Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:38

-

“Vaxtilə bu parkda sərbəst oynayan, əylənən uşaqlarımız indi ora yaxın düşə bilmirlər. Hasara alınıb, darvaza qoyulub, ərazisində özəl bağça tikilib. Nə vaxt baxırsan, bu boyda parkda 5-6 uşaq əylənir. Bizim uşaqlarımız isə darvazanın arxasından tamaşa etməklə kifayətlənir”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsinin sakinləri danışır. Onlar yaşadıqları binanın qarşısındakı parkın hasarlanaraq özəl bağçaya satılmasından narazıdılar.

“Bura bizim istirahət yerimiz idi. Uşaqlarımız, qocalarımız, istirahət edirdi. Keçən il hasara alındı, təmir işləri başlandı, dedilər, sizin üçün abadlaşdırırıq. Düzü, sevindik. Düşündük ki, illərlə təmir görməyən park ağ günə çıxacaq, təmizlik olacaq. Təmir başa çatdı, baxdıq ki, parkı hasara alırlar, darvaza qoyurlar. Onda xəbər tutduq ki, sən demə vur-çatlasın bizdən ötrü deyilmiş. Parkın ərazisi başqalarına satılıbmış. Hansısa işbaz burda özəl bağça açıb pul qazanacaqmış. Ötən ilin sentyabrında bağçanın açılışı oldu”.

DÜNYANIN HANSI YERİNDƏ BELƏ ŞEY VAR?

Bu məkan uzun illər imiş ki, 76 yaşlı Roza Əsgərzadənin istirahət yeri imiş:

“Qoca, tək arvadam. Bura da evimin qarşısıdır. Gəlirdim, saatlarla otururdum o parkda bir skamyada. İndi getməyə yerim yoxdur. Uzağa gedə bilmirəm. Bu parka da buraxmırlar. Dəmir darvaza qoyublar. Heç olmasa bir hissəsini açsınlar, bizə də imkan versinlər, istifadə edək”.

Bina sakini Sədaqət Mahmudova Sabunçu rayon İcra Hakimiyyətinə yazdıqlarını, lakin cavab almadıqlarını deyir:

“Axı harda görülüb ki, ictimai yeri adamların əlindən alıb hansısa özəl bağçaya satsınlar. Parkı da özəlləşdirərlər? Bu gün gəlib oturursan, istirahət edirsən, sabahı gün gəlib görürsən hasarlanıb, darvaza qoyulub. Dünyanın hansısa yerində belə şey varmı?”

Sakinlər hasarın, darvazanın sökülməsini və parkın onlara qaytarılmasını tələb edirlər.

Bağça müdirəsi Vəfa Əliyeva deyib ki, park əvvəllər baxımsız vəziyyətdə olub. Ərazisində tikilən bağça qanuni şəkildə özəlləşdirilib. Hazırda bağçada azı 30 uşaq tərbiyə alır. Ərazi özəlləşdirildiyindən ora başqası buraxıla bilməz.

Sabunçu rayon İcra Hakimiyyətindən isə sualları cavablandıran olmayıb.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG