Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:46

-

Tfu! Valideyn nə qədər eqoist olmalıdır ki, özünə belə övlad arzulasın?!..

Günel Mövlud

ATA OCAĞINDAN UZAQLAŞANLAR

K.Paustovskinin“Teleqram” hekayəsini bü günlərdə oxudum. Etiraf edim ki, həddən artıq gecdir.

Əslində, illər əvvəl oxumalı idim, amma nə etmək olar ki, həyat çox vaxt elə gətirib ki, kitabları seçərək oxumaq imkanım olmayıb, çox vaxt əlimə nə düşübsə, onu oxumuşam.

“Teleqram” dünyaca məşhur mügənni Marlen Ditrixi müəlliflə görüşəndə, onun qarşısında diz çökdürən hekayədir. Məşhur müğənni yazıçının qarşısında diz çökərək, deyib ki, “Teleqram” hekayəsinə görə mən sizə ancaq bu cür təşəkkür edə bilərəm.

“Teleqram” böyük şəhərə oxumağa getmiş, işləməyə başlamış qız və onun xəstə yatağında intizarla qızının gəlişiini gözləyən, gözləyə-gözləyə ölən qoca anası barədədir. Belə hadisələr çox olur. Elə bizim dostlarımızın, tanışlarımızın arasında belə adamlar olduqca çoxdur.

Şəhərdə uğur qazanan, başı işinə, həyatına, dostlarına qarışır. Kənddə qoyub gəldikləri valideynlərini, doğmalarını, dostlarını isə tez unudur, onlara baş çəkməyə həvəsləri olmur. Urbanistik həyat, paytaxt qaçhaqovu, şəhər ritmi onlara hakim kəsilir. Uzaq, sakit yerdə öz sadə həyatlarını yaşayıb, onların yolunu gözləyən insanlara isə maraq azalır.

Gəlin etiraf edək ki, elə bizim çoxumuz da aşağı-yuxarı beləyik, əyalətdə yolumuzu gözləyən, bizdən ötrü darıxan ata-analarımızın hər fürsətdə yanına qaçmaq üçün elə də ürəyimiz getmir. Ona görə yox ki, biz pis, laqeyd adamlarıq, sadəcə ona görə ki, yaşlının öz həyatı, öz ritmi, cavanın öz həyatı, öz ritmi var. Həmçinin, əyalətin öz ritmi, öz həyatı var, şəhərin öz həyatı, öz ritmi...

Nə bilmək olar, bəlkə də, “Teleqram” hekayəsində Marlen Ditrixin də həyatına aid olan nəsə vardı, bəlkə də o hekayədə alman mügənni özünü görmüşdü hardasa...

Novruz bayramı, çox vaxt elə Yeni İl ərəfəsində gənclərin çoxunun bayram keçirmək üçün öz evlərinə, valideynlırinin yanına getdiyinin şahidi oluruq. Açığı, düşünürəm ki, gənclər çox vaxt buna məcbur olurlar. Valideynlərin inciməyini görməmək, danlağını, şiddətli qınağını eşitməmək üçün, məcburən bir neçə günlük ailə ocaqlarına qayıdırlar. Candərdi bayramı sovub, öz gündəlik həyatlarına qayıdırlar.

Indi kimsə durub desə ki, yox, belə deyil, desə ki, mən bayramları həvəslə validenlərimin yanına qaçıram, desə ki, mən belə günləri dostlarımla, çevrəmlə, sevgilimlə qarşılamaq, qeyd etmək, şənlənmək, şitlik etmək, içmək, zarafatlaşmaq istəmirəm, desə ki, yeni ili, baharı özümdən ən azı iyirmi-iyirmi beş yaş böyük insanlarla qarşılamaq, onların yanında hisslərimin ən azı 20-30 faizini boğmaq, ağır oturub batman gəlmək istəyirəm, o adama inanmaram. Səmimi qəbul edə bilmərəm. Ya da daha pis, səmimi qəbul eləsəm də, o gənc barədə olduqca pis fikrə düşərəm.

Çünki belə bir şey normalda mümkün deyil. Gəncin özünü öz yaşıdlarının, yanlarında rahat olduğu, ağzına gələni danışa bildiyi, sərbəst davrana bildiyi yaşıdları ilə deyil, özündən 20-25 yaş böyük, gəncdən maksimum agırlıq, təmkin, qaraqabaqlıq tələb edən valideynin yanında komfortlu hiss etməyi, əlamətdar günləri qarşılamaq istəyi normal deyil.

Kimsə durub desə ki, mənim valideynim super müasirdir, onunla içirəm, siqaret çəkirəm, qızlardan (oğlanlardan) danışıram, bu, artıq düşüklük olar. Gəlin, saxtakarlıq eləməyək.

Belə şeylər yazanda mənə ən çox verilən suallardan biri də bu olur: sənin öz uşağın bunu eləsə, xoşuna gələr? Bəli, xoşuma gələr. Mənə anasının tumanının ətəyindən yapışıb, evdə, ata ocağında qalan uşaq lazım deyil. Istər qız olsun, istər oğlan. Dost-tanışı, yaşıdları ilə deyil, valideyni olsa belə, özündən otuz yaş böyük adamla ünsiyyəti üstün tutacaq qədər vaxtından əvvəl qocalmış övlad lazım deyil.

Qoy övladım uğurlu adam olsun, işi-gücü olsun, başı bərk qarışıq olsun, işdən, səfərlərdən, ünsiyyətdən baş açmasın və mənə ayırmağa doğrudan da vaxtı olmasın. Lap illərlə görüşməyək. Amma bilim ki, ciddi işlərlə məşğuldu, uğursuz, avara, bivec adam deyil.

Adını istər şöhrətpərəstlik qoyun, istər soyuqluq qoyun, istər də başqa şey qoyun. Amma mən əksini istəmirəm. Niyə də istəməliyəm.

Ümumiyyətlə, nə istəməliyəm? 25-30 yaşına çatdığı halda, hələ də mənim evimdə yaşayan, məndən cibxərcliyi alan, uğursuzluğundan evə qapanan, vaxtının çoxunu dizimin dibində keçirən, dostları ilə əylənməyə artıq beş manat tapmayan, sevdiyi qızı restorana dəvət edə bilməyən, məni elçi göndərən, işi-gücü olmadığından yaşlı anası ilə çənə vuran övlad?

Tfu! Valideyn nə qədər eqoist olmalıdır ki, özünə belə övlad arzulasın?!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG