Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:23

Azərbaycana oxşayan və oxşamayan Sinqapur…


Sinqapur
Sinqapur

-

Lee Kuan Yew adı sizə nə deyir?

O, ağcaqanadların qaynaşdığı, geridəqalmış Asiya ölkəsini dünyanın ən inkişaf etmiş məmləkətlərindən birinə çevirib. “Sinqapur möcüzəsi”nin müəllifi olan Lee Kuan Yew 20-ci əsrin ən görkəmli dövlət adamlarından biri kimi qəbul edilir.

Martın 23-də o dünyasını dəyişib.

ABŞ prezidenti Barack Obama bir neçə il qabaq Lee-ni qəbul edəndə onu ümumilikdə Asiyada iqtisadi sıçrayışa təkan vermiş şəxs adlandırmışdı.

“Dövlət xadiminə qiymət vermək üçün onun ölkəsinin indiki durumu ilə bir zamanlar olduğu durumu müqayisə etmək lazımdır” – ABŞ-ın keçmiş dövlət katibi Henry Kissinger Lee haqda məqaləsində yazırdı – “İndi dünyada ondan müdrik strateji düşüncə sahibi yoxdur”.

Lee 1959-cu ildə baş nazirliyə gələndə ilk işi ölkəyə necə sərmayə cəlb etmək, necə yeni iş yerləri açmaq haqda düşünmək olmuşdu.

Lee Kuan Yew
Lee Kuan Yew

Məhz onun rəhbərliyində ölkə elekronika malları istehsalını prioritet kimi götürmüş və bu işdə Honq-Konqla rəqabətə girmişdi.

Bu gün Sinqapur ümumi daxili məhsulunun həcminə görə dünyada40-cıdır və Norveç, Çexiya, Avstriya kimi Avropa ölkələrini qabaqlayır.

Amma Lee-nin Sinqapura rəhbərlik etdiyi dövrlər insan haqlarının vəziyyəti baxımından heç də ürəkaçan olmayıb.

Elə bu günün özündə də “Sərhədsiz Reportyorlar”ın mərbuat azadlığı sıralamasında Sinqapur 185 ölkə arasında 150-cidir. Yəni mətbuatın ciddi nəzarət altında olduğu ölkələrdəndir. Demək olar ki, sıralamada Azərbaycanın (160) qonşuluğundadır.

Sinqapurda Daxili işlər nazirliyinin daxili təhlükəsizlik departamenti var. Ona az qala qeyri-məhdud səlahiyyətlər verilib. O cümlədən insanları məhkəməsiz həbsdə saxlamaq.

ABŞ - Amerika prezidenti Reagan (soldan ikinci) və Sinqapurun baş naziri Lee Kuan Yew (solda), 1985
ABŞ - Amerika prezidenti Reagan (soldan ikinci) və Sinqapurun baş naziri Lee Kuan Yew (solda), 1985

Məsələn, müxalifət lideri Chia Thye Poh kommunistlərlə əməkdaşlıqda suçlanaraq 23 il həbsdə saxlanıb. Daha 9 il də ev dustaqlığında.

Lee 1990-cı ildə hakimiyyətdən getsə də, siyasi arenada öz nüfuzunu qoruyub saxlamışdı. Çünki oğlu baş nazir postuna yiyələnmişdi.

Bəs necə oldu ki, insan haqlarını bu qədər pozan bir hökumətə rəhbərlik etmiş Lee iqtisadi sahədə uğura nail oldu.

Bunun çox adi bir səbəbi vardı. O, baş nazir vəzifəsinə gələndən sonra sərt qanunlar qəbul edildi. Necəliyindən asılı olmayaraq hamı həmin qanunlara əməl etməli idi. Bütün sahələrə ciddi nəzarət vardı. Ta saqqız satışına qədər. Bu mənada ölkədə qanunun aliliyi təmin edilmişdi. Əgər Avropa ölkələri iqtisadi sıçrayışa biznesə azadlıq vermək yolu ilə nail olmuşdularsa, Lee iqtisadi inkişafın özülü kimi dövlətin bu sahədə sərt tənzimləməsini görürdü.

Rüşvətxorluq və korrupsiya ilə mübarizə aparılırdı. Biznes qurmaq istəyənə şərait yaradılırdı.

Nəticə isə özünü tezliklə göstərdi. Artıq 1980-ci illərdə, yəni Lee-nin hakimiyyətə gəlməsindən 20 il keçəndən sonra Sinqapurun siması tamamilə dəyişmişdi.

Bu gün ölkədə güclü iqtisadiyyatla yanaşı yetərincə güclü müxalifət də var.

2011-ci ildə Lee-nin nəzarətində olan Xalq Fəaliyyəti Partiyası seçkidə parlament mandatlarının 6-sını müxalifətə uduzmuşdu.

Bundan sonra Lee - “partiyanın qurucu atası” və başqa bir keçmiş baş nazir Goh Chok Tong partiyadakı postlarından istefa verməli olmuşdular.

Onların hər ikisi parlamentə göndərdikləri məktubda bunu“yeni nəsillə daha sıx ünsiyyət qura bilən gənc nazirlərə yola açmaq istəmələri” ilə izah etmişdilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG