sosial şəbəkələrdə videomüraciət yayaraq qardaşının əslində Kürdəmir rayonundakı vəziyyətdən Bakıdakı dövlət orqanlarına şikayət etdiyinə görə həbs olunduğunu bildirib:

«Kürdəmirdə özbaşınalıq baş alıb gedir. Bu barədə prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevaya şikayət məktubu yazdığımıza görə bizə təzyiqlər göstərilir. Aramızdan bir nəfərin – Nəbiyev Əlvanın üzünə polisləri qeyri-qanunu durdurub 5 sutka həbs ediblər».

«İTTİHAM TƏRƏFİNİN ŞAHİDLƏRİ HEÇ DİNLƏNİLMƏDİ DƏ»

Kürdəmir rayon Məhkəməsi Əlvan Nəbiyev barəsində 5 sutkalıq həbs qərarını martın 29-da çıxarıb. Bu barədə AzadlıqRadiosuna Əlvan Nəbiyevin prosesdə iştirak edən yaxını məlumat verib:

«Həmin söhbət olan gün postda olan polis işçilərindən biri dedi ki, «biz ona malları yığışdır dedik və o da yığışdırdı». Amma həmin gün heç postda olmayan polislər onun üzünə durdu ki, «biz dedik yığışdır, yığışdırmadı». Prosesdə ittiham olunanın şahidləri heç dindirilmədi də».

Rayon sakinlərinin dediyinə görə, onları narazı salan Kürdəmirdəki sosial problemlər, xüsusən də mərkəzi yolun bərbad vəziyyətdə olması və məmur özbaşınalığıdır. Qardaşının bildirdiyinə görə, Əlvan Nəbiyev də prezidentə bu barədə şikayət ərizəsi yazıb.

«BU İŞLƏRDƏN BAŞI ÇIXMAYANLAR ETİRAZ EDİRLƏR»

Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov Kürdəmir mərkəzi yolunun dağılmasına, keçilməz hala düşməsinə də münasibət bildirib:

«Bir neçə ildir ki, orada kanalizasiya xətti qazılır. Ona görə də, yol o vəziyyətə düşüb. Göstəriş vermişəm ki, işləri sürətləndirsinlər. May ayına qədər işlər yekunlaşacaq, ora asfalt çəkiləcək. Bu, adi kanalizasiya xətti deyil ki, borunu atıb üstünü düzləyəsən. Orada bir neçə texnika işləyir, qazılan quyulara dəmir hasarlar çəkilir ki, uçmasın. Bu işlərdən başı çıxmayan adamlar etiraz edirlər ki, «yol niyə bu gündədir?». Digər tərəfdən həmin yol icra hakimiyyətinin balansında deyil».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG