Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:18

Bashar Assad-a qarşı vuruşduğu bildirilən dəstənin məhkəməsi başlayıb


Foto: Arxiv

Foto: Arxiv

-

Martın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etdiyi iddia olunan mütəşəkkil dəstənin məhkəməsi başlayıb.

Bu barədə AzadlıqRadiosuna təqsirləndirilən şəxslərdən Tural Həsənovun vəkili Elmar Süleymanov məlumat verib.

Vəkilin dediyinə görə, o və digər vəkillər hüquqlarını müdafiə etdikləri şəxslərin dəmir barmaqlıqlardan çıxarılaraq vəkillərinin yanında oturması, işin baxılmasına xitam verilərək ibtidai istintaqa qaytarılması barədə vəsatətlər qaldırıblar:

«Biz müdafiə tərəfi olaraq xahiş etdik ki, təqsirləndirilən şəxslərin dəmir qəfəsdən çıxarılıb vəkillərin yanında oturmasına imkan versinlər. İstinad etdik ki, Avropa Məhkəməsi bu cür davranışı işgəncə kimi qiymətləndirir. Buna baxmayaraq, məhkəmə hesab etdi ki, məhkəmənin onlar barədə qanuni hökmü olmadan təqsirləndirilənlər dəmir qəfəsdə saxlanılmalıdır. Bu, birbaşa Avropa Məhkəməsinin presedentlərini pozmağa yönəlmiş bir qərardır».

«AMNİSTİYA OLDUĞU HALDA YENİDƏN CİNAYƏTƏ NECƏ CƏLB OLUNA BİLƏRLƏR?»

Elmar Süleymanov iddia edir ki, hazırkı mərhələdə sözügedən cinayət işinin məhkəmə baxışına təyin olunması mümkün deyil:

«Bu işə xitam verilib təzədən ibtidai istintaqa qaytarılmalıdır. Çünki bugünədək hələ istintaq orqanı müəyyənləşdirməyib ki, bu şəxslərə qarşı irəli sürülmüş çoxsaylı cinayətlərin əksəriyyəti Suriya respublikasında cinayət hesab olunur, yoxsa yox. İkincisi, müəyyənləşdirilməyib ki, bu şəxslər orada cinayət məsuliyyətinə cəlb olunub, yoxsa yox. Üçüncüsü, Bashar Assad prezident seçildikdə ümumi amnistiya elan edib və amnistiya olduğu halda bu şəxslərin təzədən cinayət işinə cəlb olunması birbaşa qanun pozuntusudur. İttiham tərəfi isə buna qanun pozuntusu kimi baxmır. Biz məsələ qaldırdıq ki, bununla bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərilsin. Amma təəssüf ki, bunu da etmədilər».

Elmar Süleymanov

Elmar Süleymanov

Vəkilin dediyinə görə, hakim Ənvər Seyidov vəsatətlərin heç birini təmin etməyib. Məhkəmə baxışı aprelin 6-a təyin edilib.

«HANI TERRORUN OBYEKTİ?»

Elmar Süleymanov ittiham olunanlardan heç birinin özünü təqsirli bilmədiyini deyir. Onların Suriyada olub-olmamasına gəlincə, vəkil deyir ki, bu barədə təkcə müdafiə etdiyi şəxs Tural Həsənov barədə dəqiq məlumata malikdir:

«Hamı barədə dəqiq söz deyə bilmərəm. Mənim müdafiə etdiyim şəxs olmayıb. Mən məhkəmədə də vəsatət qaldırdım, dedim ki, «iddia edirsiniz ki, bu şəxslər terrorçuluqda suçlanırlar. Biz müdafiə tərəfi olaraq sual edirik ki, onlar haranı partladıb, yandırıblar, yəni terrorun obyekti haradır?». Bu suallara cavab verə bilmirlər. Bəs sabah biz xahiş edəcəyik ki, ekspertiza keçirilsin ki «partladılmış» bina nədən partlayıb, bəlkə qazdan partlayıb? Onda ortaya sual çıxacaq ki, hansı binanın ekspertizası keçirilsin. İstintaq materiallarında da eləcə yazılır ki, terrorçuluqda iştirak ediblər, başqa heç nə yoxdur».

2014-cü il sentyabrın 23-də Milli Təhlükəsizlik Nazirliyinin yaydığı məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində 26 Azərbaycan vətəndaşı tutulub. Onlar qanunsuz silahlı birləşmələr və ya qruplar yaratma, onların fəaliyyətində iştiraketmə, bu qrupları silah-sursat, partlayıcı maddələr və hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etməkdə şübhəli biliniblər.​

XS
SM
MD
LG