Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:24

Təvəkgül Zeynallıya Tərcümə Mükafatını qazandıran hekayə [Oxu]


Tərcümə Mərkəzinin rəhbəri Afaq Məsud "Dəf(i)nə yarpağı" mükafatını Təvəkgül Zeynallıya təqdim edir

Tərcümə Mərkəzinin rəhbəri Afaq Məsud "Dəf(i)nə yarpağı" mükafatını Təvəkgül Zeynallıya təqdim edir

-

Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsi Təvəkgül Zeynallı Amerika yazıçısı Sherwood Anderson-dan çevirdiyi bu hekayə ilə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin keçiridiyi müsabiqənin qalibi olub.

Hekayənin orijinalı burda

Sherwood Anderson

ALLAHIN QÜDRƏTİ

Təbiətcə sakit və səbirli adam olan qırx yaşlı Körtis Hartmen düz on il boyunca Vinzburqdakı Presbayterian kilsəsinin keşişi olmuşdu.

O, insanlar qarşısında moizə söyləməyi ən çətin iş hesab edirdi. Buna görə də çərşənbə günündən şənbə gününə qədər bütün işlərini bir kənara qoyub, bazar günü oxuyacağı iki moizəsinə hazırlaşardı.

Bazar günü erkəndən kilsənin zəng qülləsində yerləşən balaca iş otağına gedər və duaya başlayardı. Bütün dualarında isə ən çox bu sözləri təkrar-təkrar söyləyərdi: “İlahi, sənə qulluq etmək üçün mənə güc və cəsarət ver!” Quru döşəmənin üstündə diz çökərək bu cür yalvarar və sanki öz amalı önündə təzim edirmiş kimi başını aşağı əyərdi.

Qəhvəyi rəngdə saqqalı olan Hartmen boyca hündür adam idi. O, Ohayonun Klivlend əyalətindəki alt paltarları mağazasına nəzarət edən varlı bir iş adamının qızı ilə evlənmişdi. Həyat yoldaşı kök və əsəbi qadın idi.

Keşiş Hartmenə şəhərdə hamı hörmət bəsləyirdi. Kilsəyə tez-tez gəlib-gedən yaşlılar sakit və təvazökar xasiyyətinə görə onu çox istəyirdilər. Vinzburq bank sahibinin həyat yoldaşı Xanım Vayt da onu savadlı və vicdanlı biri kimi tanıyırdı. Presbayterian kilsəsinin Vinzburqdakı digər kilsələrlə heç bir əlaqəsi yox idi. Bu kilsə daha böyük və əzəmətli idi.

Üstəlik, Presbayterian kilsəsinin keşişinə daha çox məvacib ödənilirdi. Bu kilsənin keşişinə hətta xüsusi bir fayton da ayrılmışdı və bəzən yay axşamlarında Hartmen bu faytonda öz xanımı ilə gəzməyə çıxardı. Meyn və Bakay küçələrində gəzdikləri zaman keşiş yolda gördüyü insanlara hörmətlə salam verər, həyat yoldaşı isə gizli bir qürur hissi duyaraq gözucu ərinə baxar və faytona qoşulmuş atın ətrafdakı adamlardan hürkərək qaçmasından qorxardı.

Vinzburqda yaşadığı illər Körtis Hartmenin həyatında ən uğurlu illər idi. İbadət üçün kilsəyə gələnlərdən heç kimlə yaxın münasibəti olmasa da, özünə düşmən də qazanmamışdı. O, bütün varlığı ilə Allaha ibadət etməyə çalışırdı, amma içindəki gizli bir vicdan əzabı onu rahat qoymurdu.

Vinzburq küçələrində tək-tənha gəzdiyi zaman həmişə içindən belə bir istək keçmişdi ki, müqəddəs kitabdakı sözləri ucadan, bağıraraq desin və heç vaxt buna cəsarəti çatmamışdı. Körtis Hartmen inanmaq istəyirdi ki, onun da içində bir övliya kəraməti var. Və ümid edirdi ki, nə zamansa Allahın verdiyi bu kəramət və qüdrət onun səsində və ruhunda özünü göstərəcək. İnsanlar isə Allahın bir işarəsi olan bu qüdrət qarşısında heyrətdən tir-tir əsəcəklər.

“Mən yazıq bir adamam, bu cür xoşbəxtlik heç vaxt mənə qismət olmayacaq.” O, bikef–bikef fikirləşərdi, sonra isə səbir dolu bir təbəssüm onun üz cizgilərini yenidən işıqlandırardı. “Eybi yox, əsas odur ki, mən əlimdən gəldiyi qədər öz ibadətimi yerinə yetirirəm.” Bəzənsə özünə təsəlli vermək üçün bu sözləri deyərdi.

Bu qüdrət və kəramətə sahib olmaq üçün keşiş, bazar günü səhərlər kilsədə öz otağında Allaha dua edərdi. Gizlicə ibadət etdiyi həmin otaq kilsənin zəng qülləsində yerləşirdi. Cəmi bir pəncərəsi var idi. Ensiz və uzun olan bu pəncərə çölə açılırdı. Şüşəsinin üzərində şəfqət hissi ilə balaca bir uşağın başını sığallayan İsa Peyğəmbərin təsviri görünürdü. Otaqdakı masanın üstündə İncil və oxunacaq moizələrin kağızları olardı.

Yay səhərlərinin birində həmin iş otağında öz masasının arxasında əyləşərək İncil oxuyarkən, keşişin gözlərinə qarşıdakı evdə, çarpayısında uzanaraq siqaret çəkə-çəkə kitab oxuyan bir qadın göründü. Körtis Hartmen barmaqlarının ucunda asta-asta yeriyərək pəncərəyə tərəf gəldi və sakitcə pəncərəni bağladı. Qəfildən gözlərinin önündə siqaret çəkən bir qadının peyda olması onu dəhşətə gətirmişdi və o heç cür anlaya bilmirdi ki, müqəddəs kitabın səhifələrini oxuduğu halda necə olmuşdu ki, özü də bilmədən o qadının açıq çiyinlərinə, ağappaq sinəsinə baxmışdı.

Keşiş gördüyü mənzərənin təsiri altında aşağı enərək minbərin arxasına keçdi və dediyi sözlərin fərqinə varmadan moizəsini oxudu. Lakin həmin moizənin həmişəkindən daha aydın və daha şövqlü alındığını özü də hiss etdi.

Keşiş “görəsən indi o da mənim səsimi eşidirmi? Bəlkə bu sözlərim ona da təsir edə bilər,”- deyə düşündü və nə zamansa bu sözlərlə o qadının ürəyinə toxuna biləcəyinə, o günahkar insanı qəflət yuxusundan oyadacağına ümid etməyə başladı.

Keşişin pəncərədən gördüyü ev Presbayterian kilsəsinin qarşısında yerləşirdi. Vinzburq Milli Bankında xeyli pulu olan dul qadın Elizabet Sviftlə qızı Keyt Svift həmin evdə yaşayırdı. Məktəbdə müəllimə işləyən Keyt Sviftin otuz yaşı var idi. Vinzburqda özünə dost tapmamışdı. Həmişə səliqəli və zövqlü geyinərdi. Gözəl danışığına görə məktəbdə özünə hörmət qazana bilmişdi. O, Avropanın bir neçə ölkəsində olmuş və iki il Nyu-Yorkda yaşamışdı.

Körtis Hartmen həmin qadının əvvəllər Avropada və Nyu-Yorkda yaşadığını biləndən sonra onun siqaret çəkməsinə ürəyinin dərinliyində böyük bir günah kimi baxmır və “bəlkə də, onun siqaret çəkməsi böyük qüsur deyil.” – deyə düşünürdü. Keşiş kollecdə təhsil alarkən oxuduğu romanları, o romanlarda təsvir edilmiş siqaret çəkən müasir qadın obrazlarını xatırlayırdı. O, keçən həftə həmin qadını gördükdən sonra duyduğu qorxu və utanc hissini indi xatırlanmaq istəmir, hər bazar səhəri öz otağında etdiyi ibadətə indi heç bir gərək duymur və yeni dinləyicisinin də həvəslə onun moizəsinə qulaq asacağını xəyalına gətirərək minbər arxasındakı növbəti çıxışına daha böyük canfəşanlıqla hazırlaşırdı.

Körtis Hartmen gəncliyində də qadınlarla yaxın münasibət qurmamışdı. İndiana ştatının Mansi əyalətindən olan atası, arabaçı idi və oğlunun təhsil alması üçün hər zəhmətə qatlaşırdı. Körtis Hartmen indiki həyat yoldaşına məktəb illərində rast gəlmişdi və uzun müddət bir-biriləri ilə sevgili olduqdan sonra onlar evlənmişdilər.

Bu evlilik daha çox qızın təşəbbüsü ilə baş tutmuşdu. Toy günündə varlı ata öz qızı üçün beş min dollar pul ayırmışdı və vəsiyyətində bundan iki dəfə çoxunu ona verəcəyini demişdi. Keşiş bu nikahın onun üçün çox uğurlu nikah olduğuna inanaraq evliliyi boyunca başqa qadınlar haqqında düşünməmişdi. O, buna heç ehtiyac da duymamışdı. Onun yeganə istədiyi şey sakit bir həyat sürərək Allaha ibadət etmək idi.

Amma indi o qızı gördükdən sonra keşişin ürəyində qəribə və anlaşılmaz hisslər oyanmışdı. Öz moizələri ilə Keyt Sviftə təsir göstərmək, onun ürəyinə yol tapmaq arzusundan başqa keşişi bir istək də narahat edirdi. O, çarpayısının üzərində sakitcə uzanmış həmin qadının ağ bədəninə, ağ çiyinlərinə bir də baxmaq istəyirdi. Bu fikirlər ucbatından heç cür gözünə yuxu getməyən keşiş, bazar günü səhər açılmamış yerindən qalxdı və evindən çıxaraq Vinzburq küçələrində gəzişməyə başladı.

Meyn küçəsinə çatdığı zaman köhnə Riçmond imarəti qarşısında ayaq saxladı və yerdən bir daş götürərək iti addımlarla zəng qülləsindəki otağına üz tutdu. Daşla pəncərə şüşəsinin bir küncünü sındırdı və qapını bağladıqdan sonra üstündə İncil qoyulmuş masasının arxasına keçərək gözləməyə başladı. Qarşı otağın pəncərəsində bir kölgənin tərpəndiyini hiss etsə də, axtardığı qadının orda olmadığını dərhal başa düşdü. Həmin vaxt Keyt Svift də Vinzburq küçələrində gəzişmək üçün yatağından qalxaraq evi tərk etmişdi. Kölgəsi görünən qadın isə onun anası Elizabet Svift idi.

Qadını görmək istəyinin baş tutmadığını anlayan keşiş günahdan qurtulduğu üçün sevincindən az qala ağlayacaqdı. O, yavaş-yavaş ayağa qalxdı və ibadət etmək üçün öz evinə qayıtdı. Necə oldusa, otaqdan çıxarkən sındırdığı şüşənin yerini örtməyi unutdu. Şüşənin qopmuş hissəsində isə məftun baxışlarla İsa peyğəmbərin üzünə baxan o balaca oğlan uşağının çılpaq dabanı təsvir edilmişdi.

Körtis Hartmen hər həftə həvəslə oxuduğu moizəni həmin bazar günü oxumadı. Kilsəyə ibadətə gələnlər qarşısında qısaca çıxış edərək içindən gələn sözləri söylədi. Onlara keşişlərin də adi insanlar kimi günah edə biləcəyini başa salmağa çalışdı:

“Məsələn, mən öz həyat təcrübəmdən yaxşı bilirəm ki, Allahın sözünü insanlara çatdıran keşişlər də nəfsdən və günahlardan arınmayıb. Elə vaxtlar olub ki, mən özüm də nəfsim qarşısında məğlub olmuşam. Sadəcə, etdiyim dualar sayəsində Allah məni bu mərtəbəyə çatdırıb.

O, məni heç zaman tək qoymayıb. O, öz yardımını sizdən də əsirgəməz. Ümidinizi itirməyin. Günahla üz-üzə qaldığınız zaman sadəcə gözlərinizi qaldırıb göyə baxın. Onu xatırlayın, Ondan yardım istəyin. O, sizi günahlardan qoruyacaq.”

Keşiş yeni bir qətiyyətlə gördüyü qadını unutmağa, onun ağ bədənini yaddan çıxarmağa çalışırdı. Evdə olarkən özünü qəribə aparır, gəncliyində göstərmədiyi sevgi nəvazişləri ilə həyat yoldaşını təəccübləndirirdi. Bir axşam Bakay küçəsində gəzdikləri zaman keşiş, əlini Sarah Hartmenin belinə apararaq onu qucaqlamışdı.

Bir dəfə də səhər yeməyini yedikdən sonra, həmişəki kimi iş otağına keçmək əvəzinə arvadına yaxınlaşaraq onun yanaqlarından öpmüşdü. Keyt Svift yadına düşəndə isə keşiş, təkəbbürlü bir təbəssümlə gülümsünər və başını yuxarı qaldıraraq deyərdi: “İlahi, mənə kömək elə, sənə qulluq etmək üçün mənə güc ver. Məni günahlardan qoru!”

Amma onun ürəyində çoxdan başlanmış bir təlatüm indi daha da kəskinləşirdi. O, Keyt Sviftin ən çox axşamlar öz çarpayısında uzanaraq kitab oxuduğunu necəsə öyrənmişdi. Çarpayının kənarına qoyulmuş gecə lampasının işığı qadının ağ çiyinlərinin, yarı açıq sinəsinin üstünə düşürdü. Onu ikinci dəfə gördüyü axşam keşiş, saat doqquzdan on birə qədər zəng qülləsindəki tozlu otağını tərk etmədi. Qarşı otağın işığı söndükdən sonra isə kilsədən çıxdı və bir neçə saatı Vinzburq küçələrini dolaşaraq dua etməklə keçirdi. İndi o daha Keyt Sviftin çiyinlərini, boğazını, yarı açıq sinəsini öpmək istəmirdi və bu cür fikirləri özünə yaxın buraxmamağa çalışırdı. O, özü də nə istədiyini anlaya bilmirdi.

“Məni sən yaratmısan, özün qoru məni, nəfsimdən qoru məni!” Keşiş qaranlıq küçənin ortasında uca səslə duaya başladı. Sonra isə yolun kənarındakı hündür bir ağacın yanında dayanaraq göylərə baxdı. Sürətlə uçuşan buludlar göy üzünü örtmüşdü və sanki Allaha baxırmış kimi o buludlara baxa-baxa duasına davam etdi: “İlahi, məni yadından çıxarma, yadından çıxarma məni. Mənə güc ver, güc ver ki, sabah gedib o pəncərəni düzəldim, bir də o qadına baxmayım. Məni tərk edib getmə, məni atma. Sənin köməyinə ən çox indi ehtiyacım var”

Beləcə o, günlərini, həftələrini sakit və qaranlıq küçələrdə dua edərək keçirirdi. Nə qədər çalışsa da, Allahın onu nə üçün belə bir sınağa çəkdiyini anlaya bilmirdi. Günahlardan uzaq qalmaq üçün əlindən gələn hər şeyi etdiyini deyərək, olanlara görə Allahı günahlandırmaq istəyirdi: “Cavanlıqdan bəri, bütün ömrüm boyu Sənə ibadətdən başqa heç nə düşünməmişəm, indi niyə məni bu cür sınağa çəkirsən? Sənin xoşuna gəlməyən nə etmişəm, hansı günahıma görə məni cəzalandırırsan?”

Həmin ilin payızında və qışında Körtis Hartmen Keyt Svifti yenidən görmək üçün düz üç dəfə evindən çıxaraq zəng qülləsindəki otağına getmişdi. Və hər dəfə qarşı evin işığı söndükdən sonra kilsəni tərk edərək sakit və qaranlıq küçəyə çıxmış, duasını dayandırmadan gecəyarısına qədər gəzməyə davam etmişdi. O, öz hisslərini anlaya bilmirdi. Bəzən bir neçə həftə boyunca həmin qadın tək-tük hallarda yadına düşərdi və buna görə də artıq nəfsinə qalib gəldiyini düşünərdi. Lakin sonra qəfildən hər şey dəyişərdi.

Evindəki iş otağında masasının arxasında oturub bütün diqqətini moizə kağızlarına yönəltdiyi halda , birdən ona nəsə olar, əsəbləri gərilərdi. Ayağa durub otağın içində o baş-bu başa gedərək var-gəl edərdi. Öz-özünə “gedirəm, gedirəm indi” deyərək küçəyə çıxardı. Amma kilsə qapısının astanasında dayanarkən belə bura gəlişinin əsl səbəbini özünə etiraf etmək istəməzdi: “Şüşəni düzəltməyəcəm, hər gün də bura gələcəm, amma ona baxmayacam. Bunu bacarmaq çətin deyil. Allah özü bu sınağı mənim qabağıma çıxarıb. Mən bu sınaqdan üzüağ çıxacam! Mən bunu bacaracam!”

Yanvar qarlarının Vinzburq küçələrini ağ rəngə bürüdüyü şaxtalı qış gecələrinin birində Körtis Hartmen axırıncı dəfə kilsənin zəng qülləsindəki həmin otağa getdi. Tələsdiyindən çəkmələrini geyinməyi də unudan keşiş saat doqquzda evdən çıxdı. Meyn küçəsində gecə gözətçisi Hop Hiqinzdən başqa heç kim gözə dəymirdi. O şaxtalı qış gecəsində oyaq qalanlardan biri də, yeni hekayəsi üzərində işləyən gənc Corc Villard idi. Kilsə yollarına yağan qar üstündə indi keşişin ayaq izləri görünürdü. Keşiş artıq əmin idi ki, bu dəfə bu yollar onu günaha aparır.

“Onu yenə görmək istəyirəm, doyunca baxmaq istəyirəm ona. Bundan sonra özümə zülm eləməyəcəm, onun çiyinlərini öpmək istəyini özümdən gizlətməyəcəm”. Bu sözləri deyərkən nə qədər çalışsa da, göz yaşlarını saxlaya bilmədi. O, artıq keşişlikdən əl çəkmək və özünə yeni bir həyat qurmaq haqqında düşünürdü.

“Gedəcəm, gedəcəm buralardan, özümə başqa iş tapacam. Əgər mən bu cür yaradılmışamsa, günahlar qarşısında bu cür zəifəmsə, daha müqavimət göstərməyəcəm, qoy nə olur olsun, qoy ən pis günahlara batım, ən azından ikiüzlü olmaram. Bir tərəfdə camaata ağıl öyrədib, o biri tərəfdə bu naməhrəm qadına baxmaram.”

Kilsənin zəng qülləsindəki otaq bumbuz idi və içəri girən kimi keşiş hiss etdi ki, burda çox qalsa, xəstələnəcək. Yaş ayaqlarını qurutmaq üçün otaqda soba yox idi. Qarşı evin otağında isə Keyt Svift gözə dəymirdi. Keşiş səbrlə gözləməyə başladı. O, soyuq stulda əyləşərək bir əli ilə üstündə hər zaman İncil olan masasının kənarından yapışdı. İndi onun beynindən ömrü boyu düşünmədiyi ən qara, ən çirkli xəyallar keçirdi. Keşiş, bir anlıq öz arvadına qarşı nifrət duyduğunu hiss elədi.

“O, həmişə ehtiraslı həyatdan qorxub, həmişə məndən canını qurtarmağa çalışıb” , -deyə o düşünürdü. “Hər kişinin haqqı var ki, xoşbəxt olsun. Öz arvadı ilə istədiklərini yaşaya bilsin. Heç kim öz içindəki heyvani istəkləri öldürməməlidir! Yeri gəlsə, mən ondan ayrılacam, başqa qadınların arxasınca düşəcəm!

O məktəb müəlliməsindən əl çəkməyəcəm! Mən bu zavallı insanlar kimi özümü aldatmayacam! Özümü bu istəklərdən arınmış mələk kimi göstərməyəcəm! Əgər, doğrudan da, mənim ürəyimdə heyvani istəklər varsa, onda mən daha heç vaxt öz istəklərimdən qaçmayacam! Lazım gəlsə qalan ömrümü ancaq bu istəklərlə yaşayacam.”

Keşiş həm soyuqdan, həm də ürəyində gedən mübarizənin dəhşətindən tir-tir titrəyirdi. Bir neçə saat da beləcə gözlədi. Qəribə bir istiliyin yavaş-yavaş bədəninə yayıldığını, boğazında ağrılar başlandığını, soyuqdan dişlərinin bir-birinə dəyib şaqqıldadığını və ayaqlarının buza döndüyünü keşiş çox yaxşı hiss edirdi, amma qadını görmədən ordan getməyi heç ağlına da gətirmirdi.

“Bu gün onu yenə görməliyəm! Mütləq görməliyəm! Bundan sonra qorxmayacam, istədiklərimi düşünəcəm”,- bir əli ilə hələ də masanın kənarından yapışaraq dayanan keşiş düşünürdü.

Kilsənin bumbuz otağında soyuqdan titrəyərək gözləsə də, o soyuq yanvar gecəsində baş verən hadisəni keşiş ömrünün sonunacan unutmadı. Çünki o, məhz həmin hadisə nəticəsində həyatının qalan illərini necə yaşayacağını müəyyənləşdirmişdi. Kilsənin zəng qülləsindən Keyt Sviftin otağının hər yeri görünmürdü. Keşiş indiyə qədər bircə otağın çarpayı qoyulan hissəsini görə bilmişdi. Hər dəfə də işıqlar sönənəcən ağ rəngli gecə geyimində çarpayısına uzanıb kitab oxuyan qadının çılpaq çiyinlərinə baxmış və işıqlar söndükdən sonra kilsədən çıxıb getmişdi.

O qarlı yanvar gecəsində isə Körtis Hartmen həmişəkindən daha çox gözləməli oldu. Soyuqdan əlləri, ayaqları az qala buz bağlasa da, qurduğu xəyallarında onun dünyasına isti bir günəş doğurdu, ağaclar çiçəkləyirdi və qarlar əriyib getdikcə Keyt Sviftlə onu ayıran uca dağlar da o qarlarla birgə itib yox olurdu. Bütün bunları təsəvvürünə gətirərkən intizarla gözlədiyi qadının qaranlıq otağa daxil olduğunu hiss elədi. Keşiş onun həmişəki kimi çarpayısına uzanaraq kitab oxuyacağını gözləyirdi, amma bu dəfə belə olmadı. Və qəfildən Körtis Hartmen çarpayının yanında dayanmış qadının anadangəlmə çılpaq olduğunu gördü.

Kiminsə onu izlədiyindən xəbəri olmayan qadın özünü çarpayısına ataraq üzüqoylu uzandı və balaca yumruqları ilə yastığı döyəcləyə-döyəcləyə ağlamağa başladı. Bir az sakitləşdikdən sonra dua etmək üçün yatağında dikəldi. Gecə lampasının işığında dua edən qadının incə bədəninə baxdıqca keşiş, özündən asılı olmadan pəncərə şüşəsinin üstündə təsvir edilmiş İsa peyğəmbərin üzünə baxan o balaca oğlanı xatırlayır və o qadını həmin oğlana bənzədirdi.

Körtis Hartmen özü də bilmədi ki, kilsədən necə çıxdı. Otaqdan çıxarkən masayla necə toqquşduğunu, İncili yerə saldığını və soyuq otaqda yerə düşən kitabın nə cür səs çıxardığını keşiş hiss eləmədi. Qarşı otağın işığı sönəndə o artıq pilləkanlardan aşağı düşüb küçəyə çıxmışdı. Küçə boyunca qaçaraq “Vinzburq qartalı” qəzetinin binasına daxil oldu.

Corc Villardı görən kimi nəfəsi kəsilə-kəsilə danışmağa başladı. “Allah, həqiqətən də, qüdrətlidi, biz heç vaxt Onu anlaya bilmərik”. Otağa daxil olub qapını örtdü, Corca yaxınlaşdı və parıltılı gözləri ilə ona baxaraq sözünə davam etdi. “Tapdım, axır ki, tapdım, o axtardığım işığı tapdım. Düz on il sonra, on il bu şəhərdə yaşayandan sonra gözlədiyim işarələri Allah mənə göstərdi. Bir qadının bədənində göstərdi.” Səsini alçaldıb bu dəfə pıçıltı ilə danışmağa başladı : “Mən düz başa düşməmişdim. Elə bilirdim ki, başıma gələnlər mənim üçün bir sınaqdı, amma sən demə bu olanlar, mənə illərdir gözlədiyim işarələri göstərmək üçün imiş. Mən Allahı Keyt Sviftdə tapdım, o müəllimədə, çarpayısında çılın-çılpaq uzanan o qadında. Sən onu tanıyırsan?

Bəlkə, heç özünün də xəbəri yoxdu ki, bu həqiqəti mənə göstərmək üçün Allah bir vasitə kimi onu seçib”.

Keşiş sözünü qurtarandan sonra qapıya tərəf getdi və qapının ağzında bir anlıq dayanaraq küçəyə, çılpaq budaqlarına qar yağan ağaclara baxdı. Sonra yenə üzünü Corc Villarda tutub dedi: “Mən artıq istədiyimi tapmışam, daha heç nədən qorxum yoxdu.” Qanamış əlini gənc Corca göstərərək sözünə davam etdi: “Bayaq kilsədə olanda Allahın qüdrətini öz içimdə hiss elədim, sonra yumruğumnan pəncərənin şüşəsini sındırdım. İndi o pəncərəni birdəfəlik örtmək olar”.

İngiliscədən tərcümə: Təvəkgül Zeynallı

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG