Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:34

Türkiyə polisi 13 yaşlını Facebook paylaşımına görə dindirib


Recep Tayyip Erdoğan
Recep Tayyip Erdoğan

-

26 mart qərb mediasının icmalı

Türkiyədə orta məktəb şagirdi, keçmiş model, jurnalistlər siyasi narazılıq ifadə etdiyi üçün həbs cəzasıyla üz-üzədir. Tənqidçilər hökumətin söz azadlığına təzyiqləri genişləndirdiyini vurğulayır. Lucy Kafanov «USA Today» saytında yazır ki, təkcə ötən həftə ondan çox adam prezident Recep Tayyip Erdoğan-ı təhqir etdiyi üçün dindirilib, saxlanıb və ya təqsirli bilinib.

Hökumətin xəttini tənqid edən jurnalistlər siyasi təzyiqlərdən, senzuradan həmişə şikayətləniblər, ancaq sıravi vətəndaşlar və yeniyetmələr getdikcə daha çox sərt cəzalar, həbslə üz-üzə qalır.

Açıq-aşkar görünür ki, prezident Erdogan hakimiyyətini möhkəmləndirməyə çalışır

«Söz azadlığına görə cəzaların sayı kəskin artır. Jurnalistlərə qarşı tətbiq olunan ənənəvi metodlar indi sosial media istifadəçilərinə yönəlib,» Vaşinqtonda mənzillənən Freedom House təşkilatının Türkiyə üzrə eksperti Nate Schenkkan deyir. «Açıq-aşkar görünür ki, prezident Erdogan hakimiyyətini möhkəmləndirməyə çalışır».

Ötən həftə 74 senator Dövlət Departamentini çağırıb ki, media və mətbuatın senzurası məsələsini Erdoğan hökuməti ilə müzakirə etsin.

Model Merve Buyuksarac
Model Merve Buyuksarac

Hökumət rəsmiləri 2013-cü ildən azı 60 jurnalistə qarşı 100 məhkəmə işi qaldırıb. Çərşənbə axşamı Penguen satirik jurnalının iki karikaturaçısına hökm oxunub və Erdoğanı təhqir etdiyi üçün hərəsi 2700 dollar cərimələnib.

Müəllif yazır ki, Türkiyədə təhqirə görə cəza nəzərdə tutan qanunlar illərdir var, ancaq Erdoğan ötən avqustda prezident seçiləndən daha aqressiv tətbiq olunmağa başlanıb.

Model Merve Buyuksarac Instagram-da paylaşdığı, prezidenti təhqir etdiyi söylənən bir şeirə görə 2 il həbs cəzası ala bilər. 16 yaşlı bir şagirdi də oxşar tale gözləyir. Onun Konyada tələbə etiraz aksiyasında Erdoğanı təhqir etdiyi bildirilir. Ötən aysa polis 13 yaşlı oğlanı Facebook paylaşımına görə dindirib. Bundan başqa, hökumət vebsaytların hökumət tərəfindən bağlanmasına icazə verən qaydaları təsdiqləyib. Artıq Türkiyədə 67 min sayta giriş bağlanıb. Onların içində ateist assosiasiyasının və Fransanın Charlie Hebdo satirik jurnalının saytı da var.

Hökumət sadəcə qanunlara əməl etdiyini desə də, tənqidçilər hakimiyyətin 7 iyun parlament seçkisi qabağı narazıları susdurmaq çalışdığını düşünür.

Rusiyalı motosikletçi Putinin dostuna necə çevrildi

Putin Gecə Canavarları motoklubunun rəhbəri Alexander Zaldostanovla birıikdə
Putin Gecə Canavarları motoklubunun rəhbəri Alexander Zaldostanovla birıikdə

Dəri jilet geyinmiş, boynu tatuajlı kişi illərdir Rusiya prezidenti Vladimir Putin-lə dostluq edir. Jurnalist Tom Parfitt «The Telegraph» qəzetində yazır ki, «Cərrah» ləqəbli, Gecə Canavarları motoklubunun rəhbəri Alexander Zaldostanov belə bir dostluğu ağlının ucundan da keçirməzdi.

«Elə bildim məzələnirlər, tez dəstəyi asdım,» o, Putin-in ofisindən gələn ilk zəngə belə reaksiya verib.

«Xeyli soyuq danışan qadın yenidən zəng elədi və dedi ki, «deyəsən səhv anladınız».
Ertəsi gün, həmin vaxt baş nazir olan Putin Gecə Canavarları klubu ilə telekörpü təşkil edib. Bu hadisə 2009-cu ildə baş verib. Altı ildən sonra isə 52 yaşlı Zaldostanov Rusiyanın yeni nəsil «patriotlarının» tanınmış simalarından biridir. Bu ictimai fiqurlara rəsmi dəstək var və Qərb dəyərlərini qəzəblə rədd edirlər.

O, yanvarda anti-Maydan hərəkatının təsisçilərindən birinə çevrilib. Həmin qrupun məqsədi rusiyalıların hökumət əleyhinə etiraz məqsədilə küçələrə çıxmasını əngəlləmək idi.
«Cərrah» cənab Putinlə bir neçə dəfə görüşüb, gah ictimaiyyət arasında, gah da Kremldə. Siyasi təhlilçilərin fikrincə, Putin Zaldostanovda özünə yaxın bildiyi, ancaq ictimaiyyət arasında büruzə verə bilmədiyi hisslərin ifadəsini tapıb:

Pravoslav dini konservatizmdən doğan homofobiya və Joseph Stalin-ə vurğunluq.

Motosikletçi deyir ki, Stalin «ölü olmasına baxmayaraq, Rusiyanın düşmənlərinin hələ də qorxduğu tarixi və mistik xadimdir». Qərb liderləri isə, əksinə olaraq, sinik və «satanist»dirlər.

Putin və Zaldostanov
Putin və Zaldostanov

Gecə Canavarları Yeni İl şənlikləri və uşaqlar üçün nağıl gecələri təşkil edir, Ukraynanın şərqində rusiyapərəst silahlılara humanitar yardım göndərir.
Rusiya prezidenti klubun Moskva mərkəzində olub. Özü də moto-şoulara qatılıb, Harley Davidson motosikleti sürüb.

2013-cü ildə prezident Zaldostanova Şərəf Ordeni verib. İndi o və dostları cənab Putinə qarşı hər hansı etirazı boğmağa hazırdır.

«Məqsədimiz ölkənin çökməsinin qarşısını almaqdır. Ukraynada gördüyümüz ssenarinin təkrarlanmamasıdır,» Zaldostanov yanvardakı yürüşlərdə deyirdi. «Biz təxribatçı deyilik, qurbana da çevrilmərik. Rusiyanın içində 5-ci kolonla, xarici dövlətlərə işləyənlərlə vuruşuruq».

Gecə Canavarları narazıları boğmaq üçün zorakılığa əl atacaqmı? «Qoymarıq bizi alçaltsınlar,» «Cərrah» deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG