Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:26

-

«BAYRAM OLAR 3, UZAĞI 4 GÜN»

«9 gün də bayram olar? Bayram olar 3 gün, uzağı 4 gün. Daha 9 gün yox da...». Bayram tətilinin uzunluğundan şikayətlənən Babək Həsənovdur. Deyir ki, iş günü olanda o da balaca yük maşını ilə mal daşıyıb, ailəsini dolandırır. Elə ki, bayram günləri gəlir, onun da işi dayanır.

Xalidə Bayramova deyir ki, əvvəllər bayram tətilində ailəsini də götürüb Azərbaycan rayonlarından birinə istirahətə gedərmiş. Bu dəfə risk etməyib:

«Hamı deyir ki, bayramdan sonra qiymət qalxa bilər, ona görə pulu xərcləmək istəmədim. Fikirləşirəm bəlkə bu pula daha sərfəli bir şey alım. Düzü, bu il bayram ovqatında deyiləm. Heç bilmirəm bu bir həftəni evdə necə oturacağam?».

EVDƏ OTURMAQ SƏRF ETMİR

Dinara saç ustasıdır. Deyir ki, bayram günlərində evdə oturmaq sərf etmir: «9 gün qurtardı. Bəs sonra uşağa nə yedirdəcəm? Yoldaşım rəngsazdır. Bu vaxt işi olmur, evi mən dolandırıram. Ona görə uşaqları atalarının yanında qoyub işə çıxmışam. Axı bağça da işləmir, ataları nə qədər dözəcək, bilmirəm...».

Samir Əliyev

Samir Əliyev

Salonda seyrəklikdir. Dinara da çiyinlərini çəkir: «Qabaq bayramda salona çox adam gəlırdi. Bu il nəsə müştəri azdır...».

20 BAYRAM GÜNÜ

Azərbaycanda Novruz tətili 9 gün davam edəcək. İqtisadçi Samir Əliyevin dediyinə görə, hər bayram günü Azərbaycana 57 milyon manat ziyan vurur. Bu da üst-üstə yarım milyarddan da çox edir.

«Təxmini hesablayanda Azərbaycanda bir günə ÜDM-in formalaşması 57 milyon manat təşkil edir. Bizdə qeyri-iş günlərinin sayı lazım olandan da çoxdur. Bunun azaldılmasına ehtiyac var. Almaniyada qeyri-iş günlərinin sayı ildə 5 gündür, İtaliyada 12, ABŞ-da, Rusiyada 11 gündür. Azərbaycanda isə təkcə Novruzda qeyri-iş günlərinin sayı 9 gündür. Yenə deyirəm, bu, azaldılmalıdır. Azərbaycanda şənbə-bazarı hesablayanda, qeyri-iş günlərinin sayı ildə 100 gündən çoxdur. Bayram günlərinin sayı isə 20 gündən çoxdur».

Samir Əliyev deyir ki, bu, ölkə iqtisadiyyatının neftdən asılı olmasının fəsadıdır: «Ölkəyə neft gəliri gəlməsəydi, Azərbaycan rəhbərliyi bayram günlərində ölkə iqtisadiyyatına nə qədər ziyan vurduğunun fərqində olardı».

İqtisadçinin qənaətincə, neftin ucuzlaşdığı dövrdə bu məsələyə yenidən baxılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG