Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:22

-

Xəyalə Sevil

Bir az sakitləşmişəm

Bir az sakitləşmişəm.

Getdiyin yolları

Atıblar üstümə, elə bil,

Gözlərimin yaşımı səpiblər.

Bir az durulmuşam.

Nə bilim, bəlkə də yorulmuşam.

Pəncərəsi açıq qalan

Ev kimiyəm indi,

Səsin gəlir.

Küçə - küçə gəzirəm xatirələrini,

Böyründən keçirəm,

Məni görmürsən,

Öləsim gəlir.

Əllərim qoynumda.

Həsrətin yük kimidir boynumda,

Çəkim gərək...

Bir az sakitləşmişəm.

Ürəyim köhnə yaradı.

Neçə ildi yas yeriyəm , elə bil,

Bəlkə də gözlərim onnan qaradı.

İlahi

İlahi, adamların

Niyə belə dəyişib?

Özün yaratdığını

Tanıya bilirsənmi?...

Gözlərimdə bulud yükü,

İlahi, bu əynimdəki

Üzü bəzək dünyamızı

Çıxarmağa gəlirsənmi?

Yer üzü canından bezib,

Özünü qara daş kimi

Göyə atmaq istəyir.

Ağaclar torpağın əlidi, bəlkə,

Dua kimi açılıb,

Sənə çatmaq istəyir.

İlahi, bir bulud baxir üzümə,

İlahi, bir yol yeriyir üstümə.

Külək dolur pəncərədən içəri,

Yağış yağır, yağış yağır.

Ölür bütün arzularım, xəyallarım

Təkcə əllərim diri.

İlahi, sənə baxır,

İlahi, məni çağır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG