Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:24

Britaniya kral 3-cü Richard-ı beş əsrdən sonra dəfn edir


530 il bundan əvvəl öldürülmüş kralın sümüklərini maşın parkından tapıblar.
530 il bundan əvvəl öldürülmüş kralın sümüklərini maşın parkından tapıblar.

5 əsr bundan əvvəl öldürülmüş kralın skeleti yalnız 2012-ci ildə, avtomobil parkının altında aşkar edilib.

İngiltərədə son bir neçə gün ərzində minlərlə insan 530 il bundan əvvəl döyüşdə həlak olmuş kral 3-cü Richard-la vidalaşmaq üçün Lester məbədinə axışır.

Kral cümə axşamı elə bu məbəddə torpağa tapşırılacaq.

Monarxın tabutu ictimaiyyət qarşısına ilk dəfə ötən bazar ertəsi çıxarılıb və adamlar kralla görüşmək üçün 4 saatadək gözləməli olublar.

3-cü Richard-la vidalaşma çərşənbə günü başa çatacaq, cümə axşamı isə dəfn mərasimi keçiriləcək.

5 əsr bundan əvvəl öldürülmüş kralın indi dəfn olunmasına səbəb isə budur ki, onun qalıqları yalnız 2012-ci ildə, avtomobil parkının altında aşkar edilib.

“Hiss etdim ki, kralın qəbri üstündəyəm…”

Tarixə məşhur William Shakespeare-in “3-cü Richard” pyesi ilə qaniçən tiran kimi düşmüş monarxın qalıqlarının aşkar edilməsinin özü də ayrılıqda bir bədii əsər ola bilər.

Artıq müasir dövrümüzdə, 1990-cı illərin əvvəllərində Philippa Langley adlı bir yazıçı 3-cü Richard haqqında yazmağı planlaşdırdığı pyesi üçün araşdırma aparırmış.

Özünün nəql etdiyinə görə, bir gün boş maşın parkından keçərkən onu izahedilməz bir üşütmə tutub.

“Mən onda hiss etdim ki, 3-cü Richard-ın basdırıldığı yerin üstündə dayanmışam” – xatırlayır yazıçı.

Yazıçı buna o qədər inanıb ki, sonralar bir neçə il həmin yerdə qazıntı aparılması üçün Lester Universitetinə israrlı müraciətlər edib.

Nəhayət 2012-ci ildə qazıntıya başlayan universitet “qozbel adama” məxsus olduğu görünən skeleti aşkar edib.

Shakespeare şər atıb?

3-cü Richard-ın bel əyriliyi tarixi faktlardan və Shakespeare-in onu “ləkələdiyi” əsərdən bilinirdi.

“Layihənin başlanğıcında heç inanmırdıq ki, qazıntı uğurlu olacaq. Şans 1000-ə bir idi” - deyib Lester Universitetinin arxeoloji qrupunun rəhbəri Richard Buckley Reuters agentliyinə.

Bununla belə, DNT analizi skeletin Richard-a məxsus olduğunu 99, 99 faiz isbat edib.

Onun son döyüşdə aldığı 11 yaranın izləri də skeletin 3-cü Richard-a aid olduğunu göstərib. O yaraların əksəriyyətini başından alıbmış, çünki son vuruşmada kralın döyüş meydanında atsız və dəbilqəsiz qalması tarixçilər tərəfindən qeydə alınıb.

Richard-ın irsinə başqa yazıçılar və tarixçilər də müraciət ediblər.

1940-cı illərdə Josephine Tey adlı yazıçı 3-cü Richard haqqında araşdırma aparıb və bu nəticəyə gəlib ki, krala “tarixi şər” atılıb.

Onun 1951-ci ildə Londonda çap olunmuş “Zəmanə qızı” əsəri bestseller imiş.

Bəzi tədqiqatçılar bu qənaətdədirlər ki, dahi dramaturq William Shakespeare 3-cü Richard-ın ölümü ilə taxt-taca sahiblənmiş Tüdorlar sülaləsinin rəğbətlisi kimi konyunktur bir pyes yazıb.

Əslində necə olduğunu tam əminliyi ilə heç kim bilmir.

Yoxa çıxmış balaca şahzadələr

3-cü Richard (1452 – 1485) 1483-cü ildən 1485-ci ilədək İngiltərə kralı olub.

O York monarx xanədanının və Britaniya tarixində Plantagenet adı ilə tanınan sülalənin son nümayəndəsi idi. Plantagenet sülaləsinin kökü Fransadan gəlirdi.

1483-cü ildə onun qardaşı kral 4-cü Edward öləndə, Richard onun iki azyaşlı oğullarının regenti və ya Şərq təbirincə deyilsə, atabəyi təyib edilib.

12 yaşlı 5-ci Edward1483-cü ilin 22 iyununda tacqoyma mərasimindən keçməliymiş.

Şahzadələr əmiləri tərəfindən Londona gətirildikdən sonra qəflətən haradansa belə bir informasiya ortaya çıxıb ki, mərhum kralın, şahzadələrin anası Elizabeth Woodville-dən avvəl başqa arvadı da olub. Bu informasiya yeniyetmə şahzadənin “bic” elan olunması və krallıqdan məhrum edilməsi üçün kifayət edib.

Bu fakt elə iyunun 25-də Lordlar Məclisi tərəfindən təsdiq edilib. Qardaşlar Londonun məşhur və vahiməli Tauer qalasında saxlanıblar və sonradan müəmmalı şəkildıə yoxa çıxıblar. Richard beləliklə, taxt-taca yiyələnib.

İndiyədək geniş yayılmış inama görə, şahzadələr əmilərinin əmri ilə gizli şəkildə öldürülüblər.

Döyüş meydanında ölən son kral

Lakin ikicə illik hakimiyyəti dövründə 3-cü Richard-a qarşı iki böyük qiyam qaldırılıb. Qardaşı 4-cü Edward-a sədaqətli Bukingem hersoqu Henry Stafford-un qiyamını Richard birtəhər yatıra bilib.

Lakin 1485-ci ilin avqustunda gələcək Tüdorlar sülaləsinin banisi Henry Tüdor daha uğurlu ola bilib.

3-cü Richard Lesterşirdəki Bosvort çölündə baş vermiş məşhur döyüşdə öldürülüb.

3-cü Richard Britaniya tarixində döyüş meydanında öldürülmüş son kraldır. Bosvort döyüşü isə tarixə “Qızılgüllər Müharibəsi” kimi düşən 30 illik sülalə müharibəsinin son döyüşü sayılır.

Bundan sonra Britaniyada Tüdorlar sülaləsinin hakimiyyəti başlanır.

3-cü Richard-böyük demokrat?

3-cü Richard barədə mübahisələr bu günədək səngimək bilmir. Daha geniş yayılmış inama görə o, qardaşının, onun övladlarının qatili, qaniçən zülmkar olub. Lakin Richard-ın müasir dövrümüzdəki törəmələri də daxil olmaqla tərəfdarları, onu ədalətli və siyasətcil monarx kimi təqdim etməyə çalışır, şahzadələrin ölümündə isə Tüdorları ittiham edirlər.

Onların fikrincə, sonrakı tarixi də elə Tüdorlar yazdırıblar. “Belə olmasaydı, 3-cü Richard hörmətsiz bir şəkildə quyulanmazdı” – deyirlər “rikardianlar”.

“Rikardianlar” və ya kral Richard-ın müasir tərəfdarları deyirlər ki, ona indiyədək layiq olduğu hörmət göstərilməyib. Halbuki 3-cü Richard iki illik hakimiyyəti dövründə hətta bu gün üçün də son dərəcə əhəmiyyəti olan fərmanlar verib.

Bu fərmanlardan biri İngiltərədə bütün məhkəmə proseslərinin ingiliscə aparılması barədədir. Kral həmçinin sadə adamlara məhkəmələrə müraciət etmək hüququ verib.

“Təqsirsizlik prezumpsiyası” prinsipini də ilk dəfə o qələmə alıb.

Xatalı DNT analizi

Buna baxmayaraq, 3-cü Richard hətta indi də tarixçilər, siyasətçilər və ictimaiyyət arasında ziddiyyətə səbəb olub.

Bəziləri onun bu maliyyə böhranı və qənaət siyasəti dövründə niyə bu qədər təntənə ilə dəfn olunmasını sual edirlər, başqa biriləri isə onun nə üçün həlak olduğu yerdə və ya Uestministerdə yox, məhz Lesterdə dəfn olunmasından narazıdırlar.

Hətta onun məqbərəsinin dizaynı da mübahisələrə səbəb olub.

Lakin ən çox mübahisələrə səbəb olan 3-cü Richard-ın DNT analizinin onun sarışın və mavi gözlü birisi olduğunu göstərməsidir. Bundan əlavə, 3-cü Richard-ın “genetik materialı”nı geniş monarx ailəsinin müasir üzvlərinin DNT-si ilə tutuşduranda, çoxsaylı uyğunsuzluqlar ortaya çıxıb.

Hətta belə şübhələr də söylənir ki, hazırkı kraliça ailəsinin 3-cü Richard-a qohumluğu çatmaya da bilər.

Hər halda bu məsələdə dərinə getmək istəməyiblər.

Lester Universitetindən genetik Kevin Schürer deyib ki, bu məsələnin axırına çıxmaq üçün Bukingem sarayının qapısını döyməyə dəyməz. Onun fikrincə, Richard-ın bugünkü monarxiya ilə genetik əlaqəsini isbat etmək üçün çox qəbirləri sökmək lazım gələrdi.

Alimin fikrincə, onsuz da bütün tarix boyu hər taxta çıxan kral özündən əvvəlkini “bic” elan edərmiş.

Tarixi yazmaq heç vaxt gec deyil

Bütün bunlar 3-cü Richard-ın dəfn mərasimin təntənəsini azalda bilməz.

Ən azı ona görə ki, sağlığında necə bir kral olmasından asılı olmayaraq, 3-cü Richard-ın məqbərəsiinnən belə Britaniyanın “görməli yerlərindən” birinə çevriləcək, turist məkanı olacaq və deməli monarxiyanın xəzinəsinə gəlir gətirməkdə davam edəcək.

Kraliça 2-ci Elizabeth 3-cü Richard-a ehtiramlarını yazılı şəkildə bildirib. Onun cənazəsini isə torpağa İngiltərə kilsəsinin baş keşişi-Kanterberri arxiyepiskopu tapşıracaq.

Qəzetlər yazırlar ki, bundan sonra 3-cü RichardShakespeare-in pyesindəki “zəhərli qozbel qurbağa” deyil.

Onun cənazəsi krallara layiq təntənə ilə Lesterə gətirilərkən 35 minədək britaniyalı küçələr boyunca düzülmüşdü. Adamların çoxu kralın son pişvazına Orta əsrlərdə olduğu kimi ailəliklə çıxmışdılar.

Hətta qədim Albionda da tarixi yenidən yazmaq mümkündür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG