Keçid linkləri

Təcili xəbərlər

«Peşmanlıq qanunu» qəbul olunsunmu?


Erməni hərbçisi Azərbaycana təslim olur - mart 2015
Erməni hərbçisi Azərbaycana təslim olur - mart 2015

-

AZƏRBAYCANA KEÇƏNLƏRİ GERİ QAYTARMAĞA DƏYƏRMİ?

Bu yaxınların söhbətidir. Bir-iki il əvvəl Ermənistandan bir erməni ailəsi keçmişdi Azərbaycana. Onlar ölkələrindəki vəziyyətin dözülməz olduğunu deyirdilər. İstədikləri də bu idi ki, Azərbaycandan üçüncü ölkəyə mühacirət etsinlər...

Amma son anda Azərbaycan hökuməti bu ailəni Ermənistana təhvil verdi və o ailənin üzvləri təzədən Ermənistana qayıtdılar. Bunun ən düzgün qərar olduğunu düşünmürük. Ən azı ona görə ki, bu ailə, necə deyərlər, Azərbaycana pənah gətirmişdi...

Bunu niyə xatırladıq? Bu günlərdə mətbuatda maraqlı təklif səsləndi. Belə təklif edilirdi ki, Dağlıq Qarabağ erməniləriylə bağlı «Peşmanlıq qanunu» qəbul edilsin...

Bəlkə də bir az tezdir və yaxud əksinə -gecdir. Hərə bir cür fikirləşə bilər.

Amma rəsmi bəyanatlarda, Ermənistan və Dağlıq Qarabağla bağlı çağırışlarda insanlardan ötrü geriyə bir qapı qoymaq lazımdır...

Daim hədə tonunda danışmaq, onsuz da son həddə çatmış nifaqı bir az da gücləndirmək heç də ümumi işin xeyrinə deyil. Əvvəllər QHT-lər səviyyəsində müəyyən təmaslar vardı. Demirik ki, onlar hansısa formada real nəticə vermişdi. Yox, belə nəticə yox idi. Amma bu o demək deyil ki, heç vaxt olmayacaqdı...

POSTKONFLİKT DÖNƏMİ...

Hər hansı münaqişədə «postkonflikt dönəmi» adlı bir mərhələ nəzərdə tutulur. Bu olmasa, konflikt bütün məzmunu ilə təsəvvür oluna bilməz. İndi münaqişənin həlli necə təsəvvür edilir?

Hər hansı münaqişədə «postkonflikt dönəmi» adlı bir mərhələ nəzərdə tutulur. Bu olmasa, konflikt bütün məzmunu ilə təsəvvür oluna bilməz.

Belə fərz edilir ki, işğal olunmuş rayonlar boşaldılacaq və daha sonra Dağlıq Qarabağın statusu müəyyənləşdiriləcək. Bəs sonra? Sonra on illərlə düşmənçilik atmosferində nəfəs almış xalqlar bir yerdə yaşaya, olub-keçənləri unuda biləcəklərmi? Etiraf edək ki, heç də asan sual deyil...

SAVAŞ CANİLƏRİ VƏ ADİ HƏRBÇİLƏR...

Azərbaycanla Ermənistan arasında illərdir müharibə getməsi indi etiraf edilir. Təbii ki, müharibədə savaş caniləri - cinayətkarlar olur. Onlar, əsasən, mülki əhali ilə yolverilməz davranışlarına və dinc sakinlərə qarşı törətdikləri cinayətlərə görə məsuliyyətə çəkilirlər. Biri də var döyüş əməliyyatlarına qatılan sıradan hərbçilər. «Peşmanlıq» kimi qanunlar, adətən, müharibə canilərinə tətbiq olunmur. Onlar ələ keçərkən məsuliyyətə cəlb edilir, qaçıb-gizlənəndə axtarışa verilir - aranırlar...

Xocalı qətliamı da savaş cinayətidir. Heç kim deməz ki, bu qətliama qatılan hərbçilər bağışlansın və ya məsuliyyətə cəlb olunmasınlar. Yox, bu hadisəni törədənlər, sözsüz ki, savaş caniləridir. Ancaq «Peşmanlıq qanunu»ndan yararlananlar da olmalıdır. Tutalım, qalib ordu hissələrinə qarşı döyüşlərə qatılmış hərbçilər, xüsusən sıravi əsgərlər. Onlar «Peşmanlıq qanunu»ndan yararlanmaq şansından məhrum edilməməlidirlər...

Ermənistan Azərbaycana qarşı döyüş əməliyyatlarında iştirakını həmişə inkar edib. Əslində, bu o deməkdir ki, əsir götürülmüş Ermənistan hərbçilərinə hərbi əsirlər haqqında yerli və beynəlxalq qanunvericilik şamil edilmir. Azərbaycan bu mənada sərbəstdir. Amma bütün müharibələrin, bütün konfliktlərin bir sonu olur. Bəşər tarixi yüzillik savaşlar da görüb, amma onlar da bir gün bitib. Elə bir gün gəlib çatır ki, müharibə ritorikası da sona yetişir. Həmin vaxt dinc həyata keçid başlayır...

Dövlət və rejimlərin olmadığı vaxtlar var, amma xalqlar həmişə olub. Çox güman, gələcəkdə də olacaq, qloballaşma xalqları qovuşduracaq, amma bitirməyəcək...

XALQLARA QARŞI MÜHARİBƏ OLMUR...

Bu gün məhz həmin keçid haqqında düşünmək lazımdır. Adətən, heç bir dövlət ayrıca bir xalqla savaşmaz- müharibə rejimlərə, sülalələrə, dövlətlərə qarşı olur. Xalqlara qarşı müharibə indi beynəlxalq hüquqda soyqırımı sayılır...

O üzdən, xalqlara, sıradan insanlara, peşmanlıq duyanlara, fikrini dəyişənlərə və ya elə əzəldən başqa fikirdə olanlara sülh qapısını -barış qapısını açıq saxlamaq lazımdır...

«Ermənilərlə azərbaycanlılar düşməndir» – deməzlər. Əbədi düşmənçilik edən xalqlar olmaz, nifrət və qovğa nə vaxtsa çəkilər. Dövlətvə rejimlərə baxanda, xalqlar daha uzunömürlü, bəlkə də əbədidir. Dövlət və rejimlərin olmadığı vaxtlar var, amma xalqlar həmişə olub. Çox güman, gələcəkdə də olacaq, qloballaşma xalqları qovuşduracaq, amma bitirməyəcək...

Başlıcası odur ki, gerçək əməllərin izləmədiyi radikal çağırışlar, savaş və hədə-qorxu bəyanları səmərəsiz qalır. Axı biri var müharibə edəsən, biri də var səhərdən axşamacan elə müharibədən danışasan...

Nə qədər deyilsə ki insanlar onsuz da biganədir, eşitmirlər, - bu, belə deyil. Onlar hər şeyə diqqət yetirirlər. Bəyəm bir vaxt ATƏM-in adını HƏTƏM qoyan, «lazım gələrsə...» ifadəsini «Bu Lazım kişi nə vaxt gələcək?» kimi söyləyənlər elə sıravi insanlar deyildi?..

Siyasətçilər gəldi-gedər, amma xalq və ölkələr əbədidir. Əbədiyyətə xidmət edən sözləri söyləyib-aşılamağa dəyər. Düzdür, xalqlar arasında da qara səhifələr olur. Di gəl, günün birində insanlar həmin səhifələri heç olmamışcasına və tələsik çevirirlər. Demək, sülhə- barışa səsləyən səhifələri oxumaq, görmək və yaşamaq istəyirlər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG