Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:22

Yol Polisi gizli radar quran şəxsi müdafiə etdi


Videodan kadr
Videodan kadr

-

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bir neçə gündür sosial şəbəkələrdə müzakirə olunan gizli radar məsələsinə aydınlıq gətirib.

avtosfer.az saytı yazır ki, sürücülərə görə, bu, qanunsuz fəaliyyətdir. Ucar rayonunda çəkilmiş görüntüdən belə məlum olur ki, səyyar üçayaqlı radarı istifadə edən şəxsin şəxsiyyət vəsiqəsindən başqa DYP əməkdaşı olduğunu sübut edən bir sənədi yoxdur. Görüntülərdə radarla çəkiliş aparan şəxslə mübahisə edənlərin nazirliklərdən birinin əməkdaşları olduğu bildirilir. Onların yanında özünü jurnalist kimi təqdim edən şəxs də var.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə sayta bildirib ki, DYP avtomobillərində quraşdırılmış və səyyar üçayaqlı radarların hamısı qanuni fəaliyyət göstərir. Bu radarlar birbaşa Dövlət Yol Polisinin Mərkəzi Məlumat Sisteminə inteqrasiya olunub:

«Həmin videoda əks olunan şəxs Dövlət Yol Polisinin əməkdaşıdır. Onun yaxasındakı isə şəxsiyyət vəsiqəsi yox, Yol Polisi tərəfindən ona verilmiş vəsiqədir. Həmin əməkdaş, sadəcə, orada özünü itirib düzgün təqdim etmir. Bu gün Yol Polisi sıralarında mülkü şəxslər də çalışır. Konkret bu videodakı şəxsi ora ona görə qoyublar ki, radara nəzarət etsin. Onun başqa bir funksiyası yoxdur. Həmin şəxs kimisə saxlamır, kiməsə cərimə yazmır».

Kamran Əliyev onu da əlavə edib ki, stasionar radarlardan ən çox şikayət edənlər daha çox qayda pozan sürücülərdir:

«Çünki onlar öyrəniblər ki, daimi radarlar haradadır. Oraya çatanda sürəti azaldıb keçirlər, sonra isə yenə sürəti artırıb necə gəldi sürürlər. İntizamsız, sürət həddini aşan sürücülərin ən çox qorxub çəkindiyi məhz bu üçayaqlı radarlardır».

Əli Kərimli
Əli Kərimli

«HƏR ATASININ GÖZÜNÜ ÇIXARDAN KOROĞLU OLMAZ»

«Azadlıq» qəzeti bu başlıq altında AXCP sədri Əli Kərimlinin yazısını dərc edib. Əli Kərimli məqaləsində «Sinqapur möcüzəsi»ndən və onu yamsılamaq istəyənlədən yazıb.

AXCP lideri Sinqapurun 91 yaşında vəfat edən keçmiş baş nazirinin ölkəni iqtisadi baxımdan necə inkişaf etdirməsindən, avtoritar təbiətli olmasından və bir çox müasir avtoritar rejim başçılarının özlərini ona oxşatmaq istəməsindən bəhs edib: «Dünyadakı diktatorlar, avtoritar liderlər üçün Lee Kuan Yew bir ümid, sığınacaq yeridir. Onların hamısı özünü ona oxşatmağa çalışır, qeyri-demokratik idarəetmələrinə onun nümunəsi ilə haqq qazandırmaq istəyirlər. İlham Əliyevin Sinqapura səfərindən sonra rejimin muzdluları Azərbaycan üçün də inkişafın Sinqapur yolundan danışmağa başlamışdılar. Amma bu muzdlu yazarlar nəzərə almayıblar ki, xalqımız da kifayət qədər müdrikdir. «Hər atasının gözünü çıxaran Koroğlu olmaz», «Hər oxuyan Molla Pənah olmaz» deməklə belə yersiz iddia və müqayisələrə vaxtında qiymət verib».

GƏLİN DEYİL, UŞAQ

«Yeni Müsavat» qəzeti yazır ki, 2013-cü ildə 3 min 236 qadın 15-16 yaşında ana olub. Doğulan uşaqların 30 faizi həmin qadınların üçüncü uşağı olub. Qızların erkən yaşda ərə verilməsi faktlarının araşdırılması zamanı o da bəlli olub ki, onların anaları da çox erkən yaşda ailə qurub, daha doğrusu buna məcbur edilib:

«Azərbaycanda qızların erkən yaşda ərə verilməsi zəncirvari sosial problemlər yaradır. Erkən nikahlara əsasən aztəminatlı ailələrdə rast gəlinir. Qızlarını erkən evləndirən atalar bu haqda danışarkən açıq şəkildə bildirirlər ki, ailəni saxlamağa çətinlik çəkdikləri üçün belə addım atıblar».

Əbülfəs Qarayev
Əbülfəs Qarayev

«TURİZM EMOSİYALAR ƏSASINDA TƏŞKİL EDİLİR»

«Azərbaycanın adının dünya turizm xəritəsinə daxil olması nisbətən yaxın vaxta təsadüf edir. İqtisadiyyatın və iqtisadi fəaliyyətin alternativ formalarının şaxələndirilməsi sahəsində turizm Azərbaycan üçün prioritet istiqamətdir və Azərbaycan prezidenti İlham Əliyev bu sahəyə şəxsən özü nəzarət edir».

AzərTac-ın məlumatına görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu sözləri Moskvada prestijli «Conde Nast Traveller Luxury Travel Fair» sərgisində ölkəmizin turizm potensialının təqdimat mərasimində deyib.

Nazir qeyd edib ki, son beş ildə Azərbaycanda turistlər üçün yaşayış yerlərinin sayı ikiqat artırılıb, dünya turizminin lüks brendlərinin demək olar ki, hamısının təmsil olunduğu bu ölkədə yeni infrastruktur yaradılıb.

Turizmin emosiyalar əsasında qurulduğunu vurğulayan Ə.Qarayev deyib: «Ölkənin insanları bizə xoş təsir bağışlayanda, bizdə yaxşı ölkə haqqında təəssürat yaranır; şəhərin küçələri bizə xoş təsir bağışlayanda, bizdə yaxşı şəhər haqqında təəssürat yaranır; xalqın mətbəxi bizə xoş təsir bağışlayanda, bu xalqın tarixinə və mədəniyyətinə hörmətlə yanaşırıq. Belə komponentlər çox olanda isə emosiyalarımız aşıb-daşır, xoşladığımız yerlərə dəfələrlə, dönə-dönə getmək istəyirik».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG