Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:43

Hadi müəllim, Skandinaviyada olmusunuz?


Eyvaz Zeynalov
Eyvaz Zeynalov

-

İşıqlı sinif otaqları, yaraşıqlı binalar savadlı müəllimlərsiz heç nədi. Müəllim dolanmırsa, ehtiyacı tam ödənmirsə, yaxşı təhsildən danışmağa dəyməz...

Eyvaz Zeynalov

NƏYİ YAXŞIDI Kİ?..

Deputat Hadi Rəcəblinin dediklərindən:

“Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir. Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?”

Aşıq gördüyünü çağırar. Ölkədə tək-tük adam öz işilə məşğuldu, öz yerindədi. Məmur da, nazir də, deputat da konstitutsiya ilə yasaqlansa, cinayət sayılsa da, eyni zamanda başqa işlərlə, o cümlədən, gizli biznes, kommersiya ilə məşğuldu, oliqarxdı.

Əslində hamının, yuxarıların da, aşağıların da bildiyi bir şeyin harası gizlindi? Onlar çox məharətlə bir əldə iki qarpız tutur, iki yana baxır, heç çaşmırlar da (halbuki, iki yana baxan çaşar, deyiblər), əksinə, çaşdırırlar.

Bir daha Nəbi Xəzri ilə Cəmil Əlibəyovun başabəla “Qorbaçov aşkarlığı” illərində “Kommunist” qəzetində getmiş “Gerçək yuxular” məqaləsini xatırladım.

Skandinaviya ölkələrindən birində, qonağı olduqları bir fermerin təsərrüfatında gördükləri məşhur yazıçılarımızı heyrətə gətirmiş, təəssüratlarını “gerçək yuxular” adlandırmışdılar.

Fermer bir yerdə bərabər çalışdığı malabaxanlarını yazıçılarımıza göstərib deyir ki, əgər onların inəyimə, danama baxa-baxa, qulluq edə-edə öz ailə qayğıları, dolanışıqları haqqında düşündüklərini bilsəm, o saat işdən qovaram. Çünki onların dolanışığı, ailələrinin bütün problemi haqqında mən düşünürəm. Onlar da mənim inəyim, danam haqqında düşünməlidilər.

Hadi Rəcəbli
Hadi Rəcəbli

Onda mən orta məktəbdə müəllim işləyirdim. Yolboyu məktəbə gedəndə də, gələndə də, lap elə məktəbdə də şagirdlərimdən, dediyim dərsdən çox öz şəxsi problemlərim, ailə qayğılarım haqqında düşünürdüm. Çünki mövcud şərait, vəziyyət məni buna məcbur, vadar edirdi.

Ona görə ki, mənim şəxsi problemlərim, qayğılarım haqqında hökumət yetərincə düşünmürdü. Yaxud elə indiki kimi, dırnaqarası düşünürdü. Halbuki mən malabaxan yox, müəllim, taleyi mənə tapşırılan da mal-at deyil, canlı, şüurlu insanlar, gələcəyimizdi.

Tezliklə müəllimliyin daşını atdım. Kənar işlə dolanışıq pulu qazana-qazana şagirdlərimi, illah da özümü aldatmaq, müəllim adına ləkə olmaq istəmədim. Ehtiyac burulğanında çabalayan, boğulan müəllimin nə qədər bilikli, istedadlı olur-olsun, davamlı şəkildə keyfiyyətli dərs deyə bilməsinə qətiyyən inanmıram! Deputatın nümunə gətirdiyi müəllimin də həmçinin.

Təəssüf, çox təəssüf ki, bizdə hələ də balalarımızın (başqa sözlə, gələcəyimizin) təlim-tərbiyəsini tapşırdığımız müəllimlərimizə adi bir fermerin malabaxanına göstərdiyi münasibət qədər münasibət göstərilmir.

Fermer malabaxanın bütün ehtiyacını ödəyir ki, yalnız onun inəyi, danası haqqında düşünsün. Deputat haray çəkməkdən ki, ay aman, ay dad, gəlin heç olmasa bir dəfə də papağımızı qabağımıza qoyub o fermercən düşünək, əl-ələ, dil-dilə verək, təhsilimizin, müəllimlərimizin (başqa sözlə, gələcəyimizin) dərdinə bir əlac qılaq, ehtiyacını ödəyək, kənar qayğılardan azad edək, kitabxanalarda, kitab, komputer arxasında yalnız elm, bilik öyrənmək və öyrətməklə məşğul olmalarına şərait yaradaq, onları başlarını dəxli olmayan kənar işlərlə çörəkpulu qazanmağa, qatmağa çağırır.

Məgər bilmir ki, müəllimlərimiz onsuz da elə belə də edirlər, 150-200 manata dolanmaq, ailə saxlamaq mümkün deyil? Kaş deputatları, məmurları, nazirləri, müəllimlərə maaş kəsən səlahiyyət sahiblərini də o maaşa işləməyə məcbur etmək mümkün olaydı! Dolanışıq ucbatından boş vaxt tapan kimi kənar işlərin dalınca qaçdıqlarına görədi ki, müəllimlərimiz institut illərində az-çox öyrəndiklərini də bir müddətdən sonra yavaş-yavaş unudurlar.

Müəllimə (başqa sözlə, gələcəyimizə) bu ögey münasibətin nəticəsidi ki, məktəblərimizdə kişi müəllimlər barmaqla sayılacaq qədər də qalmayıb. Qalanlar da dadar-doymaz maaşları ilə deputatın nümunə göstərdiyi müəllim kimi baş girləyirlər. Çoxu danışıqlarını, leksikonlarını da tamam dəyişib. Qeyri sənət sahiblərindən, mollalarımızdan az fərqlənirlər. Dad yarımçıq əlindən, elmdən çox dinə, xurafata, falabaxana, görücüyə, pirə və s. meyllidilər.

Bəziləri mollalığın müəllimlikdən daha hörmətli, daha pullu, qazanclı olduğunu görüb mollalıqla məşğuldular. Çağırışın məqsədi, məramı budusa, elə ona da gedirik.

Müəllimin həqiqi qiyməti sözdə deyil, işdə, əməldə, layiqincə verilməlidi. Hərtərəfli şərait yaradılmalı və ciddi tələblər qoyulmalıdı. Yoxsa gələcəyimiz şübhə altındadı. Axı bu millət nə zamana qədər kütləvi şəkildə fəhləliyə, alverə, “taksavatlığa”, kənar işlərə sürüklənməlidi? İşıqlı sinif otaqları, yaraşıqlı binalar savadlı müəllimlərsiz heç nədi. Müəllim dolanmırsa, ehtiyacı tam ödənmirsə, yaxşı təhsildən danışmağa dəyməz.

Hələ bu yaxınlarda Türkiyədən nümunə götürüb əsgərlərimizi bir başqaxıncından - tualet təmizləməkdən, mətbəxdə yemək-içmək hazırlamaqdan, qab-qacaq yaxalamaqdan, paltar yumaqdan azad etdik. Görünür biz heç nədən dərs almırıq, bəzi məsələləri, sadəcə, mexaniki şəkildə, diktə ilə robot kimi yerinə yetiririk, əksər halda da elə kağız üzərində.

Belə olmasaydı, əsgərimizi şərəfləndirib müəllimi, ziyalını aşağılamazdıq. Deputatın, məmurun bizneslə məşğul olmağı nə qədər qəbahətdirsə (qanun pozuntusudursa), müəllimin də dərsdən sonra qazanc məqsədi ilə kənar işlə məşğul olmağı o qədər qəbahətdi! Müəllimin dolanışıq ucbatından dərsdən sonra kənar işlərlə məşğul olması elə əsgərin tualet təmizləməsi və s. kimi bir şeydi. Məgər müəllimin missiyası əsgərin missiyasından az şərəflidi?

Demək, başqa vaxt müəllim adına deyilən xoş sözlər, təriflər hamısı boşboğazlıqdan başqa bir şey deyil!

Gəlin inteqrasiya etmək istədiyimiz Avropa ölkələrinə baxaq. Onlar neft, qaz, yeraltı sərvətlərlə deyil, elm, təhsil və onun aparıcı qüvvəsi olan müəllimlərə hər cür şərait yaratmaqla inkişaf edib, irəli gedib, qabaqcıl dövlətlərə çevriliblər. Neft, qazla dünya miqyasında seçilən millətlər cərgəsinə qoşulmaq mümkün olsaydı, müsəlman ölkələri bədbəxt gündə qalmazdılar.

Vallah, bu düşüncə ilə Avropa ölkələrinə, millətlərinə çatmaq, onları ötmək mümkün deyil. Hardasa, necəsə ötsək də, yamağımızı görüb güləcəklər. Gəlin öz eyiblərimizə əvvəlcə özümüz gülək və onları həqiqi mənada düzəltməyə çalışaq. Bu da yalnız və yalnız təhsimizin səviyyəsini, hamımızın müəllimimiz olan müəllimlərimizin şərəf və ləyaqətini qaldırmaqla mümkündü!

Eyvaz Zeynalov, yazıçı

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG