Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:15

Davutoğlu Türkiyədə prezident üsul-idarəsinə çağırır


Recep Tayyip Erdoğanvə Ahmet Davutoğlu - 2014

Recep Tayyip Erdoğanvə Ahmet Davutoğlu - 2014

-

Türkiyə prezident sistemini qəbul etməlidir. Baş nazir Ahmet Davutoğlu bu bəyanatla prezident Recep Tayyip Erdoğan-la fikir ayrılıqlarına dair iddiaları təkzib etmiş olub. «France-Presse» (AFP) agentliyi diqqəti bu bəyanatın hakim AKP ilə Erdoğan arasında ötən həftə yaranmış ziddiyyətdən sonra verilməsinə çəkir. Bu il iyunun 7-də keçiriləcək parlament seçkilərində AKP konstitusiyanın dəyişdirilməsini, Erdoğan-a daha çox icra səlahiyyəti verilməsini istəyir.

«Prezidenti xalq seçdisə, sistemin də prezident sisteminə çevrilməsi düzgün olardı», - Ahmet Davutoğlu ötən cümə günü «Habertürk» televiziyasına deyib. «Prezident sistemi Türkiyə üçün düzgün olardı».

Davutoğlu-nun fikrincə, indiki sistem idarəçilik bölgüsü baxımından qarışıqlıq yaradır. Ya aydın parlament, ya da prezident sistemi qurulmalıdır ki, məsuliyyət daşıyan da olsun:

«Prezidentimiz haqlıdır: Yarı parlament, yarı prezident sistemi olmamalıdır». Davutoğlu deyib ki, Erdoğan-la onun arasında «heç bir narazılıq yoxdur və köhnə dostdurlar».

Erdoğan hökumətə 11 il rəhbərlik edib, ötən ilin avqustunda prezident seçiləndən sonra səlahiyyətini genişləndirməyə başlayıb. Əvvəllər Türkiyədə prezident daha çox formal vəzifə sayılırdı.

Davutoğlu deyib ki, güclü prezidentlik məsələsi AKP-nin seçki platformasına salınacaq və «sənədi şəxsən özü yazıb». AFP-nin yazdığına görə, Baş nazir müstəqil hərəkət etdiyini göstərmək istəyib. Belə ki, Erdoğan partiyada hələ də baş şəxs hesab olunur.

«Keçmiş xarici işlər naziri Davutoğlu-nu bəzi müşahidəçilər prezidentin kuklası sayır. Ancaq indi o, yüksək profilli nazir olmaq ambisiyasını ortalığa qoyur», -yazıda vurğulanır.

Ötən həftə Erdoğan-la hökumət arasında görünməmiş ziddiyyət peyda olub. Baş nazirin müavini Bülent Arınç Erdoğan-ı hökumətin işinə qarışmamağa çağırıb. Prezident isə deyib ki, siyasətdən kənar durmaq fikri yoxdur. Mübahisə kürd silahlıları ilə davam edən münaqişəni bitirməyi hədəfləyən sülh prosesinə görə yaranmışdı.

R.T.Erdoğan Türkiyə Böyük Millət Məclisində çıxış edir - 2014

R.T.Erdoğan Türkiyə Böyük Millət Məclisində çıxış edir - 2014

TÜRKİYƏ PARLAMENTİ ERDOĞAN-A GİZLİ FOND AYIRIR

Türkiyədən gələn başqa bir xəbər prezidentə ayrılan xüsusi fond barədədir. Martın 27-də Türkiyə parlamenti hökumətin hazırladığı qanun layihəsini müxalifət partiyalarının etirazına baxmayaraq qəbul edib. Həmin qanunla prezidentə müstəqil fond ayrılır.

Turan Yılmaz «Hurriyet Daily News»da yazır ki, prezident bu fonddan dövlət ehtiyacları üçün istifadə edə bilər. Bu ehtiyaclara gizli kəşfiyyat və müdafiə xidməti; milli təhlükəsizlik və dövlətin ali maraqları; siyasi, sosial və mədəni məqsədlər; fövqəladə xidmətlər daxildir.

Prezident fondundan vəsaitin necə və haraya xərclənməsi prezident sərəncamı ilə müəyyənləşir ki, həmin sərəncamı da prezident imzalayır. Baş nazirliyin fondundan ayrılan vəsaitlə bağlı sərəncama isə baş nazirlik, maliyyə nazirliyi və pul ayrılan nazirlik imza atır.

Müəllif yazır ki, prezidentin müstəqil fondu heç bir inzibati yurisdiksiyaya tabe olmayacaq.

İnkişaf naziri Cevdet Yılmaz deyib ki, bu fond şəxsə deyil, vəzifəyə verilib, dövlət başçısı məsuliyyətlə hərəkət edəcək və fondla bağlı qeyri-adi heç nə yoxdur.

Cümhuriyyət Xalq Partiyasından (CHP) Akif Hamzaçebi yeni fondu «prezident çevrilişi» adlandırıb. Onun fikrincə, məqsəd Türkiyə Milli Kəşfiyyat Agentliyinə (MİT) nəzarəti ələ almaqdır. Hazırda bu qurum baş nazirliyin tabeçiliyindədir.

«Bu qanunla gizli əməliyyatlar Erdoğan-ın göstərişi ilə aparılacaq. Bu, parlament sisteminə, baş nazirə xəyanətdir, konstitusiya çevrilişidir», - Hamzaçebi deyib. Deputatın sözlərincə, bu fond prezident sarayında «paralel dövlət» yaratmış olub.

KREML UKRAYNADA BUNDAN SONRA NEYLƏYƏCƏK?

2-ci Minsk razılaşmasının icrası dayanıb, Avropa Birliyinin sanksiyaları isə bu sənədin icrasına bağlıdır. Bu halda Moskvanın Ukraynada apardığı müharibənin sonunu görmək xeyli çətinləşib. Vladimir Frolov «The Moscow Times»da yazır ki, lap əvvəldən Minsk razılaşmasının bir atəşkəs sazişi olduğu görünürdü.

Petro Poroshenko və Vladimir Putin

Petro Poroshenko və Vladimir Putin

Yəni, Donbas respublikalarına xüsusi status verilməsi, Ukrayna konstitusiyasına Bosniyaya bənzər dəyişikliklər heç vaxt yerinə yetirilməyəcəkdi. Moskva bunu bildiyindən israr edirdi ki, konstitusiya dəyişiklikləri ediləndən sonra sərhədə nəzarət Ukraynaya verilsin.

Prezident Petro Poroshenko da «Minsk 2» sazişinin siyasi hissələrinin icrası üçün ölkədaxili dəstək ala bilməyəcəkdi. Axı bu, Ukrayna suveren dövlətinin parçalanmasına bərabərdir. Beləliklə də o, razılaşmanın kreativ interpretasiyasını hazırladı. Donbasa o halda xüsusi status verilir ki, Ukrayna qanunvericiliyinə uyğun yerli seçkilər keçirilsin. Bu da «Minsk 2» sazişinin sonunu gətirdi.

Müəllifin fikrincə, Rusiyanın qarşısında 3 seçim var: Birincisi, hərbi əməliyyatları bərpa etməklə Kiyevi məcbur etsin ki, Donbasdakı qurumlara «konfederativ Ukrayna» daxilində xüsusi status versin. Ancaq əməliyyatların bərpası Qərbin yeni sanksiyalarına səbəb olar.

İkinci variant münaqişəni birdəfəlik dondurmaq və tədricən separatçı anklavları funksional, tanınmamış «dövlətciklər» halına gətirmək və sonucda Rusiyaya birləşdirməkdir.

Kiyev bu ərazilərdən çıxsa, Putin də Ukraynanın qalan hissəsindən əl çəkər, o, bir ay öncə buna eyham vurmuşdu da. Qərbin bəzi sanksiyaları da qaldırılar.

Üçüncü variant isə Kiyevlə birbaşa danışıqlara gedib hərtərəfli həllə nail olmaqdır. Rusiya separatçılara dəstəyi dayandırsın, Ukrayna Donbas üzərində suverenliyi bərpa etsin, Kiyev Rusiyanın Krımı almasına razılaşsın.

Müəllif yazır ki, Moskva iki yoldan birini seçməlidir – münaqişəni ağlabatan şərtlərlə bitirməli, ya da onun ölkəni dağıtmasına imkan verməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG