Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:44

Deputat Avropa Oyunlarına görə Azərbaycanın təxribatlarla üzləşdiyini deyir


Tahir Rzayev
Tahir Rzayev

.
“Hər dəfə Azərbaycanda böyük beynəlxalq tədbirlər keçirilən zaman xaricdə olan bədxahlarla yerli satqınlar birləşib Azərbaycana qarşı təxribat aparırlar”.
Milli Məclisin deputatı Tahir Rzayev “Trend”ə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, bu proseslər bir mərkəzdən idarə olunur və məqsəd də eynidir: “Əgər bu çirkin əməllər bir mərkəzdən idarə olunursa, deməli, bu, Azərbaycana qarşı təxribatdır, düşmənçilikdir. Ancaq bunlar həmişə uğursuzluğa düçar olur”.

Millət vəkili bildirib ki, kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan bu il Avropa Oyunlarına uğurla ev sahibliyi edəcək.

O, Azərbaycana qarşı aparılan çirkli kampaniyaya Azərbaycandan bəzi insanların dəstək verdiyini söyləyib: “Təəssüflər olsun ki, içimizdə olan bəzi insanlar bu Oyunların Azərbaycanda keçirilməsindən fəxarət duymurlar. Bunlar başa düşmürlər ki, bu Oyunlar Azərbaycan üçün tarixi bir şansdır. Çünki Oyunlar keçirilən müddətdə bütün dünyanın nəzəri Azərbaycanda olacaq. Azərbaycana 10 minlərlə insan - turist, jurnalist, iş adamı gələcək. Onlar bu müddət ərzində Azərbaycanla, ölkənin mədəniyyəti və iqtisadiyyatı ilə tanış olacaqlar”.

Tahir Rzayev bu Oyunların Azərbaycan üçün sonrakı faydalarından da danışıb: “Azərbaycanda Avropa Oyunlarının təşkili ilə əlaqədar infrastrukturun, turizm xidmətinin yaxşılaşdırılmasında xeyli işlər görülüb, tikilib istifadəyə verilən idman qurğuları Oyunlardansonra da insanlarımıza xidmət edəcək. Bu infrastrukturun yaradılmasında 10 minlərlə insan çalışıb və bundan sonra da çalışacaqlar, yeni iş yerləri açılacaq”.

Avropa Oyunları ilk dəfə bu ilin iyununda Bakıda keçiriləcək. Bu ərəfədə beynəlxalq qurumlar Azərbaycanda insan hüquqlarının pozulmasına, çoxsaylı jurnalistin, hüquq müdafiəçisinin və fəalın həbsdə olmasına diqqət çəkirlər, oyunların təşkilində dövlət büdcəsindən hədsiz israfçılığa diqqət çəkirlər.

XS
SM
MD
LG